ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deyns Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Qonaq Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğulayıb.

Senator, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib. O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bundan əvvəl isə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycanın dövlət başçısına sülhün memarı olduğunu bildirmiş və təşəkkür etmişdi. ABŞ lideri Tramp da prezident Əliyevə məktubunda sülh müqaviləsi ilə bağlı yeni gözləntiləri olduğunu vurğulamışdı. Avropa və ABŞ-dən ölkəmizə artan səfərlərin sülh prosesini tətikləməsi baxımdan rolu varmı? Yekun saziş bu ilin sonu Vaşinqtonda imzalana bilərmi?


Deputat Bəhruz Məhərrəmov Musavat.com-a bildirdi ki, ABŞ və Avropa İttifaqından Bakıya reallaşan yüksək səviyyəli səfərlər, o cümlədən senator Stiv Deynsin görüşləri və gələn rəsmi məktublar Bakı-Vaşinqton-Brüssel xəttindəki dinamikanın sadəcə bəyanatlardan ibarət olmadığını, pərdəarxası çox ciddi diplomatik trafikin getdiyini göstərir:

"Bu çərçivədə Qərbdən ölkəmizə artan səfərlər sülh prosesini tətikləməkdə olduqca mühüm rola malikdir. Məlumdur ki, ötən ilin avqust ayında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilmiş mühüm sammitdən və tərəflərin sülh sazişinin mətnini paraflamasından sonra proses tamamilə yeni mərhələyə qədəm qoyub. Qərb platforması xüsusilə iki əsas istiqamətdə təşviq mexanizmini işlədir ki, bunlardan birincisi Vaşinqton sazişində əksini tapan, həm Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, həm də Ermənistana blokadadan çıxmaq şansı verən "TRIPP dəhlizi" adlandırılan iqtisadi layihədir.

İkincisi isə həm Vaşinqton, həm də Brüsselin sülh müqaviləsinin məhz Qərb masasında imzalanmasında maraqlı olması ilə bağlıdır, çünki bu, Rusiyanın regiondakı təsir rıçaqlarını zəiflətmək deməkdir. Bu fonda yekun sazişin bu ilin sonuna qədər Vaşinqtonda imzalana bilməsi ehtimalı gündəmə gəlir ki, sənədin mətni böyük ölçüdə hazır olsa və ilkin sülh dividendləri görünsə də, proses bəzi hüquqi və siyasi şərtlərdən asılıdır. Azərbaycanın isə prinsipial mövqeyi dəyişməz qalır və Bakı haqlı olaraq qətiyyətlidir ki, Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını rəsmən çıxarmalıdır. Ermənistanda konstitusiya referendumunun keçirilməsi və ölkədaxili siyasi təqvim bu hüquqi addım üçün müəyyən zaman tələb edir. Buna görə də yekun və rəsmi imzanın atılmasının hüquqi prosedurlara görə bir qədər gecikə biləcəyi gözləniləndir, lakin əvvəlki dövrlərdən fərqli olaraq Ermənistanın, yaxud bölgədə sülh arzulamayan hər hansı subyektin Azərbaycan əleyhinə vaxt qazanma strategiyasının heç bir perspektivi yoxdur".
Cavanşir Abbaslı