Hər il 2 iyul tarixi Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan polisinin cəmiyyət qarşısındakı mühüm xidmətlərini dəyərləndirmək, ictimai asayişin və təhlükəsizliyin qorunmasında əməyi olan polis əməkdaşlarına hörmət və minnətdarlığı ifadə etmək məqsədi daşıyır.

Kainat.tv bildirir ki, Azərbaycan polisinin tarixi 1918-ci il iyulun 2-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradılması ilə başlayır. Sonradan 24 may 1998-ci ildə imzalanmış 710 nömrəli Fərmanla həmin tarix rəsmi olaraq Azərbaycan Polisi Günü elan edilmişdir.

Polis dövlətin ən vacib hüquq-mühafizə orqanlarından biridir. Onun əsas vəzifəsi insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaq, ictimai asayişi təmin etmək, cinayətkarlığa qarşı mübarizə aparmaq, yol hərəkəti təhlükəsizliyini qorumaq və fövqəladə hallarda vətəndaşlara kömək göstərməkdir. Polis əməkdaşları gecə-gündüz, bayram və istirahət günlərində belə məsuliyyətlə xidmət edirlər.

Azərbaycan polisi müstəqillik illərində dövlətçiliyin möhkəmləndirilməsində, ölkədə sabitliyin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayıb. Vətən uğrunda gedən döyüşlərdə də çoxlu polis əməkdaşları qəhrəmanlıq göstərmiş, şəhidlik zirvəsinə ucalmış və dövlət təltiflərinə layiq görülmüşlər.

Müasir dövrdə polis orqanlarında peşəkarlığın artırılması, yeni texnologiyaların tətbiqi, vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu dəyişikliklər təhlükəsizliyin daha etibarlı təmin olunmasına xidmət edir.

Polis peşəsi böyük məsuliyyət, cəsarət, dürüstlük və vətənpərvərlik tələb edən şərəfli bir peşədir. Hər bir polis əməkdaşı qanunun aliliyini qorumağa, vətəndaşların hüquqlarını müdafiə etməyə və cəmiyyətə xidmət etməyə and içir. Onların fədakar əməyi ölkəmizdə əmin-amanlığın qorunmasına mühüm töhfə verir.

Kainat.tv olaraq bu əlamətdar gün münasibətilə başda cənab nazir Vilayət Eyvazov olmaqla, bütün polis əməkdaşlarını və daxili işlər orqanlarının veteranlarını ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Azərbaycan polisi xalqın təhlükəsizliyi və dövlətimizin sabitliyi naminə bundan sonra da şərəflə xidmət edəcək.