ABŞ-ın qlobal strategiyasının dəyişməsi, Avropa məkanının təhlükəsizlik arxitekturasındakı qeyri-müəyyənlik və çoxqütblü dünya modelinin formalaşmaqda olması Türkiyə üçün tarixi geopolitik imkanlar yaradır... Ona görə də, rəsmi Ankara bu sərfəli mərhələdən istifadə edərək, Türkiyənin yalnız regional iradə sahibi deyil, həm də yeni qlobal güc balansında əsas geostrateji mərkəzlərdən birinə çevrilməsinə çalışır...

Son vaxtlar ABŞ-ın geopolitik strategiyasının ciddi şəkildə dəyişməsinə və Avropa məkanındasa, təhlükəsizlik boşluğunun sürətlə dərinləşməsinə paralel olaraq, Türkiyə formalaşmaqda olan yeni dünya düzəninin mərkəzinə yerləşməyə başlayıb. Belə ki, dünya siyasətində son illərin ən önəmli proseslərindən biri də məhz beynəlxalq sistemin tədricən dəyişməsi və qlobal güc balansının yenidən formalaşmasıdır. Çünki ikinci dünya müharibəsindən sonra qurulan, “soyuq müharibə”nin nəticələrinə uyğun olaraq, ABŞ-ın dominantlığı altına düşən qlobal sistem artıq əvvəlki sabitliyini itirir. Bu baxımdan, böyük güclər arasında rəqabətin dərinləşməsi, regional aktorların tədricən güclənməsi və yeni iqtisadi-siyasi mərkəzlərin yaranması dünya siyasətində tamamilə fərqli mərhələnin başlanmasına səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, belə radikal xarakterli qlobal dəyişikliklər Türkiyəyə formalaşmaqda olan yeni dünya düzəninin əsas oyunçularından birinə çevrilmək imkanları açır. Çünki rəsmi Ankara hesab edir ki, qlobal sistemin yenidən qurulduğu bir dövrdə yalnız böyük dövlətlər deyil, həm də strateji mövqeyə, daha geniş hərbi imkanlara və regional təsir gücünə malik ölkələr də öz siyasi iradələrini diqtə etmək hüququna malik olmalıdır. Və Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlamaları da məhz bu qlobal geopolitik dönüşün mahiyyətini əks etdirir.

Məsələ ondadır ki, Hakan Fidan Ağ Evin uzun illərdən bəri davam etdirdiyi xarici siyasət modelinin artıq ABŞ-ın maraqlarına əvvəlki kimi cavab vermədiyini anlayaraq, geostrateji mövqeyini yenidən nəzərdən keçirdiyini vurğulayıb. Onun fikrincə, bu proses xüsusilə də, Avropa məkanının təhlükəsizlik arxitekturasında müəyyən boşluqlar yaradır. Və bu açıqlama isə əslində, ABŞ-ın dünya siyasəti üzrə prioritetlərini artıq dəyişdirdiyinə yönəlik mesaj kimi də qiymətləndirilə bilər.

0fb5d252-039f-43da-85dc-69fb15341c5e.jpg (270 KB)

Halbuki, ABŞ son onilliklər ərzində Avropa məkanı üçün daim əsas təhlükəsizlik qarantı olub. Belə ki, NATO sistemi və ABŞ-ın hərbi-siyasi iştirakı Avropa məkanında geostrateji balansın əsas faktoru sayılırdı. Ancaq Ukrayna müharibəsi, Rusiya ilə qarşıdurma, Çinlə kəskin qlobal rəqabət və ABŞ daxilində dəyişən siyasi yanaşmalar Ağ Evi öz geostrateji resurslarını, eləcə də ənənəvi qlobal öhdəliklərini yenidən qiymətləndirmək məcburiyyətində buraxır.

Təbii ki, məhz belə bir şəraitdə Türkiyənin qlobal əhəmiyyəti ciddi şəkildə artmış olur. Çünki Türkiyə coğrafi mövqeyinə görə də Avropa, Cənubi Qafqaz, Yaxın Şərq və Qara dəniz regionlarını birləşdirən əsas geostrateji mərkəzlərdən biri hesab edilir. Eyni zamanda, Türkiyə həm NATO üzvüdür, həm də Rusiya, İran, ərəb ölkələri və Asiya dövlətləri ilə birbaşa pozitiv siyasi-diplomatik münasibətlər saxlamağı bacarır.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan haqqında vaxtaşırı səsləndirdiyi müsbət məzmunlu fikirləri də bu yeni geopolitik reallığın əsas göstəricilərindən biri kimi qəbul etmək olar. Belə ki, Ağ Ev sahibi Donald Tramp hər imkanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayır. Və Ağ Ev sahibi prezident Rəcəb Tayyib Ərdoğanı "sərt lider" adlandırsa da, Türkiyə liderini önəmli müttəfiq kimi qiymətləndirir.

Böyük ehtimalla bu yanaşma tərzi Ağ Ev və rəsmi Ankaranın münasibətlərində yeni balans axtarışından xəbər verir. Çünki ABŞ üçün Türkiyə yalnız NATO çərçivəsində müttəfiq deyil, eyni zamanda, həm də güclü regional təsir imkanlarına malik olan əsas geopolitik aktordur. Xüsusilə də, Yaxın Şərqdə, Cənubi Qafqazda və Qara dəniz hövzəsində Türkiyənin mövqeyi ABŞ-ın geostrateji maraqları baxımından, olduqca böyük əhəmiyyət daşıyır.

27b58b9b-5d7d-454b-ae35-77dd69892fde.jpg (267 KB)

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın "Türkiyə yeni dünya düzəninin əsas geopolitik mərkəzlərindən birinə çevrilir" fikri isə rəsmi Ankaranın uzunmüddətli xarici siyasət hədəflərini biruzə verir. Belə ki, rəsmi Ankara hesab edir ki, müasir dünya artıq təkqütblü sistemdən uzaqlaşaraq, çoxqütblü düzənə doğru gedir. Və bu yeni mərhələdə regional güclər daha sərbəst xarici siyasət yürütmək, eləcə də, öz təsir zonalarını genişləndirmək imkanı əldə edir.

Maraqlıdır ki, rəsmi Ankaranın bu geopolitik strategiyasının əsas istiqamətlərindən biri də məhz hərbi və texnoloji müstəqillikdir. Belə ki, Türkiyə son illərdə müdafiə sənayesinə böyük investisiyalar yatıraraq, öz hərbi potensialını ciddi şəkildə artırmağa nail olub. Üstəlik, yerli istehsal olunan ən müasir texnologiyalar, pilotsuz uçuş aparatları və müdafiə sistemləri Türkiyəyə yalnız hərbi üstünlük deyil, həm də olduqca genişmiqyaslı siyasi-diplomatik təsir imkanları da qazandırıb.

Bu baxımdan, digər önəmli istiqamət isə enerji və nəqliyyat dəhlizlərinə nəzarət uğrunda amansız qlobal mübarizə hesab olunur. Çünki müasir dünyada enerji marşrutlarına nəzarət hərbi-siyasi gücün əsas faktorlarından birinə çevrilməyə başlayıb. Və məhz bu səbəbdən də, rəsmi Ankara qonşu regionlarda həm yeni logistika, həm də enerji xətləri yaratmaqla, Türkiyəni qlobal tranzit mərkəzinə də çevirməyə çalışır.

Məsələ ondadır ki, Türkiyənin Suriya ilə əməkdaşlıq çərçivəsində yeni enerji və nəqliyyat layihələrinə yönəlməsi, eyni zamanda, İraq və Səudiyyə Ərəbistanı ilə regional dəhlizlər üzərində işləməsi rəsmi Ankaranın bu önəmli strategiyasının tərkib hissəsidir. Rəsmi Ankaranın yeni strategiyasının əsas hədəfi məhz Körfəz regionu ölkələrinin enerji resurslarını Hörmüz böğazına alternativ marşrutlarla dünya bazarlarına çıxarmaq və regional ticarət yollarında Türkiyənin avanqard dövlət kimi rolunu daha da artırmaqdır. Və bu baxımdan, rəsmi Ankaranın yeni logistika layihələrnin xüsusilə də, Hörmüz boğazında yükdaşımaların məhdudlaşdırıldığı bir mərhələyə paralel təşkil etməsi də əslində, qətiyyən təsadüfi deyil.

82680da2-36ea-4ed1-a6d9-723c13aa52e5.jpg (264 KB)

Onu da nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə yaxın gələcəkdə də hərbi-siyasi böhranların baş verə biləcəyi ilə bağlı ehtimallar və mövcud təhlükəsizlik riskləri enerji təchizatı üçün alternativ logistika dəhlizlərinin yaradılmasını vacib edir. Rəsmi Ankara isə Türkiyənin coğrafi mövqeyindən istifadə edərək, enerji və nəqliyyat xəritəsində əsas qovşaqlardan birinə çevrilmək hədəflərinə doğru irəliləməyə çalışır. Halbuki, Türkiyənin yüksələn geopolitik rolu qarşısında ciddi çağırışlar da mövcuddur.

Belə ki, Türkiyənin həm də NATO üzvü olduğu üçün Qərb, Rusiya, Yaxın Şərq ölkələri və Asiya dövlətləri ilə ciddi balans siyasəti aparması rəsmi Ankara üçün mürəkkəb siyasi-diplomatik manevr məcburiyyəti də yaradır. Rusiya ilə enerji və təhlükəsizlik əməkdaşlığı, Qərblə NATO çərçivəsində müttəfiqlik, Yaxın Şərqdə isə regional rəqabət Türkiyənin xarici siyasət kursunu çoxvektorlu modelə indeksləşdirir. Və bu siyasi kursun hansı səviyyədə uğur qazanacağı isə böyük ehtimalla rəsmi Ankaranın yeni qlobal sistemdə tuta biləcəyi avanqard mövqenin əhatə dairəsini də müəyyən edəcək.

Göründüyü kimi, Ağ Evin ABŞ üçün yeni qlobal strategiya qurması, Avropa məkanının təhlükəsizlik arxitekturasındakı qeyri-müəyyənlik və çoxqütblü dünya modelinin formalaşmaqda olması Türkiyə üçün tarixi geopolitik imkanlar yaradır. Ona görə də, rəsmi Ankara bu sərfəli mərhələdən istifadə edərək, Türkiyənin yalnız regional iradə sahibi deyil, həm də yeni qlobal güc balansında əsas geostrateji mərkəzlərdən birinə çevrilməsinə çalışır. Və bu baxımdan, Türkiyənin qarşıdakı illərdə əsas mübarizəsinin məhz bu genişlənən geopolitik imkanların davamlı siyasi və iqtisadi üstünlüyə çevrilməsinə yönələcəyi qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert