Kainat.tv xəbər verir ki, nazir, “Nədən qurtuluruq? Ondan əvvəl nəhəng Osmanlı İmperiyası var idi”, – deyə bildirib.
Tarixə baxdıqda isə nəinki “Kurtuluş Savaşı” zamanı, hətta ondan əvvəlki “Birinci Dünya müharibəsi”, “Trablusqərb müharibəsi”, Birinci və İkinci Balkan müharibələrində belə Y.Tekinin qeyd etdiyi kimi nəhəng Osmanlı İmperiyası yox idi. Reallıq ondan ibarətdir ki, Osmanlı son nəfəsini verir, dövlət içəridən parçalanırdı. Uzun müddət idi ki, “Avropanın xəstə adamı” adlandırılan Osmanlı artıq son günlərini yaşayırdı.
1920-ci il avqustun 10-da imzalanan Sevr müqaviləsi ilə müttəfiq dövlətlər Osmanlı İmperiyasına Birinci Dünya müharibəsində məğlub dövlət kimi çox ağır şərtlər diktə etdilər. Qısaca desək, müqaviləyə əsasən imperiya öz Yaxın Şərqdəki torpaqları üzərindəki hüquqlarını itirdi, hətta Anadoludakı ərazilərinin böyük hissəsinin işğalına razı oldu. İzmir və ətraf ərazilər Yunanıstana, Anadolunun şərq vilayətləri isə Ermənistana verildi. Bundan başqa, Trabzon və ətrafında Pontus Rum dövləti yaradılması cəhdləri oldu. Ən pisi isə Fransızlar Adana, Çukurova və Hatayı, ingilislər Anadolunun cənub-şərq hissəsini, italyanlar isə Antalya və ətraf bölgələri ələ keçirdilər. İmperiyanın paytaxtı İstanbul isə müttəfiqlər tərəfindən işğal edildi.

İşğal dövrü
Düzdür, Sevr müqaviləsi ilə Osmanlı süqut etmədi, lakin mövcudluğu formal xarakter daşıdı. Çünki müqavilə Osmanlı dövlətinin yalnız ərazi bütövlüyünü deyil, siyasi və hərbi müstəqilliyini də ciddi şəkildə məhdudlaşdırdı. Ordunun sayı kəskin azaldıldı, ağır silahların saxlanılması qadağan edildi, donanma demək olar ki, ləğv olundu və boğazlar beynəlxalq komissiyanın nəzarətinə verildi. Bununla yanaşı, qalib dövlətlər Osmanlı iqtisadiyyatı və maliyyə sistemi üzərində geniş nəzarət səlahiyyətləri əldə etdilər ki, bu da dövlətin müstəqil qərarvermə imkanlarının faktiki olaraq əlindən alınması demək idi.
Yusuf Tekinin bəhs etdiyi “nəhəng Osmanlı İmperiyası”nın durumu məhz bu idi. Ən pisi isə bu vəziyyət qarşısında Sultan VI Mehmed Vahidəddinin heç nə edə bilməməsi idi. Əslində, heç onun nə isə etmək imkanı da yox idi. Çünki müttəfiq dövlətlər hər daim onu taxtı ilə hədələyirdi. Yaşlı, xəstə sultan isə xilası səltənin qorunum saxlanılmasında görür, alternativ xilas imkanlarını isə heç bir halda düşünə bilmirdi. Yəni dövlətin həm hakim ailəsi, həm də elit təbəqəsi təslimiyyəti qəbul etmişdi.
Y.Tekinin təklif etdiyi “Milli Mücadele” (Milli Mübarizə) termini bu mənada doğru deyil. Çünki bu terminə görə, söhbət yalnız ölkənin işğaldan azad edilməsindən deyil, həm də milli iradənin formalaşması, yeni dövlət quruculuğu və beynəlxalq legitimliyin təmin edilməsindən gedir. Lakin Osmanlı hökuməti bunların heç birini edə bilməzdi. Xalqın iradəsi heçə sayılaraq Sevr müqaviləsi imzalandı.
“Kurtuluş Savaşı” ifadəsi isə ona görə daha doğru və dəqiqdir ki, Osmanlı İmperiyasının son dövrünü və müttəfiq dövlətlərin işğalını düzgün təhlil edərək milləti vahid bir ideya amal uğrunda bir nəqtəyə cəmləyib işğaldan azad edilməni əsas kontekst kimi qəbul edir.
Sultan Vahidəddin İstanbulu tərk edirAtatürk-Vahidəddin münasibətləri
Onu da deyim ki, Mustafa Kamal VI Mehmed Vahidəddini çox yaxşı tanıyırdı. İkilinin ilk ciddi təmaslarından biri Birinci Dünya müharibəsinin son illərinə təsadüf edir. Mustafa Kamal 1917-ci ildə Vahidəddinin Almaniyaya səfəri zamanı onun hərbi müşavirlərindən biri kimi yanında olmuşdu. Bu səfər zamanı onlar bir-birlərini daha yaxından tanımaq imkanı əldə etmişdilər.
Vahidəddin taxta çıxdıqdan sonra (1918) Mustafa Kamalı istedadlı və bacarıqlı zabit kimi qiymətləndirirdi. Buna görə də Mustafa Kamalı 1919-cu ildə Samsuna geniş səlahiyyətlər ilə məhz o göndərmişdi. Lakin burda çox mühüm detal var. VI Mehmed Vahidəddin onu Y.Tekinin təklif etdiyi kimi “Milli Mücadele” başlatmaq üçün yox, əksinə, 9-cu Ordu Müfəttişi kimi Anadoluda sabitlik yaratsın deyə göndərmişdi.
Mustafa Kamal Atatürkün isə məqsədi əvvəldən bir idi. O, sultan VI Mehmed Vahidəddini ustalıqla inandıraraq geniş səlahiyyətlər alıb Samsuna gəlməyi hədəfləyirdi. Məhz bu yolla o, daha sonra dağınıq vəziyyətdə olan müqaviməti mərkəzləşdirməyi bacardı. Bir sözlə, “Kurtuluş Savaşı”nı başlatdı. VI Mehmed Vahidəddin Mustafa Kamalın niyyətini anlayanda artıq çox gec idi.
Son olaraq onu deyim ki, Sevr müqaviləsi Osmanlı hökuməti tərəfindən imzalansa da, Türkiyə Böyük Millət Məclisi tərəfindən tanınmadı. Buna görə də heç vaxt tam şəkildə qüvvəyə minmədi.
Tekinin etmək istədiyi hər nədirsə, çox yanlışdır. Cənab nazir bir şeyi unutmamalıdır ki, VI Mehmed Vahidəddin ömrünün sonunda çox ağır həyat şəraiti yaşasa da, Türkiyə Cümhuriyyətini və Mustafa Kamal Atatürkü tənqid etmədi. Hətta onun təhqir edilməsini ailəsinə qadağan etdi.
Türkiyə Osmanlının varisidir. Lakin iki cür varis var: sələfinin səhvlərini təkrarlayıb eyni aqibətə məruz qalan və ya onun səhvlərindən dərs çıxarıb uğur qazanan.