Azərbaycanda hərbi xidmətə çağırış yaşı ilə bağlı mövcud qaydalar yenidən müzakirə mövzusuna çevrilib. Bir müddət əvvəl qanunvericiliyə edilən dəyişikliklə müddətli həqiqi hərbi xidmətə çağırış üçün yuxarı yaş həddi 35-dən 30-a endirilsə də, hazırda bu həddin daha da azaldılaraq 25 yaş müəyyən edilməsi ehtimalı maraq doğurur. Belə bir dəyişiklik gündəmə gələ bilərmi və bunun hüquqi, sosial, eləcə də hərbi baxımdan hansı nəticələri ola bilər?

Bu barədə hərbi ekspert Ədalət Verdiyev Kainat.tv-yə açıqlamasında deyib ki, hazırda qüvvədə olan qaydalara əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin daha da aşağı salınması real görünmür:
“Belə bir dəyişiklik yalnız hərbi qanunvericiliklə məhdudlaşmır, eyni zamanda təhsil sistemi ilə də uzlaşdırılmalıdır. Bu həddin aşağı endirilməsi Elm və Təhsil Nazirliyi ilə də razılaşdırılmalıdır. Başqa sözlə, bakalavr və magistr pillələri üzrə təhsil müddətinin qısaldılması kimi dəyişikliklər həyata keçirildikdən sonra çağırış üçün yuxarı yaş həddinin 25 yaşa endirilməsi nəzəri baxımdan mümkün ola bilər”. 

Hazırda belə bir müzakirə aparılmır və düşünmürəm ki, yaxın perspektivdə də aparılsın?
“Çünki 30 yaş həddi elə də yüksək deyil. Vətəndaşların bakalavr və magistr pillələrində təhsil almaları, eləcə də digər qanuni əsaslarla əldə etdikləri möhlət hüququ nəzərə alınarsa, onların 30 yaşınadək hərbi xidmətə cəlb olunması daha məqsədəuyğun hesab edilir. Uzaq perspektivdə bu məsələ yenidən gündəmə gələ bilər.

Lakin belə olsa belə, yaş həddinin birbaşa 25-ə endirilməsi deyil, məsələn, 27 və ya 28 yaş müəyyən edilməsi daha real görünür. Çünki bundan daha aşağı yaş həddinin müəyyənləşdirilməsi mövcud qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edə bilər. Hazırda isə Azərbaycanın aidiyyəti dövlət qurumlarında və Milli Məclisin müvafiq komitəsində müddətli həqiqi hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin azaldılması ilə bağlı hər hansı müzakirə aparılmır”.

Aysel