“Tarixi Hicaz Dəmir Yolunun modernləşdirilməsi və Səudiyyə Ərəbistanına qədər uzadılması, eləcə də İraqın Bəsrə liman şəhərindən Türkiyəyə xəttin çəkilməsi alternativ qlobal ticarət yolları yaradacaq”.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu deyib.

Onun sözlərinə görə, Türkiyə həmin tarixi yolu modernləşdirməklə Hörmüz boğazından yan keçəcək alternativ qlobal ticarət yolu yaratmaq üçün onu Omana qədər uzatmağı planlaşdırır. Layihənin ilkin mərhələsi Türkiyəni Hələblə birləşdirməyi və mövcud Hələb-Dəməşq-İordaniya şəbəkəsindən istifadə etməyi nəzərdə tutur. Okeana çıxış təmin etmək üçün xəttin Omana qədər uzadılması üçün Səudiyyə Ərəbistanı hakimiyyəti ilə danışıqlar da aparılır.

Hicaz dəmiryol layihəsi Osmanlı dövlətinin sonuncu sultanı İkinci Əbdülhəmidin təşəbbüsü ilə 1900-1908-ci illərdə çəkilib. Uzunluğu 1320 kilometr olan xətt İstanbulu Mədinə şəhəri ilə birləşdirib. İlkin layihədə xəttin Mədinədən Məkkəyə qədər davam etməsi nəzərdə tutulsa da, onu reallaşdırmaq mümkün olmayıb. Bütün dünya müsəlmanlarının ianələri, Avropalı mühəndislərin layihəsi və Osmanlı əsgərlərinin əməyi sayəsində indiyədək dünya mühəndisliyinin incilərindən biri sayılan Hicaz dəmiryol cəmi 8 ilə tikilib. Onun hər 20 km-dən bir inşa olunan stansiyalarının bir çoxu memarlıq incisi kimi hələ də qorunur, əksəriyyəti muzey olaraq fəaliyyət göstərir.ə

CROSSMEDIA - Bakıda yeni dəmir yolu xətti çəkiləcək

Dəmiryol xəttinin ömrü çox qısa olub - Birinci Dünya Müharibəsindən sonra Osmanlının parçalanması nəticəsində xətt müxtəlif ölkələrin ərazisinə bölünüb, 1926-cı ildə fəaliyyətini tamam dayandırıb. Hazırda onun bəzi hissələri, məsələn, Suriya hissəsi bir neçə dəfə rekonstruksiya olunmaqla istifadə edilir, ayrı-ayrı hissələri səhra qumların altından görünür, vaqonlar isə bədəvilər tərəfindən metalloma verilib. Ötən müddətdə Hicaz dəmriyol xəttinin bərpasına bir neçə dəfə cəhd edilib. 1955-ci ildə Suriya, İordaniya və Səudiyyə Ərəbistanı xəttin bərpası üçün danışıqlar aparılbar. 1978-ci ildə köhnə dəmir yolunun yerində 1435 mm ölçülü dəmir yolunun tikintisi planları hazırlanıb; bu mövzu 2008-ci ildə də qaldırılıb. 2010-cu illərdə Türkiyənin marşrutu bərpa etmək niyyəti barədə məlumatlar yayılıb, lakin bu planlar hələ də reallaşmayıb. 2018-ci ildə Hicazın birləşdirməsi gözlənilən Məkkə ilə Mədinə arasında yüksək sürətli dəmir yolu xətti istifadəyə verilib.

Türkiyənin xətti yenidən bərpa etmək planının icrası indiki şəraitdə region dövlətləri tərəfindən dəstəklənə bilər. Belə ki, yolun Suriya hissəsi qismən, İordaniya hissəsi isə əksər sahələrdə işləkdir. İran-ABŞ münaqişəsinin yaratdığı sərt şərtlər region dövlətlərini dəniz yollarından kənarda yeni imkanlar açmağa sövq edir. Bu baxımdan, Hicaz xəttinin başqa ad altında olsa belə, bərpası cəhdləri real nəticələr verə bilər.

Eyni zamanda, Ankara daha bir genişmiqyaslı dəhlizin – Bəsrə körfəzindəki İraqın Bəsrə limanından Türkiyə sərhədinə qədər uzanacaq 1200 kilometrlik “İnkişaf Yolu” layihəsinin layihələndirilməsini başa çatdırıb. Avtomobil və dəmir yolları, enerji və rabitə xətlərini əhatə edən bu meqalayihə BƏƏ, Qətər, İraq və Türkiyə ilə tərəfdaşlıqda beynəlxalq maliyyələşdirmə ilə həyata keçiriləcək. Nazir bildirib ki, layihənin başlanması hazırda daha dinc regional mühitin yaranmasını gözləyir.

Dörd il əvvəl irəli sürülən bu layihənin ilkin təşəbbüskarı İraq olsa da, hazırda Türkiyə aparıcı ölkəyə çevrilib. Layihənin ilkin dəyəri 17 milyard dollar hesablanıb: 1200 km uzunluğunda dəmiryolu və avtomobil magistralının tikintisini nəzərdə tutur. Bu vəsaitin 10,5 milyard dolları dəmiryol xəttinin çəkilməsinə sərf olunmalı idi. 2023-cü ildə açıqlanan planda onun birinci mərhələsinin 2026-cı ildə başlanıb, 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulurdu. Layihənin reallaşması Yaxın Şərqi quru yolla Avropa və Asiya birləşdirməklə Körfəz ölkələrinin dəniz yolundan asılılığının kəskin azalması ilə nəticələnə bilər.

Türkiyə “İnkişaf Yolu”nu Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin(Orta Dəhliz) tərkib hissəsi kimi görür. Buna görə də Ankara Orta Dəhlizin inkişafına aktiv dəstək verir. Belə ki, Türkiyə Orta Dəhlizin strateji elementi olan Zəngəzur Dəhlizi ilə bağlı da işlərə başlayıb. Nazirin dediyinə görə, Türkiyə tərəfində tender artıq başa çatıb və 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu xəttində tikinti işləri başlayıb. Uraloğlu Dünya Bankının rəhbərlik etdiyi altı beynəlxalq təşkilatın artıq 6,75 milyard dollar maliyyələşdirmə əldə etdiyini də açıqlayıb. Bu layihə Avropa və Asiya arasında yük və sərnişin daşıma qabiliyyətini artıracaq.

334a1407-5a86-490c-8f7c-1707fe3a591c.jpg (110 KB)

Göründüyü kimi, Türkiyə Yaxın Şərqin, Asiyanın və Avropanın nəqliyyat-logistika yollarını öz infrastrukturuna birləşdirməklə mühüm regional oyunçuya çevrilməyi hədəfləyib. İrəli sürülən, dəstəklənən layihələrin hər biri böyük vəsaitlər tələb etməklə yanaşı, regionda siyasi-hərbi münaqişələr səbəbindən ciddi təhdidlərlə üzləşməkdədir. Həm Hicaz dəmiryol xətti, həm də İnkişaf Yolu kürdlərin kompakt yaşadığı, illərdir Türkiyəyə problem yaratdığı ərazilərdən keçir. Regionda öz maraqlarını güdən kənar qüvvələrin, xüsusilə də ABŞ-ın təsirində olan kürd qüvvələrinin bu layihələrin icrasına razı salınması mühüm məqamlardan biridir. Digər tərəfdən, Yaxın Şərqdə öz maraqlarını diqtə etməyə, bölgənin zəngin resurslarının qısa ixrac yollarına(Hörmüz və Bab-Əl-Məndab boğazları) nəzarəti əlində saxlamağa çalışan İranın mövqeyi də nəzərə alınmalıdır. Nəhayət, layihələrin nəhəng maliyyə dəyərinin ödənməsi də ciddi problemlərdən biridir. İranla münaqişədən ciddi zərər görərək çıxan varlı Körfəz ölkələri hələ neçə illər öz yaralarını sarımaqla məşğul olacaqlar. Onların diqqəti hazırda neft-qaz ixracının Hörmüzdənkənar yollarını genişləndirməyə yönəlib. Bu mənada, layihələrə maliyyə tapılması xeyli müşkül görünür.

Qeyd etməyə dəyər ki, üç layihədən yalnız biri - Orta Dəhliz və onun tərkib hissəsini çevrilən Zəngəzur dəhlizinin reallaşması istiqamətində real işlər görülür. Bilavasitə Azərbaycandan keçən Orta Dəhliz, Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihələri ABŞ və Avropa tərəfindən real şəkildə dəstəklənir. ABŞ Zəngəzur dəhlizində birbaşa iştirak edir, Avropa İttifaqı isə Orta Dəhlizin Türkiyə hissəsinin inşasına vəsait ayırır. Bütün bunların reallaşmasında Azərbaycanın addımları, gördüyü işlər mühüm rol oynayır.