Belə ki, Netanyahu Trampa Türkiyənin hava qüvvələrini ABŞ silah sistemləri, xüsusən də F-35 qırıcıları ilə modernləşdirə biləcəyini bildirib. Bundan bir həftə əvvəl isə ABŞ vitse-prezidenti J.D. Vens Pentaqonun Türkiyəyə F-35-ləri necə sata biləcəyini araşdırdığını bildirib. Hətta iddia edilirdi ki, NATO sammitində iştirak üçün Ankaraya səfəri çərçivəsində Tramp bu məsələyə “yaşıl işıq” yandıra bilər.
Politoloq Qabil Hüseynli Bakupost.az-a açıqlamasında bildirib ki, Tramp F-35-ləri Türkiyəyə satmayacaq: “Netanyahunun xarakterinə bələd olduğumdan, zənnimcə, Tramp yəhudi lobbisinin təsiri altında İsrail baş nazirinin bu istəyini yerinə yetirəcək. Türkiyə bundan əvvəl F-35-in hazırlanmasında yaxından iştirak edib. Hətta bu məqsədlə prosesə 10 milyard dollardan çox vəsait də yatırıb. Amma buna rəğmən, yenə də F-35-lər Türkiyəyə verilmədi. Əminəm ki, Donald Tramp Netanyahunun bu istəyini yerinə yetirərək, Türkiyəyə F-35-in satılmasına imkan verməyəcək. Tramp Türkiyə Prezidenti Ərdoğanla nə qədər yaxın olduğunu bəyan etsə də, yəhudi lobbisinin təsiri altında buna getməyə cəsarət etməyəcək. Netanyahu da məhz yəhudi lobbisinin dəstəyinə arxalanaraq, Tramp qarşısında belə bir tələblə çıxış edir”.
Bəs F-35-lər Türkiyənin hərbi parkı üçün nə dərəcədə mühüm önəm kəsb edir, onları əvəzləmək mümkün deyilmi?
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla telefon danışığında Türkiyəyə F-35 qırıcılarının satılmamasını istəməsi sıradan bir hərbi müqavilə məsələsi deyil, bu, Yaxın Şərqdə formalaşan yeni geosiyasi balans uğrunda mübarizənin tərkib hissəsidir. Onun sözlərinə görə, İsrail uzun illərdir bölgədə keyfiyyət üstünlüyünü qorumağa çalışır və Türkiyənin beşinci nəsil döyüş təyyarələrinə sahib olması Tel-Əvivdə ciddi narahatlıq yaradır.
“F-35 məsələsinə yalnız silah satışı prizmasından baxmaq düzgün olmaz. Burada söhbət regionun gələcək güc balansından gedir. Son illər Türkiyə Suriyada, İraqda, Şərqi Aralıq dənizində və Cənubi Qafqazda təsir imkanlarını xeyli artırıb. Müdafiə sənayesində əldə etdiyi uğurlar da Ankaranı regional güc mərkəzinə çevirib. İsrail isə bölgədə texnoloji və hərbi üstünlüyünün zəifləməsini istəmir. Netanyahunun Trampa müraciəti də məhz bu strateji narahatlıqdan irəli gəlir”, – deyə Kamran Məmmədli bildirib.
Siyasi şərhçinin fikrincə, F-35 dünyanın ən müasir döyüş platformalarından biri olsa da, Türkiyə artıq əvvəlki kimi yalnız xarici silah tədarükünə bağlı ölkə deyil.
“Şübhəsiz ki, F-35-lər Türkiyə Hərbi Hava Qüvvələrinin imkanlarını ciddi şəkildə artırardı. Bu təyyarələrin radar görünməzliyi, informasiya mübadiləsi və elektron müharibə imkanları onları bu gün analoqu az olan platformaya çevirir. Lakin 2019-cu ildən sonra Ankara müdafiə sənayesində fərqli strategiya seçib. KAAN milli qırıcısı, “Kızılelma”, “Anka-3”, “Hürjet” və digər layihələr göstərir ki, Türkiyə artıq alternativlərini formalaşdırmağa başlayıb. Bu layihələr qısa müddətdə F-35-i tam əvəz etməsə də, uzunmüddətli perspektivdə xarici asılılığı əhəmiyyətli dərəcədə azalda bilər”, – deyə o vurğulayıb.
Kamran Məmmədli hesab edir ki, ABŞ üçün də bu məsələ asan seçim deyil.
“Vaşinqton bir tərəfdən İsrailin təhlükəsizlik maraqlarını nəzərə alır, digər tərəfdən isə NATO-nun ikinci ən böyük ordusuna malik olan Türkiyəni özündən uzaqlaşdırmaq istəmir. Qara dəniz, Yaxın Şərq və NATO-nun cənub cinahının təhlükəsizliyində Türkiyənin rolu ABŞ üçün əvəzolunmazdır. Buna görə də yekun qərar yalnız Netanyahunun istəyi ilə müəyyənləşməyəcək. Burada ABŞ-ın qlobal maraqları da əsas rol oynayacaq”, – deyə o bildirib.
Siyasi şərhçinin qənaətincə, əgər Türkiyə yenidən F-35 proqramından kənarda saxlanılarsa, bu, qısamüddətli hərbi itki olsa da, uzunmüddətli perspektivdə Ankaranın milli müdafiə sənayesini daha da sürətlə inkişaf etdirməsinə təkan verəcək.
“Son illərin təcrübəsi göstərir ki, Türkiyə üzləşdiyi hər bir məhdudiyyəti yeni texnologiyaların yaradılması üçün stimul kimi qiymətləndirir. Buna görə də F-35 ətrafında yaranan böhran Ankaranı zəiflətməkdən daha çox, onu hərbi texnologiyalar sahəsində tam müstəqilliyə yaxınlaşdıra bilər”, – deyə Kamran Məmmədli bildirib.
E.Məmmədəliyev