Yaxın Şərqdəki hərbi-siyasi böhran və Ukrayna savaşının yaratdığı təhlükəli situasiya qlobal iqtisadiyyatı yeni sarsıntılar qarşısında buraxıb. Belə ki, dünya iqtisadiyyatı son illərdə ardıcıl hərbi-siyas böhranların yaratdığı təzyiqlərin altında qalıb. Çünki qlobal pandemiya dövrünün ağır nəticələri, enerji bazarlarında baş verən neqativ dəyişikliklər, Rusiya-Ukrayna müharibəsinin dünyanın iqtisadi-ticari sisteminə birbaşa təsiri və nəhayət, Yaxın Şərqdə mövcud olan hərbi-siyasi gərginlik beynəlxalq maliyyə-iqtisadi münasibətlər üçün olduqca təhlükəli çağırışlar formalaşdırır.
Onu da qeyd etmək lazımdır ki, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) son hesabatındakı proqnozlardan belə anlaşılır ki, Yaxın Şərq ətrafında davam edən hərbi-siyasi qarşıdurma artıq yalnız regional təhlükəsizlik məsələsi deyil. Çünki bu, hazırda həm də qlobal maliyyə-iqtisadi sabitliyə neqativ təsir edən əsas faktorlardan birinə çevrilib. Ona görə də, bu təşkilat ciddi şəkildə xəbərdarlıq edir ki, Yaxın Şərqdə hərbi-siyasi böhranın uzun müddət davam etməsi dünya iqtisadiyyatında artım tempinin zəifləməsinə, inflyasiyanın yenidən yüksəlməsinə və bəzi ölkələrin istehsal itkilərinə bağlı risklər ilə üzləşməsinə səbəb ola bilər.

Təbii ki, Yaxın Şərqdə baş verən hadisələrin dünya iqtisadiyyatına birbaşa təsirinin tam mərkəzində məhz enerji faktoru dayanır. Çünki bu region dünya enerji bazarlarının ən önəmli tərkib hissələrindən biri olduğuna görə, Yaxın Şərqdə hərbi-siyasi qeyri-sabitlik dərhal neft və təbii qazın qiymətlərinə birbaşa təsir göstərir. Və xüsusilə də Hörmüz boğazı kimi strateji nəqliyyat-kommunikasiya xəttləri ətrafında yaranan hərbi risklər qlobal enerji təchizatı prosesinin ciddi şəkildə məhdudlaşmasına yol açır.
Məsələ ondadır ki, qlobal enerji bazarlarında baş verən hər hansı ciddi dəyişiklik isə yalnız neft idxal edən ölkələrə deyil, həm də bütün dünya iqtisadiyyatına birbaşa neqativ təsir göstərir. Çünki enerji qiymətlərinin artması istehsal xərclərini də yüksəldir, logistikanı bahalaşdırır və nəticədə istehlak bazarlarında qiymət artımına səbəb olur. Və bu isə öz növbəsində artıq qlobal iqtisadi artımın zəifləməsinə paralel olaraq, dünyada yeni inflyasiya dalğası da yarada bilər.
Bu baxımdan, OECD-nin daha pessimist ssenarisi onu göstərir ki, Yaxın Şərqdə hərbi-siyasi qarşıdurmanın uzunmüddətli xarakter alması son onilliklərin ən ciddi iqtisadi böhranlarından birinə səbəb olmaq üzrədir. Çünki belə vəziyyətdə müxtəlif sahələr üzrə yatırılan investisiyaların azalması, işsizliyin artması və maliyyə bazarlarında qeyri-sabitlik dərinləşməsi isə qaçılmaz xarakter daşıyır. Və bu səbəbdən də, dünya iqtisadiyyatının böyük çöküş mərhələsinə yaxınlaşmaqda olduğu barədə iddialar daha inandırıcı görünür.

Ancaq buna baxmayaraq, qlobal maliyyə-iqtisadi böhranın yaranma təhlükəsini doğuran əsas səbəblər yalnız Yaxın Şərqdə davam edən hərbi-siyasi qarşıdurma ilə də məhdudlaşmır. Belə ki, Ukrayna müharibəsinin uzanması da dünya iqtisadiyyatına ciddi neqativ təsirlər göstərməkdə davam edir. Çünki Rusiya və Qərb arasında davam edən kəskin qarşıdurma qlobal enerji bazarlarında sarsıdıcı dəyişikliklərə yol açmaqdadır. Və bu proses xüsusilə də, Avropa ölkələrinin iqtisadiyyatında enerji təhlükəsizliyi ilə bağlı ciddi problemi daha ön plana çıxarır.
Onu da nəzərə almaq lazımdır ki, Ukrayna savaşının başlanğıc mərhələsindən etibarən, qlobal enerji bazarlarında qiymətlərin artması Avropa ölkələrinin sənaye sahəsinə əlavə maliyyə yükü gətirmiş oldu. Bu səbəbdən də, bir çox Avropa ölkələri Rusiya neftinə və təbii qazına alternativ enerji mənbələri axtarışına başlasalar da, bu keçid prosesi böyük maliyyə xərcləri və çevik siyasi manevrlər tələb edir. Eyni zamanda, Rusiyaya qarşı sanksiyalar, logistika problemləri və ticarət məhdudiyyətləri qlobal iqtisadi əlaqələr sistemini sarsıdan əlavə gərginliyə də yol açıb.
Beləliklə, hazırkı vəziyyət həm də onu göstərir ki, dünya iqtisadiyyatı artıq sadəcə, maliyyə və iqtisadi böhranla deyil, üstəlik, geopolitik qarşıdurmaların yaratdığı sistemli təhlükələrlə də üzləşib. Enerji təhlükəsizliyi, hərbi-siyasi qarşıdurmalar, böyük güclər arasında amansız rəqabət və yeni iqtisadi bloklaşmalar qlobal bazarlarda proseslərin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas faktorlara çevrilib. Məhz bu səbəbdən də dünyanın aparıcı dövlətlərinin görüşlərində, o cümlədən də G7 formatında keçirilən müzakirələrdə iqtisadi risklərin və qlobal sabitliyin əsas gündəm mövzularından biri olması qətiyyən təsadüfi deyil.

Çünki hazırda inkişaf etmiş ölkələrin qarşısında duran əsas problem yalnız qlobal inflyasiya ilə mübarizə aparmaq deyil, eyni zamanda, geopolitik böhranların dünyanın maliyyə-iqtisadi sisteminə vurduğu sarsıdıcı zərbələri də minimuma endirməkdir. Belə ki, əgər, Ukrayna müharibəsi davam edərsə və Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurma ən qısa zamanda yekunlaşmazsa, dünya iqtisadiyyatı yeni və həm də daha mürəkkəb mərhələyə daxil ola bilər. Və bu halda, enerji bazarlarında qeyri-sabitliyin, ərzaq təhlükəsizliyi problemlərinin, eləcə də maliyyə-iqtisadi risklərin daha da dərinləşmə ehtimalının ön plana keçə biləcəyi qətiyyən istisna deyil.
Göründüyü kimi, qarşıdakı yeni dövr dünya iqtisadiyyatı üçün yalnız rəqəmlərin və bazar göstəricilərinin deyil, həm də qlobal hərbi-siyasi böhranların müəyyən etdiyi bir sınaq mərhələsi ola bilər. Ona görə də, hazırda ABŞ da daxil olmaqla, dünyanın nəhəng dövlətlərinin qarşısında duran əsas problem məhz indiki müharibələr və geopolitik qarşıdurmalar şəraitində qlobal maliyyə-iqtisadi sabitliyin qorunmasından ibarətdir. Halbuki, qlobal iqtisadiyyatın tədricən çökdürməkdə olan hərbi-siyasi addımların əsas müəllifləri də məhz elə ABŞ başda olmaqla, dünyanın nəhəng dövlətləri hesab edilir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert