Ermənistanın xarici siyasətində yaranan yeni vəziyyət ölkəni getdikcə daha mürəkkəb geosiyasi seçimlərlə üz-üzə qoyur. Bir tərəfdən İrəvan Avropa İttifaqı və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışır, digər tərəfdən isə iqtisadi, enerji və təhlükəsizlik baxımından hələ də Rusiyadan asılı olaraq qalır. Paralel şəkildə İran da Ermənistanı özünün Cənubi Qafqazdakı əsas strateji tərəfdaşlarından biri kimi saxlamaq niyyətini açıq nümayiş etdirir. Son günlər Moskva ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində mesajlar verilsə də, Rusiya Ermənistana həm siyasi, həm də iqtisadi təsir imkanlarını qoruyur. Ermənistanın əsas enerji təchizatçısı və ən böyük ticarət tərəfdaşı məhz Rusiyadır. Eyni zamanda Tehran da Ermənistanla strateji əməkdaşlığı genişləndirir. İran rəhbərliyi nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini prioritet hesab edir və Ermənistan üzərindən regional balansı qorumağa çalışır. İranın Ermənistandakı səfiri Xəlil Şirqolami mətbuat konfransında bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq sənədinin imzalanması qəti siyasi iradəsinə əsaslanır və bu məsələ müxtəlif səviyyələrdə müzakirə olunub: “Ermənistan-İran strateji tərəfdaşlıq sənədinin imzalanması və münasibətlərimizin institusionallaşdırılması istiqamətində istəyimiz və iradəmiz olduqca ciddidir. Bu barədə müxtəlif səviyyələrdə müzakirələr aparılıb və birmənalı bəyanatlar səsləndirilib”. Şirqolami bildirib ki, hazırda sənədin mətni üzərində iş aparılır və layihə araşdırılma mərhələsindədir. Beləliklə, Ermənistan paradoksal vəziyyətə düşür: Qərbə inteqrasiya kursunu davam etdirmək istəyir, lakin Rusiya və İranın maraqlarını nəzərə almadan bunu həyata keçirmək imkanları məhduddur. Nəticədə İrəvan iki regional gücün siyasi təzyiqi və maraqları arasında sıxışaraq geosiyasi baxımdan “sendviç” vəziyyətinə düşür. Bu isə ölkənin manevr imkanlarını daraldır və gələcək qərarlarını daha da çətinləşdirir. Perspektivlər nə vəd edir? İrəvanın bir ayağı da Aİ-dədir. Belə olduqda Rusiya və İran arasında qalan Ermənistanı nələr gözləyir? Sülhü və Zəngəzur dəhlizini əngəlləyə bilərlərmi?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a açıqlamasında öncə xatırlatdı ki, Cənubi Qafqazda siyasi proseslər hər zaman mürəkkəb və həssas geosiyasi balans üzərində qurulub: “Region tarixən böyük güclərin maraqlarının toqquşduğu bölgə kimi formalaşıb. Ermənistan bu mühitdə öz xarici siyasət kursunu balansda saxlamağa çalışır. Son illərdə rəsmi İrəvan Avropa İttifaqı, dolayısı ilə Qərblə münasibətlərini nəzərəçarpacaq dərəcədə genişləndirib. Bununla yanaşı, Ermənistan hələ də iqtisadi, enerji və müəyyən mənada təhlükəsizlik baxımından Rusiyadan tam asılılığını aradan qaldıra bilməyib. Digər tərəfdən isə İran Ermənistanı Cənubi Qafqazda əsas strateji tərəfdaşlarından biri hesab edir. Yəni Ermənistan hazırda üç fərqli güc mərkəzi arasında balanslı siyasət yürütməyə çalışır”. Komitə sədri qeyd etdi ki, sözügedən aktorların hər biri Ermənistanı öz geosiyasi orbitində saxlamağa cəhd edir: “Bunu nəhənglərin səssiz rəqabəti kimi də dəyərləndirmək olar. Moskva üçün Ermənistan Cənubi Qafqazda önəmli təsir rıçaqlarından biridir. Buna görə də Rusiyanın Ermənistan üzərində siyasi və iqtisadi təsirini qorumağa çalışması təəccüblü deyil. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması isə təbii olaraq Kremlin narahatlığını artırır. Məhz buna görə də Rusiya müxtəlif mexanizmlərlə öz təsir imkanlarını saxlamağa çalışır, son vaxtlar da mütəmadi olaraq NATO - Rusiya sərhədinin Türkiyə - Ermənistan sərhəddi olduğunu qabardır və Ukraynanı misal gətirir”. Rəsmi Tehrana gəldikdə A.Nağıyev qeyd etdi ki, İran Ermənistanla sərhədini və bu ölkə ilə əməkdaşlığı regional təhlükəsizlik strategiyasının mühüm elementi hesab edir: “Xüsusilə nəqliyyat marşrutları və regional balans məsələlərində İran Ermənistanın rolunun zəifləməsini öz maraqlarına təhdid hesab edir. Bu səbəbdən Tehran İrəvanla enerji, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirməyə çalışır”.
Milli Məclisin üzvü təsdiqləyir ki, bütün bunların sülh prosesinə müəyyən qədər təsiri var: “Lakin sülh danışıqlarının sonrakı gedişatı daha çox Azərbaycan-Ermənistan münasibətləri ilə izah edilə bilər. Burada əsas məsələ Azərbaycan və Ermənistan arasında hələ də razılaşdırılmamış bir çox aspektlərin mövcudluğudur. Xüsusilə Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin açılması ilə bağlı fərqli baxış bucağının olduğunu vurğulaya bilərik. Azərbaycan maneəsiz nəqliyyat bağlantısının yaradılmasını regional əməkdaşlıq və iqtisadi inteqrasiya baxımından vacib hesab edir. Ermənistan isə bunu daha çox öz qanunvericiliyi çərçivəsində həll etməyə çalışır. Beləliklə, Ermənistan Qərblə münasibətlərini inkişaf etdirməyə çalışarkən Rusiya və İranla əlaqələrini də tarazlıqda saxlamaq məcburiyyətindədir. Əks halda, geosiyasi rəqabətin daha da kəskinləşdiyi bir şəraitdə həm siyasi, həm də iqtisadi təzyiqlərlə üzləşə bilər”.
Elşad Paşasoy