Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə rəsmi açıqlamasında dövlət sərhədinin delimitasiyası prosesində müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Xarici siyasət idarəsinin rəhbəri bu mürəkkəb və strateji tapşırığın yerinə yetirilməsi məqsədilə hər iki ölkənin iştirakı ilə xüsusi dövlət komissiyasının yaradıldığını və bu komissiyanın işinin mütəmadi, nizamlı əsaslarla davam etdirildiyini xatırladıb. Nazir hazırda əldə olunmuş hüquqi bazaya diqqət çəkərək vurğulayıb: "Biz bu kontekstdə çox açıq bir müsbət dinamika görürük. Bu günə olan məlumata görə, delimitasiya üzrə komissiyaların birgə fəaliyyətini birbaşa tənzimləyən müvafiq normativ-hüquqi aktlar artıq hər iki tərəfdən tam qəbul edilib və rəsmən təsdiqlənib”.
Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya üzrə işlərin getdiyini xarici işlər naziri Ceyhun Bayramov aparılan işin ilkin müsbət nəticələrinə şahid olduğumuzu qeyd edərək, 13 km-ə yaxın dövlət sərhəd xəttinin delimitasiya edildiyini vurğulayıb.
Eyni zamanda Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək”. Nazir eksklavlar məsələsindən də bəhs edib: “Proses həyata keçiriləcək, eksklav kənd məsələləri öz həllini tapacaq”.
XİN rəhbəri Azərbaycanın sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırdığını da söyləyib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzalanıb: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”. (APA) C.Bayramov həmçinin, qeyd edib ki, Ermənistanda yeni Konstitusiya qəbul edilməsi istiqamətində addımların atıldığını parlament seçkilərindən sonra Baş nazir Paşinyan bir daha səsləndirib: “Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır”.
Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Azərbaycan XİN rəhbərinin son açıqlamaları Ermənistan mediasının da böyük marağına səbəb olub. Xatırladaq ki, Ermənistan rəhbərliyi konstitusiya ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini anons etsə də, Azərbaycanın irəli sürdüyü tələblərin icra olunacağı barədə konkret mövqe bildirilməyib. Üstəlik, Ermənistan parlamentində revanşistlərin yer alması və Paşinyana məxsus fraksiyanın təkbaşına qərarvermə imkanlarının olmaması Ermənistan rəhbərliyinə əlavə bəhanə yaradır.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl anklav və eksklavlar məsələsi ilə bağlı hazırda heç bir konsepsiyanın mövcud olmadığını demişdi. O qeyd etmişdi ki, məsələyə Ermənistanın suveren ərazilərinin qaytarılması prizmasından yanaşır. Eyni zamanda, Baş nazir sərhədlərin delimitasiyası və demarkasiyası prosesində müəyyən optimallaşdırmanın mümkünlüyünü istisna etməmiş, lakin bunun nədən ibarət olduğuna aydınlıq gətirməmişdi.
Azərbaycan XİN rəhbərinin nikbin açıqlaması fonunda Ermənistandan fərqli mövqe ziddiyyətlər yaradır. Prosesin sonrakı gedişatı barədə nə demək olar? Eksplavlar, delimitasiya və demarkasiya, həmçinin sülh sazişi ilə bağlı gözləntilər necədir?
Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında davam edən delimitasiya və sülh prosesinin hazırkı mərhələsi Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən ən kritik dövrdür:
“Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun bəyanatları Bakının regional proseslərə nə dərəcədə rasional, beynəlxalq hüquqa əsaslanan və strateji baxımdan hazırlıqlı yanaşdığını bir daha nümayiş etdirir. Azərbaycan diplomatiyası hər zaman olduğu kimi, bu prosesdə də prinsipiallıq, hüquqi dəqiqlik və milli maraqların maksimum qorunması strategiyasını uğurla icra edir. Nazir Ceyhun Bayramovun 13 km-ə yaxın sərhəd xəttinin artıq delimitasiya olunduğunu və normativ-hüquqi bazanın rəsmən təsdiqləndiyini bildirməsi Azərbaycanın növbəti strateji qələbəsidir. Bakı prosesi kənar qüvvələrin təzyiqi və ya diktəsi ilə deyil, birbaşa ikitərəfli sivil formatda idarə etməklə üçüncü tərəflərin regiona müdaxilə riskini minimuma endirib”. T.İsmayılov qeyd etdi ki, delimitasiyanın şimaldan cənuba doğru davam etdirilməsi də təsadüfi deyil: “Bu, Qazax istiqamətində əldə olunmuş uğurlu modelin - yəni anklav olmayan 4 kəndin birgə bəyanatla və bir güllə atılmadan qaytarılması təcrübəsinin - bütöv sərhəd boyu tətbiq edilməsi deməkdir. Azərbaycan prosesi mərhələli, ölçülüb-biçilmiş və konkret hüquqi sənədlərə əsaslanaraq aparır ki, bu da İrəvanın gələcəkdə hər hansı bir bəhanə ilə geri addım atmaq ssenarilərini tamamilə sıfırlayır”. Eksklavlar məsələsinə gəldikdə, siyasi ekspert bildirdi ki, Nikol Paşinyanın bu mövzuda konkret “konsepsiyasının olmadığını” etiraf etməsi onun daxili auditoriyanın və revanşist qüvvələrin təzyiqindən çəkindiyini, eləcə də taktiki qeyri-müəyyənlik yaratmaq istədiyini göstərir: “Lakin Azərbaycan bu məsələdə də beynəlxalq hüququn və tarixi faktların diktə etdiyi sarsılmaz mövqedən çıxış edir. Kərki və Qazaxın digər eksklav kəndləri (Yuxarı Əskipara, Barxudarlı, Sofulu-red.) SSRİ dövründə rəsmən təsdiq olunmuş xəritələrlə Azərbaycan ərazisidir və Bakının bu prinsipli yanaşması qarşısında İrəvanın hüquqi müqavimət göstərmək imkanı yoxdur. Azərbaycan diplomatiyası prosesi elə bir hüquqi çərçivəyə salıb ki, Ermənistan gec-tez bu torpaqların suveren hüquq sahibinə qaytarılması mexanizmini qəbul etmək məcburiyyətindədir. Sülh sazişinin imzalanması ilə bağlı məsələdə isə top tamamilə Ermənistanın meydanındadır. Azərbaycan öz üzərinə düşən bütün konstruktiv addımları atıb, saziş mətnini paraflayıb və regional sülh naminə ən ideal platformanı formalaşdırıb”.T.Ismayılov bildirdi ki, rəsmi Bakının irəli sürdüyü fundamental şərt - Ermənistan Konstitusiyasından və Müstəqillik Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbi - tamamilə legitim və qanunidir:
“Konstitusiyasında qonşu dövlətin ərazisinə iddia tərkibli bənd saxlayan bir ölkə ilə imzalanacaq hər hansı kağız parçası gələcəkdə revanşizmin rəsmiləşməsi riskini daşıyar. Azərbaycan dövləti və onun rəhbəri Prezident İlham Əliyev gələcək nəsillərə yarımçıq deyil, tam və qəti təhlükəsizlik zəmanəti olan bir sülh miras qoymaq strategiyasını yürüdür. Paşinyan hökumətinin konstitusiya referendumunu və siyasi islahatları uzatması müəyyən daxili maneələrdən xəbər versə də, Bakının qətiyyətli mövqeyi İrəvanı strateji seçim etməyə məcbur edir: ya daxili qorxulara təslim olub regionu qeyri-müəyyənlikdə saxlamaq, ya da Azərbaycanın təklif etdiyi ədalətli prinsipləri qəbul edərək Ermənistanı real blokadadan çıxarmaq. Prosesin sonrakı gedişatı göstərir ki, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq fonunda Ermənistanın Bakının şərtlərini yerinə yetirməkdən başqa rasional alternativi yoxdur”.
E.Paşasoy