ABŞ-ın ev sahibliyi etdiyi Futbol üzrə Dünya Çempionatı (DÇ-2026) ətrafında yaranan viza məhdudiyyətləri və Ağ Ev rəhbəri Donald Trampın turnirin gedişatına birbaşa siyasi müdaxilə iddiaları Vaşinqtonla Tehran arasında növbəti böyük diplomatik qarşıdurmaya səbəb olub. İran tərəfi ABŞ-ın idman prinsiplərini ayaq altına ataraq öz çirkin xarici siyasət modelini futbola tətbiq etdiyini iddia edib.

Kainat.tv xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian özünün "X" sosial şəbəkəsindəki rəsmi hesabında bəyanat yayaraq, Amerika hökumətini Dünya Çempionatındakı fəaliyyətinə görə kəskin şəkildə pisləyib və onları "fırıldaqçılıqda" ittiham edib. Pezeşkian paylaşımında rəsmi Vaşinqtonun mənfi addımlarını xüsusilə vurğulayıb: "ABŞ hökumətinin Dünya Çempionatının ev sahibi kimi nümayiş etdirdiyi davranışlar onun hər kəsə yaxşı tanış olan ənənəvi xarici siyasət kursuna tamamilə uyğundur: qaydaların pozulması, rəqiblərə təzyiq göstərilməsi, süni maneələrin yaradılması və fırıldaqçılıq. Bu, onların sırf 'MAGA' (Make America Great Again) ruhundakı standart ssenarisidir".

İran lideri həmçinin ölkəsinin bu cür ədalətsiz yanaşmaları qəbul etmədiyini bildirib: "İran bu cür çirkin oyunları qəti şəkildə rədd edir. Biz öz qanuni hüquqlarımızın müdafiəsində sonadək qətiyyətlə dayanacağıq".

Qeyd edək ki, Tehranın bu kəskin reaksiyası turnir boyu İran millisinin texniki heyətinə ABŞ vizalarının verilməməsi, komandanın Meksika sərhədində (Tixuanada) qalmağa məcbur edilməsi və ABŞ Prezidenti Donald Trampın qırmızı vərəqə alan amerikalı futbolçu Folarin Baloqonun cəzasının ləğv edilməsi üçün FİFA prezidenti Canni İnfantino ilə şəxsən danışdığını etiraf etməsindən sonra baş verib. //Musavat.com