Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi artıq yalnız savaş meydanında deyil, qlobal siyasi məkanda da yeni kəskin qarşıdurmalar yaradır. Belə ki, müharibənin uzanmasına paralel olaraq, Ukraynanın Qərbdəki əsas tərəfdaşları arasında fikir ayrılıqları da tədricən dərinləşməyə başlayıb. Xüsusilə də, son vaxtlar Avropa Komissiyası və Polşa siyasi dairələrindən səslənən açıqlamalar onu göstərir ki, rəsmi Kiyevin Avropa Birliyinə inteqrasiyası əvvəlki illərlə müqayisədə daha mürəkkəb mərhələyə daxil olub. Çünki bu proses yalnız maliyyə və hərbi dəstək deyil, həm də qlobal iqtisadi rəqabət və Avropa məkanının gələcək təhlükəsizlik arxitekturasını əhatə edən daha genişmiqyaslı geopolitik mübarizənin tərkib hissəsinə çevrilməkdədir.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Avropa Komissiyası Ukraynaya ayrılmış hərbi məqsədli maliyyə vəsaitləri ilə bağlı daha ehtiyatlı mövqe tutmağa başlayıb. Belə ki, Avropa Komissiyasının təmsilçisi Balaş Uyvari bildirib ki, rəsmi Kiyev Ukraynaya ayrılmış hərbi məqsədli maliyyəni planlaşdırıldığı sürətlə mənimsəyə bilməyib. Ona görə də, Ukrayna üçün PUA-ların alınmasına yönəldilməsi nəzərdə tutulan 5,9 milyard avroluq maliyyə vəsaitinin tam şəkildə ayrılması ləngiyir. Hazırda rəsmi Kiyev hələlik bu istiqamətdə 3,9 milyard avro əldə edib. Bu açıqlama onu göstərir ki, Avropa Birliyi artıq yalnız rəsmi Kiyevlə siyasi həmrəylik nümayiş etdirməklə, kifayətlənmək istəmir. Eyni zamanda, həm də Ukraynaya ayrılan vəsaitlərin şəffaf və səmərəli istifadəsinə də daha ciddi şəkildə nəzarət etməyə çalışır.
Bütün bunlara paralel olaraq, Polşa-Ukrayna münasibətlərində uzun illərdir ki, mövcud olan tarixi yaddaş problemi yenidən ön plana çıxmağa başlayıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıq şəkildə bəyan edib ki, rəsmi Kiyev Stepan Bandera, OUN və UPA ilə bağlı dövlət siyasətini dəyişməzsə, onun ölkəsi Ukraynanın Avropa Birliyinə üzv qəbul olunmasını dəstəkləməyəcək. Polşalı nazirin fikrincə, bu quruma üzvlük niyyətində olan hər bir ölkə ümumi Avropa dəyərlərinə, o cümlədən də, tarixi yaddaş məsələlərində qonşuların həssaslıqlarına mütləq hörmət etməlidir.Digər tərəfdən, Polşanın yeni prezidenti Karol Navrotski də Ukrayna lideri Volodimir Zelenski ilə siyasi təmasları məhdudlaşdırmağı düşünür. Əgər, bu tendensiya davam edərsə, son vaxtlara qədər rəsmi Kiyevin Avropada ən yaxın strateji tərəfdaşlarından biri hesab olunan Polşa və Ukraynanın arasında siyasi etimadın zəifləmə ehtimalı daha da ön plana keçə bilər. Və iki ölkə arasında dərinləşən siyasi böhrana üstəlik, hərbi əməkdaşlıq sahəsində yaşanmaqda olan kəskin ziddiyyətlər də neqativ təsir göstərir.
Məsələ ondadır ki, rəsmi Varşavanın iddiasına görə, Polşa Ukraynaya MiQ-29 qırıcılarının verilməsi müqabilində Ukraynaya PUA sahəsində malik olduğu texnologiya və istehsal təcrübəsinin paylaşılmasını təklif edib. Ancaq Polşa tərəfi hesab edir ki, rəsmi Kiyev razılaşdırılmış öhdəlikləri tam yerinə yetirməyib. Ona görə də, MiQ-29 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı proses tamamilə dayandırılıb. Və bu, onu göstərir ki, qarşıduran tərəflər arasında yaranan etimad böhranı artıq siyasi müstəvidən kənara çıxaraq, hərbi-texniki əməkdaşlığa da neqativ təsir göstərməyə başlayıb.

Bütün bunlarla yanaşı, Polşa Ukraynanın yaxın gələcəkdə Avropa Birliyinə üzv olacağı təqdirdə, kənd təsərrüfatı, logistika, yükdaşımaları, əmək bazarı və Avropa fondlarından maliyyələşmə kimi strateji sahələr üzrə ciddi rəqabətlə üzləşəcəyini də nəzərə alır. Yəni, böyük kənd təsərrüfatı potensialına və geniş daxili bazara malik olan Ukraynanın Avropa iqtisadi məkanına tam şəkildə inteqrasiyası Polşa üçün həm yeni imkanlar, həm də ciddi iqtisadi-ticari risklər də yaradır. Ona görə də, rəsmi Varşavanın Ukraynaya qarşı son sərt açıqlamaları ölkədaxili siyasi auditoriyaya və milli iqtisadi maraqlara hesablanmış praqmatik siyasətin tərkib hissəsi kimi görünür.
Eyni zamanda, Polşa cəmiyyətində Volın faciəsi ilə bağlı siyasi-ideoloji həssaslıq uzun illərdir ki, davam edir. Bu səbəbdən də, tarixi yaddaşa bağlı neqativ hadisələri ifadə edən belə mövzular Polşanın ölkədaxili siyasət məkanında önəmli yer tutur. Ona görə də, müxtəlif dövrlərdə Ukraynanın qərb bölgələrinin tarixi ilə bağlı müzakirələr və prezident Volodimir Zelenskidən Polşa dövlət ordeninin geri alınmasına dair bəzi siyasi çağırışlar da iki dövlət arasındakı münasibətlərdə yaranmış böhranın əsas təzahürləri hesab olunur.
Maraqlıdır ki, Rusiyanın Polşa-Ukrayna ziddiyyətlərindən və Avropa məkanında yaranmış böhranlı vəziyyətdən maksimum səviyyədə faydalanmağa çalışdığı da müşahidə edilir. Kreml uzun müddətdir ki, Avropa Birliyində qərarların konsensus əsasında qəbul olunmasını Ukraynanın bu quruma inteqrasiyasını ləngidə biləcək əsas mexanizmlərdən biri hesab edir. Çünki Avropa Birliyinə yeni üzvlərin qəbul edilməsi üçün bütün təmsilçi dövlətlərin ortaq razılığı tələb olunur. Və bu isə Ukrayna ilə bağlı narazılığı olan istənilən üzv ölkəyə inteqrasiya prosesinə neqativ təsir göstərmək imkanları verir.
Məsələ ondadır ki, Rusiya bütün bunlara paralel olaraq, Avropa daxilində Ukrayna məsələsində ümumi strateji həmrəyliyi zəiflətməyə, bu quruma üzv dövlətlər arasında fikir ayrılıqlarını daha da dərinləşdirməyə və rəsmi Kiyevin Qərb siyasi-iqtisadi məkanına inteqrasiyasını mümkün qədər gecikdirməyə çalışır. Bu baxımdan, çoxvektorlu iqtisadi maraqlar, enerji asılılığı və daxili siyasi mübahisələr Rusiyanın bu strategiyasında istifadə oluna biləcək əsas alətlər hesab edilir. Və Şərqi Avropanın digər ölkələrində də Ukraynaya qarşı bənzər tendensiyaların müəyyən dövrlərdə müşahidə edilmiş olması Rusiyanın səhnəarxası geopolitik oyunları üçün əlavə imkanlar da açır.
Məsələn, keçmiş baş nazir Viktor Orbanın idarəçiliyi dövründə Macarıstan veto hüququndan istifadə edərək, uzun müddət Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını və Ukraynaya ayrılan bəzi maliyyə paketlərini bloklamağa nail olmuşdu. Ancaq siyasi hakimiyyət dəyişikliyindən sonra Macarıstanın rəsmi Kiyevə yönəlik mövqeyində müəyyən yumşalma müşahidə olunsa da, Avropa Birliyinin Ukrayna siyasətində vahid mövqenin formalaşdırılması hələ də asan görünmür, hətta ciddi problemlərlə müşayiət olunur.Digər tərəfdən, Avropa Birliyi üçün də Ukrayna məsələsi artıq yalnız təhlükəsizlik problemi deyil. Ona görə də, hazırda Ukraynanın Avropa Birliyinə üzvlük prosesi daha mürəkkəb və uzunmüddətli xarakter daşıyır. Bununla belə, Avropa daxilində yaranan bu fikir ayrılıqlarını Ukraynaya hərbi-siyasi dəstəyin tamamilə zəifləməsi kimi qiymətləndirmək də doğru olmazdı. Çünki Avropa Birliyi və NATO üzvlərinin böyük əksəriyyəti Ukraynanın həm suverenliyini, həm də ərazi bütövlüyünü dəstəkləməkdə davam edirlər. Halbuki, Avropa məkanında siyasi ziddiyyətlərin dərinləşməsi Ukraynanın bu quruma üzvlük prosesini ləngidə, əlavə siyasi kompromislərə ehtiyac yarada və Rusiya üçün informasiya müharibəsində istifadə edə biləcəyi yeni imkanlar aça bilər.
Göründüyü kimi, Ukrayna hazırda eyni vaxtda, paralel iki mürəkkəb istiqamət üzrə mübarizə aparır. Belə ki, bir tərəfdən, rəsmi Kiyev Rusiya ilə müharibədə hərbi üstünlüyü qorumağa çalışır. Digər tərəfdənsə, Avropa ölkələri ilə qarşılıqlı siyasi etimadı qorumaq, siyasi fikir ayrılıqlarını diplomatik yollarla minimuma endirmək və Qərb dairələrinin islahat tələblərini də icra etmək məcburiyyətindədir. Məhz bu iki istiqamət üzrə əldə ediləcək pozitiv nəticələr Ukraynanın Avroatlantik məkana gələcək inteqrasiyasının sürətini və uğurunu müəyyənləşdirəcək əsas faktorlar hesab olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert