Ermənistan iqtisadiyyatı hələ də məhz Rusiya bazarlarından, enerji resurslarından, ölkəyə pul köçürmələrindən və Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki genişmiqyaslı güzəştlərdən birbaşa asılıdır... Ona görə də, Kreml Paşinyan hakimiyyətini Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalacağına, yoxsa Avropa Birliyinə yaxınlaşmaqda davam edəcəyinə yönəlik prinsipial qərar verməyə məcbur buraxmaq istəyir...

Ermənistanda parlament seçkilərindən sonra yaranmış yeni siyasi situasiya yalnız ölkədaxili qüvvələr balansını deyil, həm də rəsmi İrəvanın xarici siyasət kursunu da fərqli istiqamətə yönəltməyə başlayıb. Rusiyanın son vaxtlar ardıcıl təhdidləri də onu göstərir ki, Kreml artıq Ermənistanın həm Avrasiya İqtisadi İttifaqına, həm də Avropa Birliyinə münasibətdə paralel şəkildə hərəkət etməsinə qətiyyən tolerant yanaşmaq niyyətində deyil. Bə bu, əslində, Kremlin Paşinyan hakimiyyəti tərəfindən izlənən geopolitik kursa qarşı narazılığının aqressiv şəkildə ifadə olunmasıdır.

Onu da qeyd etmək lazımdır ki, Kreml rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasətini Ermənistanın daxili işi deyil, məhz Rusiya üçün strateji təhlükəsizlik problemi hesab edir. Ancaq Rusiya hələlik Paşinyan hakimiyyətinin seçki qələbəsini şübhə altına almaq məsələsində də mümkün qədər ehtiyatlı davranmağa çalışır. Bu, Kremlin Ermənistanda hakimiyyət dəyişikliyindən daha çox, Paşinyan hakimiyyətinin gələcək geopolitik mövqeyinə aydınlıq gətirilməsini gözləməyə üstünlük verdiyini göstərir. Çünki Kremldə anlayırlar ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində artıq ciddi legitimlik bazasına malikdir. Və ona görə də, Ermənistanda hakimiyyət dəyişikliyi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb prosesə çevrilib.

ece3386d-f5fb-4516-852d-094694be2951.jpg (286 KB) 
Maraqlıdır ki, bəzi rusiyalı ekspertlər isə hətta daha da irəli gedərək, baş nazir Nikol Paşinyanın əslində, Kremllə “gizli anlaşma” çərçivəsində hərəkət etdiyini iddia edirlər. Belə ki, rus politoloq Maksim Şevçenko hətta erməni baş naziri "Putinin namizədi" adlandıraraq, Kremlin Ermənistan daxilində müxtəlif siyasi layihələri paralel şəkildə dəstəklədiyini vurğulayıb. Bu yanaşma nə qədər mübahisəli görünsə də, hər halda, Kremlin Ermənistanı tamamilə itirmək niyyətində olmadığı və Paşinyan hakimiyyəti ilə işləmək imkanlarını qoruyub, saxlamaq istədiyi də inkaredilməz reallıqdır.

Ancaq buna baxmayaraq, Rusiya siyasi dairələrinin Paşinyan hakimiyyətinə yönəlik ittihamları da son vaxtlar açıq məzmun daşımaqla yanaşı, həm də sərtləşməkdə davam edir. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə bildirib ki, Ermənistan Avropa Birliyinə inteqrasiya barədə qəbul etdiyi qərarın siyasi məsuliyyətini də mütləq daşımalıdır. Onun fikrincə, Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmaqla yanaşı, həm də Avropa Birliyinə inteqrasiya edə bilməz. Və rəsmi İrəvan bir-birinə zidd olan bu iki sistemdən mütləq birini seçməyə məcburdur.

Maraqlıdır ki, bu xəbərdarlıq mesajı Kremlin son illərdə ilk dəfə olaraq, rəsmi İrəvana bu qədər açıq və ultimativ məzmunda müraciət etməsi kimi qiymətləndirilir. Çünki Rusiya faktiki olaraq, rəsmi İrəvandan Ermənistanın gələcək geopolitik seçimini dərhal dəqiqləşdirməsini tələb edir. Və hətta Rusiya prezidenti Vladimir Putin də bu məsələyə münasibət bildirərək, Ermənistanın mümkün qədər tez bir zamanda referendum keçirməsinin vacibliyini vurğulayıb.

02e1004f-0ad6-41be-876d-c41dc196a765.jpg (188 KB) 
Belə anlaşılır ki, Kreml Ermənistanın seçiminə müdaxilə etməcəyini bildirsə də, rəsmi İrəvandan əsas tələb olaraq, məhz mövcud qeyri-müəyyənliyin aradan qaldırılmasını da istəyir. Rusiya liderinin bu mövqeyi əslində, Kremlin Paşinyan hakimiyyətini Ermənistan üçün konkret geopolitik seçimin edilməsinə məcbur buraxmağa çalışdığını göstərir. Çünki Kreml Ermənistanın hazırkı "iki stul siyasəti"nin Rusiya üçün ciddi geostrateji risk olduğu qənaətindədir.

Digər tərəfdən, rəsmi İrəvanın son illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərini ardıcıl şəkildə boykot etməsi də Rusiyanı narahat etməklə yanaşı, həm də ciddi şəkildə qıcıqlandırır. Ancaq buna baxmayaraq, baş nazir Nikol Paşinyan bildirib ki, əgər, KTMT üzvləri Ermənistanın təşkilatdan çıxarılması barədə qərar qəbul etsələr, rəsmi İrəvan bunu sadəcə, nəzərə almağa məcbur qalacaq. Erməni baş nazirin bu mövqeyindən belə anlaşılır ki, rəsmi İrəvan KTMT-nı artıq Ermənistanın təhlükəsizlik sisteminin əsas faktoru hesab etmir. Və bunun əvəzində rəsmi İrəvan ABŞ, Avropa Birliyi və NATO ilə əməkdaşlığı genişləndirməyə çalışır.

Təbii ki, Paşinyan hakimiyyətinin bu istiqamətdə atdığı israrlı addımlar Kreml tərəfindən Rusiyanın postsovet məkanındakı təsir dairəsinin daraldılmasına yönəlik davranış kimi qiymətləndirilir. Ona görə də, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Avropa Birliyinin Ermənistana təxminən 50 milyon avroluq maliyyə yardımı ayırmağı planlaşdırmasını da sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu məbləğ Ermənistan iqtisadiyyatı üçün ciddi əhəmiyyətə malik deyil. Və Rusiya-Ermənistan ticarət dövriyyəsi ilə müqayisədə sadəcə, simvolik xarakter daşıyır.

fd5a5a4b-003b-4b82-9b2c-e972c55b81a9.jpg (307 KB) 
Əslində, Kremlin bu məsələyə yanaşmada ön plana çəkməyə çalışdığı əsas arqument mövcud iqtisadi reallıqlara dayanır. Çünki Ermənistan iqtisadiyyatının önəmli bir hissəsi hələ də məhz Rusiya bazarı, enerji resursları, pul köçürmələri və Aİİ çərçivəsindəki güzəştlərdən birbaşa asılıdır. Ancaq Paşinyan hakimiyyəti hesab edir ki, uzunmüddətli perspektivdə Qərbə inteqrasiya kursu Ermənistanın iqtisadi inkişafı və təhlükəsizliyi baxımından, daha əlverişli modellərin ortaya çıxmasına imkan verə bilər.

Bütün bunlar onu göstərir ki, Ermənistan artıq sadəcə, Rusiya və Qərb arasında balans siyasəti yürütməklə, kifayətlənmək niyyətində deyil. Ona görə də, rəsmi İrəvan indi getdikcə, Ermənistan üçün daha açıq geopolitik seçimin ediləcəyi mərhələyə sürətlə yaxınlaşır. Çünki Rusiya Paşinyan hakimiyyətindən ən qısa zamanda konkret geopolitik seçimin olunmasını tələb edir. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalacağına, yoxsa Avropa Birliyinə yaxınlaşmaqda davam edəcəyinə prinsipial qərar verməyə məcburdur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin vermək məcburiyyətində olduğu qərarın nəticəsi yalnız Ermənistanın gələcək xarici siyasət kursunu müəyyən etməklə məhdudlaşmayacaq. Bu, eyni zamanda Cənubi Qafqazda qüvvələr balansına, Rusiya-Qərb geopolitik rəqabətinin regional nəticələrinə və bütövlükdə postsovet məkanının gələcək taleyinə də təsir göstərə bilər. Çünki hazırda görünən odur ki, Kreml artıq gözləmə mövqeyindən çıxır, Ermənistanın geopolitik seçimə məcbur etməkdə israrlıdır. Və bu, rəsmi İrəvanın manevr məkanını əvvəlki illərlə müqayisədə daraltmaqla yanaşı, həm də Ermənistanı “geopolitik bataqlığa” doğru sürükləyə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert