Ukrayna savaşı uzandıqca, Kreml və rəsmi Kiyevin siyasi mesajları daha çox manevr imkanlarının genişləndirilməsinə yönəlik məzmun daşıyır. Ona görə də, həmin mesajların sayəsində savaşın dayansırılması ilə bağlı siyasi-diplomatik proseslərin ümumi inkişaf istiqamətlərini də təxminən müəyyən etmək mümkün olur. Rusiya siyasi dairələri tərəfindən verilən “müharibənin bir sutka ərzində başa çata biləcəyi” ilə bağlı açıqlama rəsmi Kiyevin Kremli çıxılmaz vəziyyətə sala biləcək cavab reaksiyası ilə qarşılanıb. Və bu baxımdan, Ukrayna prezidenti Volodimir Zelenskinin dərhal Rusiya lideri Vladimir Putinə birbaşa görüş təklif etməsi rəsmi Kiyevin yaxşı düşünülmüş manevri kimi qəbul olunur.
Məsələ ondadır ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Kiyevin Ukrayna ordusuna Rusiyanın öz ərazisi hesab etdiyi bölgələri tərk etmək göstərişi verəcəyi təqdirdə, hərbi əməliyyatların qısa müddətdə dayandırıla biləcəyini vurğulayıb. O, bildirib ki, həmin ərazilərin sırasına Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri daxildir. Və Kreml 2022-ci ildə keçirdiyini elan etdiyi referendumdan sonra bu əraziləri artıq Rusiyanın tərkibinə daxil etdiyini bəyanlayıb.

Ancaq təbii ki, Kremlin bu mövqeyi rəsmi Kiyev tərəfindən birmənalı şəkildə rədd edilir. Zelenski hakimiyyəti qətiyyətlə vurğulayır ki, Ukraynanın həmin ərazilərinin Rusiya ordusunun işğalı altına keçməsi beynəlxalq hüquq baxımından, tanınmır. Eyni zamanda, hər hansı sülh razılaşması da məhz birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyü prinsipi üzərində qurulmalıdır. Ona görə də, Ukrayna savaşının əsas “hərbi-siyasi düyünü” də yenə dəyişməz qalır. Yəni, Kreml mövcud hərbi reallıqların siyasi-diplomatik sənədlə təsdiqlənməsini tələb edir. Və rəsmi Kiyev isə bunun Ukraynanın dövlət suverenliyinə kəskin şəkildə zidd olduğunu bildirir.
Belə anlaşılır ki, Kremlin dəyişməz “sülh formulu” Ukrayna savaşının məhz indiki hərbi nəticələrinin siyasi cəhətdən legitimləşdirilməsinə cəhd xarakteri daşıyır. Çünki Kreml müharibənin bitməsi üçün ilk növbədə Ukraynanın öz qoşunlarını Rusiyanın iddia etdiyi ərazilərdən dərhal geri çəkməsini əsas şərt kimi irəli sürür. Bu yanaşma Kremlin strateji məqsədinin yalnız döyüşlərin dayandırılması deyil, həm də Ukrayna müharibəsindən sonra formalaşacaq yeni regional təhlükəsizlik sistemində Rusiyanın mövqeyini daha da gücləndirmək olduğunu göstərir.
Məsələ ondadır ki, Kreml uzun müddətdən bəri sülh prosesinə əsas əngəl olaraq, Ukraynanın NATO-ya inteqrasiya perspektivlərini, Qərbin rəsmi Kiyevə davamlı hərbi dəstəyini və Rusiya sərhədləri yaxınlığında təhlükəsizlik problemlərini arqument kimi göstərir. Ona görə də, Kreml üçün mümkün sülh sazişi yalnız atəşkəs deyil, həm də Rusiyanın maraqları çərçivəsində daha genişmiqyaslı geopolitik razılaşma anlamına gəlir. Digər tərəfdənsə, rəsmi Kiyev üçün Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi ölkədaxili siyasi proseslər baxımından, olduqca mürəkkəb və riskli addım olardı. Və rəsmi Kiyev hesab edir ki, belə addım gələcəkdə yeni təhlükəsizlik problemləri yaratmaqla yanaşı, həm də Rusiyanın daha geniş regional iddialarına yol aça bilər.

Bütün bunları da nəzərə aldıqda, Ukrayna lideri Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinə açıq məktub göndərərək, birbaşa görüş təklif etməsi böyük maraq doğurur. Çünki Ukrayna prezidenti birmənalı şəkildə bildirib ki, Rusiya ilə müharibənin sona çatdırılması üçün birbaşa hər iki ölkənin liderləri səviyyəsində görüşün keçirilməsi olduqca vacibdir. Eyni zamanda, prezident Volodimir Zelenskinin təklifində bir neçə önəmli məqam da yer alır. Belə ki, o, ilk növbədə, rəsmi Kiyevin sülh danışıqları dövründə tam atəşkəsə hazır olduğunu birmənalı çəkildə vurğulayıb. Və bu, Ukraynanın əvvəlki mövqeyi ilə müqayisədə siyasi-diplomatik kanallara daha çox üstünlük verdiyini göstərən əsas mesaj kimi də qəbul oluna bilər.
Digər tərəfdən, Ukrayna lideri həm də əvvəlcə hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsini, mülki şəxslərin və uşaqların geri qaytarılmasını, daha sonra isə uzunmüddətli təhlükəsizlik təminatlarının müzakirəsini təklif edib. Prezident Volodimir Zelenskinin görüş üçün Türkiyə, İsveçrə və ərəb ölkələrini mümkün platformalar kimi göstərməsi də qətiyyən təsadüfi deyil. Çünki onun bu seçimi Ukraynanın danışıqları yalnız Rusiya ilə ikitərəfli format çərçivəsində deyil, həm də daha çox beynəlxalq vasitəçilik modelində aparmaq istəyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putinin “görüş zamanı Zelenskiyə nə deyərdiniz” sualına “Şükürlər olsun ki, hər şey bitdi, deyərdim” cavabı da siyasi baxımdan, maraqlı mesajdır. Bu ifadə ilk baxışdan, sadə görünsə də, əslində, Rusiyanın Ukrayna ilə müharibənin artıq son mərhələdə olduğunu qətiyyən istisna etmədiyini biruzə verir. Halbuki, əsas məsələ müharibənin bitib-bitməməsi deyil, məhz savaşın hansı şərtlər çərçivəsində sona çatacağı ilə bağlıdır.

Məsələ ondadır ki, Kreml üçün əsas hədəflər 2022-ci ildən sonra işğal olunan Ukrayna ərazilərinin statusunun Rusiyanın tərkib hissəsi kimi tanınması, Ukraynanın təhlükəsizlik arxitekturasında dəyişikliyin edilməsi və Qərbin Ukrayna ətrafındakı geopolitik proseslərə hərbi-siyasi təsirinin məhdudlaşdırılmasıdır. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünün qorunmasını, etibarlı təhlükəsizlik təminatlarının əldə edilməsini və gələcəkdə Rusiyanın yeni hücum risklərinin qarşısının indidən alınmasını əsas prioritet hədəflər kimi ön plana çıxarır.
Göründüyü kimi, hazırkı mərhələdə həm Kreml, həm də rəsmi Kiyev beynəlxalq auditoriyaya öz mövqelərini daha qabarıq şəkildə çatdırmağa çalışır. Belə ki, Rusiya “sülhə hazırıq, amma şərtlərimiz də var” mesajını verir. Ukrayna isə “danışıqlara açığıq, ancaq suverenlikdən heç bir halda, imtina etməyəcəyik” məzmunlu mövqeyini ön plana çıxarır. Bu baxımdan, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə açıq məktubu və Kremlinsə, vaxtilə ABŞ prezidenti Donald Tramp tərəfindən də uğursuz şəkildə istifadə edilmiş “bir günə sülh” mesajını “ələ keçirərək”, eynilə təkrarlaması əslində, müharibənin dərhal sona çatma şansının mövcudluğu anlamına gəlmir. Əksinə, münaqişə tərəfləri hələlik yalnız mümkün gələcək danışıqlar üçün indidən siyasi zəmin yaratmağa çalışırlar.
Belə anlaşılır ki, əsas reallıq istənilən halda, dəyişməz xarakter daşıyır. Yəni, Ukrayna savaşının yalnız hərbi yolla deyil, həm də gec-tez siyasi-diplomatik razılaşma ilə başa çatma ehtimalı aktual olaraq, qalır. Belə ki, böyük ehtimalla əsas qarşıdurma bundan sonra yalnız savaş meydanında deyil, elə “sülh masası”nın arxasında da davam edəcək. Çünki Rusiya-Ukrayna arasında sülh prosesinin gələcək nəticələri yalnız Kreml və rəsmi Kiyevdən asılı deyil. Bu prosesin inkişaf istiqamıtlərinə ABŞ, Avropa ölkələri və digər regional vasitəçilərin mövqeyi də birbaşa təsir göstərir. Bu baxımdan, Ukrayna savaşının hərbi əməliyyatlarla siyasi-diplomatik manevrlərin paralellik təşkil etdiyi daha mürəkkəb mərhələyə keçid etdiyi qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert