Ukrayna paytaxtı Kiyev şəhəri Rusiya ordusunun yüksək sürətli reaktiv pilotsuz uçuş aparatlarının (PUA) növbəti kütləvi hücumuna məruz qalıb. Ard-arda endirilən zərbələrdən sonra şəhərin üzərini nəhəng qara tüstü dumanı bürüyüb və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Kainat.tv xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçkonun yaydığı rəsmi məlumata görə, reaktiv dronların əsas zərbələri paytaxtın Desna (Desnyanski) rayonuna yönəlib. Hücum zamanı PUA-lar strateji əhəmiyyətli qazpaylayıcı stansiyanın yaxınlığına və yerli bazarın həndəvərində yerləşən üçmərtəbəli qeyri-yaşayış binasının üzərinə düşüb. Hadisə nəticəsində ərazidə güclü yanğınlar başlayıb və tikililər dağıntılara məruz qalıb. Son rəsmi rəqəmlərə əsasən, zərbələr zamanı azı 6 dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, onların hamısı dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilib.

Bununla yanaşı, Kiyevdə gecə saatlarında baş vermiş raket hücumunun fəsadlarının aradan qaldırılması və dağıntıların təmizlənməsi prosesi də fasiləsiz davam etdirilir. Fövqəladə Hallar Xidmətinin xilasediciləri binaların qalıqları altından daha bir həlak olmuş qadının cəsədini çıxarıblar. Hüquq-mühafizə orqanları və hərbi administrasiya zərbələrin dəqiq miqyasını araşdırır. //Musavat.com