Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ prezidenti Donald Trampın Türkiyəyə səfərini şərh edib.

Kainat.tv xəbər verir ki, sabiq nazir bununla bağlı "Facebook" hesabında paylaşım edib.

Tofiq Zülfüqarov bildirib ki, Trampın Türkiyəyə səfəri çərçivəsində keçirilən protokol tədbirlərinin görüntüləri olduqca informativdir və mətn az olsa da, sanki səssiz filmdə olduğu kimi, çox şeyi anlamağa imkan verir. O qeyd edib ki, dövlət protokolu və mərasim qaydaları hər zaman xarici siyasətin ən mühüm amillərindən biri olub.

Sabiq nazirin sözlərinə görə, Trampın əvvəlcədən verdiyi anons təsdiqini tapıb və Türkiyə ilə Pakistan Yaxın Şərq regionunda təhlükəsizlik məsələləri üzrə ABŞ-ın ən mühüm tərəfdaşlarına çevriliblər.

"NATO-da say baxımından ikinci ən böyük Silahlı Qüvvələrə malik olan Türkiyə, hətta nüvə silahına sahib Fransa və Böyük Britaniya ilə müqayisədə belə, bundan sonra Avropa təhlükəsizlik sistemində əsas rollardan birini oynayacaq.

Netanyahu dövründə İsrailin ABŞ-ın yeganə və əsas hərbi-siyasi dayağı olmaq ambisiyaları regionun coğrafi, demoqrafik və ən əsası dini-konfessional reallıqları səbəbindən mümkün deyil.

İsrailin "İbrahim sazişləri" vasitəsilə siyasi təsirini genişləndirmək konsepsiyası yalnız yəhudi dövlətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edən ehtiyaclarla məhdudlaşacaq.

Türk Dövlətləri Təşkilatının lideri kimi Türkiyə artıq ABŞ-ın dəstəyi ilə vahid müdafiə komponentinin formalaşdırılmasını daha sürətli şəkildə həyata keçirəcək", - Tofiq Zülfüqarov qeyd edib. //Publika.az