Globalinfo.az xəbər verir ki, eyni saatlarda İranın ali lideri Müctəba Xameneiyə yaxın media qurumlarından biri diqqətçəkən paylaşım edib.
Fotoda Trampın İranla imzalanmış memorandumdakı imzasının ilana çevrildiyi əks olunub. Bununla da, ABŞ administrasiyasının verdiyi vədlərə əməl etmədiyi və razılaşmaya sadiq qalmadığı mesajı verilib.
Digər tərəfdən, döyüşlər daha da intensivləşib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə obyektlərini, raket və pilotsuz uçuş aparatları anbarlarını, eləcə də hərbi-logistika infrastrukturunu hədəfə aldığını açıqlayıb. Məlumata görə, son əməliyyatlar zamanı İran ərazisində təxminən 90 hərbi obyekt vurulub.
İran Səhiyyə Nazirliyi isə ABŞ-ın son iki gündə ölkənin beş şəhərinə endirdiyi zərbələr nəticəsində 14 nəfərin həlak olduğunu, 78 nəfərin isə yaralandığını bildirib.
Tehran da cavab olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarını raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Vaşinqtonun yeni əməliyyatlara başlaması halında bölgədəki Amerika bazalarına qarşı cavab zərbələrinin davam edəcəyi barədə xəbərdarlıq edib:
“İran yenidən hədəf alarsa, zərbələr daha ağır olacaq”.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, İran ticarət gəmilərini hədəf almağa davam edərsə, Vaşinqtonun cavab zərbələri daha sərt olacaq.
Tramp sosial media hesabında ABŞ-nin İrana endirdiyi zərbələrə aid olduğu bildirilən görüntünü paylaşaraq yazıb:
“Bu, İranın dünən gəmiləri bombalamasına cavabdır. Əgər bu yenidən təkrarlanarsa, cavab daha ağır olacaq”.