Ermənistanla ABŞ arasında təbii ehtiyatların birgə işlənməsi haqda sənəd İrəvanda heç də toy-bayramla qarşılanmayıb. Daha çox Rusiyaya yaxın bu dairələr iddia edirlər ki, ABŞ Ermənistanın xüsusilə şist ehtiyatlarını ələ keçirməkdə maraqlıdır. Dünya üzrə şist ehtiyatları qlobal neft və qaz ehtiyatlarının mühüm hissəsini təşkil edir. Yer kürəsində mövcud olan şist (lay-lay quruluşlu süxur) ehtiyatları ABŞ başda olmaqla dünyanın 41-dən çox ölkəsində mövcuddur. Şist nefti ehtiyatları ümumi qlobal neft ehtiyatlarının təxminən 10%-ni təşkil edir. Şist karbohidrogenləri əsasən metandan ibarət olan qaz və yüksək üzvi maddə tərkibli yanar süxurlardır.

Bildirilir ki, 1995-ci ildə Ermənistan hökuməti Sovet dövründə kəşf edilmiş neft şist və kömür yataqlarının sənaye potensialını istismar etmək üçün geoloji kəşfiyyat aparmaq qərarı verib. Amma 1990-cı illərin maliyyə və iqtisadi böhranı səbəbindən bu təşəbbüs reallaşmamış qaldı.

ABŞ Geoloji Xidmətinin araşdırmasına görə, Aramus bölgəsində təxminən 44 milyon ton neft şist ehtiyatı var. Amerika tərəfi daha yüksək qiymətləndirmələrə istinad edərək İcevan, Şamut və Germanisdə 17-18 milyon ton, Dilijan bölgəsində isə 128 milyon ton şist ehtiyatının olduğunu göstərib. Rusiya ermənilərinin nəşri olan yekramos.org yazır ki, ABŞ Ermənistanın bütün strateji ehtiyatlarına göz dikib.

“Qafqaz uğrunda mübarizə artıq sadəcə məkan uğrunda mübarizə deyil. Və təkcə sərhədlərlə bağlı deyil. Bu, hansı resursların çıxarılacağını, hansı marşrutların seçiləcəyini və qlobal iqtisadiyyata qoşulmağın kimin maraqlarına uyğun olacağını müəyyən etmək hüququ uğrunda mübarizədir” deyə, bildirilir.Ermənistanda əsas mineral ehtiyatlara (qızıl, mis, molibden və s.) yerli hökumət lisenziyaları və beynəlxalq investisiya şirkətləri vasitəsilə müxtəlif layihələr cəlb olunur. Məsələn, Amulsar qızıl yatağı kimi layihələrdə Qərb mənşəli investorlar da iştirak edib və bu, Ermənistan hökumətinin iqtisadi layihəsi kimi təqdim olunur, “ABŞ tərəfindən ələ keçirilmə” kimi yox.

Nəzərə almaq lazımdır ki, şist ehtiyatlarının istismarı yüksək texnoloji və böyük maliyyə tələb edən sahədir.

Rusiya yönümlü bəzi media və ekspertlərin “strateji resursların ələ keçirilməsi” kimi iddiaları isə daha çox geosiyasi narrativ çərçivəsində qiymətləndirilir.

abs cenubi qafqaz

P
olitoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, ermənilərə bağlı media strukturunun iddiası şişirdilmiş iddiadır:

“ABŞ kimi fövqəldövlətin müxtəlif regionlarda müxtəlif maraqlarının olduğu məlumdur. Maraqlar sırasında təhlükəsizlik, geopolitik maraqlar, eyni zamanda iqtisadi maraqların olması da aydındır. Ancaq Cənubi Qafqazda ABŞ-nin bir nömrəli marağının Ermənistanın və bölgənin təbii ehtiyatlarını ələ keçirmək olduğu iddiası şişirdilmiş və çox da ciddi əsası olmayan iddiadır. SSRİ süquta uğrayandan sonra ABŞ-nin dünyada ikinci ən böyük səfirliyi Ermənistanda qurulub. Bu fakt təkcə Ermənistanın təbii sərvətləri ilə əlaqələndirilə bilməz. Burada Ermənistanın Cənubi Qafqazda daha çox ayrı-ayrı regionlardan olan oyunçulara öz ərazisində meydan verməsi amili əsas rol oynayır. Ermənistanın elə də böyük təbii sərvətləri yoxdur ki, ABŞ kimi nəhəng ölkənin əsas marağı buna görə olsun. ABŞ Rusiyanın indiki mərhələdə regionda zəifləməsindən istifadə edib Ermənistan vasitəsilə regiona daxil olmaq istəyirsə və Ermənistana investisiya yatırmaq istəyirsə bunun qarşılığını da əldə etməlidir. Qarşılıq sırasında iqtisadi qazancların da əldə edilməsinin hədəflənməsi mümkündür. Ancaq bu heç də o demək deyil ki, bir nömrəli hədəf Ermənistanın o qədər zəngin olmayan təbii sərvətləridir”.

Politoloqun sözlərinə görə, Ermənistan çalışmalıdır ki, öz ərazisini və öz ərazisi üzərindən Cənubi Qafqazı böyük güclərin toqquşduğu regiona çevirəcək addımlar atmasın.

Etibar Seyidağa