Soçi hava limanı Krasnodar diyarında pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi fonunda uçuşlara tətbiq edilən bir sıra məhdudiyyətlərdən sonra cədvəldə irimiqyaslı fasilələrlə üzləşib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, son sutka ərzində şəhər üzərindəki hava məkanı dörd dəfə bağlanıb.
Çərşənbə günü səhər saatlarına olan məlumata görə, 100-dən çox reys ləngiyir, bəzi uçuşlar isə tamamilə ləğv edilib. Sərnişinlərin bir qismi artıq iki sutkaya yaxındır ki, hava limanındadırlar və birbaşa terminallarda gecələmək məcburiyyətində qalıblar.
Soçi - Novosibirsk reysinin sərnişinləri iyunun 15-dən bəri uçuş gözlədiklərini bildiriblər. Reys bir neçə dəfə təxirə salınıb, hoteldə yerləşdirmə isə yalnız qısa müddətə təmin olunub. Analoji gecikmələr Perm, Kazan, Çelyabinsk, Nijni Novqorod reyslərinə, eləcə də beynəlxalq istiqamətlərə - İstanbul, Batumi, Yerevan və Tiflisə də təsir edib.
Yaranan fasilələr gələn reyslərdə də problemlərə yol açıb. Moskva, Novosibirsk və Tümendən gələn sərnişinlərin bir hissəsi vaxtında Soçiyə çata bilməyib. Səhər saatlarında hava limanının fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılsa da, uçuş cədvəlinin bərpası hələ də davam edir.