İsrailin “Maariv” və “Kikar” nəşrləri İran-İsrail müharibəsindən sonra Yaxın Şərqdə yaranan yeni geosiyasi vəziyyəti təhlil edərək Türkiyəni "müharibənin gizli qalibi" adlandırıblar.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, “Maariv”ə görə, Ankara müharibə dövründə diplomatik fəallığını artıraraq regional təsirini gücləndirib və bunu qlobal nüfuzunu artırmaq üçün "qızıl fürsət"ə çevirib.

Nəşr həmçinin Türkiyənin ABŞ ilə İran arasında atəşkəs və razılaşma prosesində mühüm rol oynadığını qeyd edib.

Qəzetin təhlilinə görə, müharibədən sonra Türkiyənin NATO daxilindəki mövqeyi də güclənib. Bildirilir ki, ABŞ, Almaniya və İtaliya İrandan qaynaqlanan təhlükələr fonunda Türkiyədə əlavə raketdən müdafiə sistemləri yerləşdirib.

İsrail mətbuatı müharibənin Türkiyənin müdafiə sənayesinə də yeni imkanlar açdığını vurğulayıb. Məlumata görə, Ankara Qətər, Küveyt və Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində iri həcmli müqavilələr bağlayaraq özünü regionun etibarlı təhlükəsizlik tərəfdaşlarından biri kimi mövqeləndirib.

“Kikar” isə Türkiyənin müharibə dövründə qarşısına qoyduğu üç əsas məqsədə nail olduğunu iddia edib. Nəşrə görə, Ankara vasitəçi rolunu gücləndirib, İran mənşəli mümkün kürd qurumunun yaranmasının qarşısını alıb və regional qeyri-sabitliyin öz ərazisinə yayılmasına imkan verməyib.

Təhlildə vurğulanıb ki, İran-İsrail müharibəsi Türkiyənin diplomatiya, müdafiə, enerji və təhlükəsizlik sahələrində təsir imkanlarını daha da artıraraq ölkə üçün yeni geosiyasi mərhələnin əsasını qoyub.