ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankara sammitində Vaşinqton ilə Tehran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının tamamilə qüvvədən düşdüyünü elan etməsi qlobal enerji bazarlarında dərhal şok effekti yaradıb. Bu sensasiyalı bəyanat və ardınca ABŞ Silahlı Qüvvələrinin İrana qarşı yenidən kütləvi hava zərbələri endirməsi dünya birjalarında xam neftin qiymətinin kəskin şəkildə yüksəlməsinə rəvac verib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, beynəlxalq etalon hesab edilən "Brent" markalı neftin ən yaxın fyuçers müqavilələrinin dəyəri Mərkəzi Avropa vaxtı ilə saat 11:45 radələrində 6%-dən çox sıçrayış edərək bir barrel üçün 78,79 dollara çataraq son iki həftənin maksimumunu yeniləyib. Eyni vaxtda, ABŞ-ın etalon xam nefti (WTI) də analoji olaraq 6,3% bahalaşaraq hər barreli üçün 74,88 dollar səviyyəsində qərarlaşıb. Qeyd edək ki, iyun ayında Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 60 günlük atəşkəs və sərbəst ticarət memorandumunun imzalanmasından sonra hər iki neft markası müharibənin başladığı fevral ayından əvvəlki ucuzlaşma səviyyəsinə geri dönmüşdü və birjalar nisbətən sabitləşmişdi.
Lakin ABŞ Maliyyə Nazirliyinin İran neftinin satışına icazə verən xüsusi lisenziyanı rəsmən ləğv etməsi və Hörmüz boğazında ticarət gəmilərinə qarşı yenidən hücumların qeydə alınması investorlar arasında tədarük qorxusunu pik həddə çatdırıb. Gəmilərin hərəkətini izləyən qlobal monitorinq sistemlərinin məlumatına görə, təhlükəsizlik riskləri səbəbindən strateji Hörmüz boğazından keçməyə çalışan ən azı dörd böyük neft və qaz tankeri istiqamətini dəyişərək geri qayıtmaq məcburiyyətində qalıb.