Yunanıstanın “OnAlert” nəşri Türkiyənin Antalya körfəzində keçirdiyi “Dənizqurdu-2026” təlimini geniş təhlil edib.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, nəşrə görə, təlim Türkiyənin son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək məqsədi daşıyıb.

Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Şərqi Aralıq dənizini əhatə edən təlimdə 125 gəmi, 60 hava vasitəsi və 18 min hərbi qulluqçu iştirak edib.

Təhlildə xüsusilə “TCG Sakarya” sualtı qayığından buraxılan yerli istehsal “AKYA” ağır torpedosuna diqqət çəkilib. Bildirilib ki, torpedo təxminən 10 kilometr məsafədəki hədəf gəmini uğurla vuraraq qısa müddətdə sıradan çıxarıb. Bundan başqa, “TCG Burgazada” korvetindən atılan “Atmaca” gəmiəleyhinə raketi 102 kilometr uzaqlıqdakı hədəfi məhv edib.

Məqalədə Türkiyənin çoxqatlı hava hücumundan müdafiə sistemi də vurğulanıb. Qeyd olunub ki, “Hisar-D” raketi yüksək sürətlə hərəkət edən hava hədəfini uğurla vurub. “Pirana” pilotsuz kamikadze dəniz vasitəsinin təlimdə iştirakı isə Türkiyənin pilotsuz sistemlər sahəsində çatdığı səviyyənin göstəricisi kimi dəyərləndirilib.

Nəşr təlimi bölgədə mühüm çəkindirici amil kimi xarakterizə edib. Həmçinin, qeyd edilib ki, Türkiyə pilotsuz dəniz vasitələri ilə döyüş gəmilərinin koordinasiyalı istifadəsinə əsaslanan yeni konsepsiyalar hazırlayaraq dəniz müharibəsi doktrinasında yeni dövrə hazırlaşır.