ABŞ prezidenti Donald Tramp İranın bombalanmasının tezliklə dayandırılacağını bəyan edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İranın yüksəkrütbəli rəsmiləri ona zəng edərək sonuncu hücumun dayandırılmasını xahiş ediblər.
Bu barədə "Fox News" telekanalının jurnalisti Trey İnqst "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Jurnalist bildirib ki, o, Trampla məhz prezidentin "Situasiya Otağı"ndan ABŞ-nin İrana endirdiyi hərbi zərbələri idarə etdiyi anlarda danışıb.
"Prezident mənə bildirdi ki, bu axşam iranlı rəsmilərlə birbaşa əlaqə saxlayıb və onlar ondan bombalamaları dayandırmağı xahiş ediblər", - deyə paylaşımda qeyd olunub.
Nəşrin məlumatına görə, telefon danışığı baş tutan anadək ABŞ İrana 49 ədəd "Tomahawk" raketi buraxıb, həmçinin qırıcı təyyarələrlə ölkə ərazisini bombalayıb. Paytaxt Tehrana ən yaxın hədəf isə şəhərdən təxminən 40 mil (64 km) məsafədə yerləşib.
Söhbət zamanı Tramp bombalamaların tezliklə dayandırılacağını əlavə edib. Bununla belə, o vurğulayıb ki, əgər iranlılar saziş imzalamasalar, "biz onları yenidən bombalayacağıq".
ABŞ prezidenti "Fox News"un jurnalistinə onu da bildirib ki, bu, "dünya tarixində ən çox pozulan atəşkəsdir".
Eyni zamanda, CNN telekanalının Tehrandakı müxbirinə istinadən yaydığı məlumata görə, ABŞ artıq zərbələrin ikinci dalğasına başlayıb.
Xatırladaq ki, iyunun 10-na keçən gecə ABŞ İrana zərbələr endirib. Buna səbəb həmin gün bazar ertəsi iranlıların Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus "AH-64" tipli helikopteri vurması olub. İran cavab olaraq əks-hücum həyata keçirsə də, az sonra tərəflər atəşi dayandırıblar.
Lakin iyunun 10-u günorta saatlarında Tramp bəyan edib ki, İran danışıqlar prosesini uzadır, buna görə də rəsmi Tehran bunun bədəlini "ödəyəcək". Az sonra media ilə ünsiyyətdə olan prezident ABŞ-nin daha bir zərbə endirəcəyini vurğulayıb.
Nəticədə hadisələr bu ssenari üzrə inkişaf edib. İyunun 11-nə keçən gecə ABŞ İranı yenidən bombalamağa başlayıb, bundan sonra Tehran Hörmüz boğazının tamamilə bağlandığını elan edib. Hərçənd, ABŞ Mərkəzi Komandanlığı ticarət gəmilərinin boğaz vasitəsilə hərəkətini hələ də davam etdirdiyini bildirir.