Siyasi şərhçi: “Moskva müharibənin uzanmasının ona da sərf etmədiyini düşündüyündən Koreya variantını dəstəkləyə bilər”

Ukrayna prezidenti Volodimir Zelenski Sky TV-yə müsahibəsində ilk dəfə NATO-ya üzvlük müqabilində Ukrayna ərazilərini geri qaytarmadan ölkədəki münaqişəyə son qoymağı təklif etməsi haqda xəbər vermişik. “Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, NATO üzvlüyü münaqişənin səngiməsi üçün ən uyğun həll yoludur. Bundan sonra isə Zelenski münaqişə bölgəsində diplomatik danışıqlar apararaq işğal altında olan ərazilərin qaytarılması üzərində işləmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, əvvəlki dövrlərdə belə bir təklif yalnız rəsmi şəkildə irəli sürülmədiyi üçün bu məsələni nəzərdən keçirməyiblər.

Onun fikrincə, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə ərazilərin “diplomatik yolla” qaytarılması ilə bağlı razılığa gəlməyə kömək edəcək. Qısası, Zelenski Ukraynanı mövcud (de-fakto) ərazi ilə alyansa götürməyi təklif edir. O, eyni zamanda hazırda Ukrayna ordusunda hərbçi yox, silah çatışmazlığı olduğunu da bildirib.

Zelenskinin bu bəyanatı Ukraynada geniş müzakirələrə səbəb olub. Hərçənd bir gün sonra o, sözünə düzəliş edərək bildirib ki, Kiyev heç vaxt Ukrayna ərazilərində Rusiyanın işğalını tanınmayacaq və ərazinin yalnız bir hissəsinin NATO üzvlüyünə razı olmayacaq.

Yəni əslində söhbət Azərbaycanla Ermənistan arasında 26 il (1994-2020) mövcud olmuş atəşkəs rejiminə (nə sülh, nə də müharibə) bənzər bir atəşkəsdən gedir. Bəs NATO-ya üzvlük naminə Ukrayna üçün belə bir istisna edilə bilərmi? Rusiya necə, buna hazırdırmı?

Qeyd edək ki, bu gün (3-5 dekabr) NATO XİN rəhbərlərinin toplantısı olacaq. Gündəlikdə Ukrayna mövzusu da var.  

Bu arada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi istefada olan general-leytenant Kit Kellog Ukrayna münaqişəsinin həlli üçün bir sıra təkliflər irəli sürüb.

“The Sun” xəbər verir ki, təkliflər aşağıdakı əsas məqamları əhatə edir:

* Atəşkəs və demilitarizasiya zonası: mövcud cəbhə xəttində atəşkəs elan edilməsi və demilitarizasiya zonasının yaradılması.

* Danışıqların təşviqi: Ukraynaya göstəriləcək hərbi yardımın davamlılığı, onun Rusiya ilə danışıqlara hazır olmasından asılı olacaq. Əgər Ukrayna danışıqlara razılaşarsa, ABŞ ona özünü müdafiə etmək üçün kifayət qədər silah təmin edəcək.

* NATO üzvlüyünün təxirə salınması: Ukraynanın NATO-ya üzvlüyü qeyri-müəyyən müddətə təxirə salınacaq. Bu, geniş sülh sazişi və təhlükəsizlik zəmanətləri müqabilində həyata keçiriləcək.

* Ərazi məsələlərinin diplomatik həlli: Ukrayna işğal olunmuş əraziləri geri qaytarmaq hüququndan imtina etməyəcək, lakin bunu yalnız diplomatik yollarla həyata keçirməyi qəbul etməlidir.

* Sanksiyaların mərhələli ləğvi: Rusiya danışıqlara razılaşarsa, ona tətbiq olunan bəzi sanksiyalar qismən yumşaldılacaq və sülh sazişi imzalandıqdan sonra tamamilə ləğv ediləcək.

* Ukraynanın bərpası üçün maliyyə mənbəyi: Ukraynanın bərpası, Rusiyanın enerji resurslarının ixracına tətbiq ediləcək vergilər hesabına maliyyələşdiriləcək.



Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi istefada olan general-leytenant Kit Kellogun irəli sürdüyü bu təkliflər əslində yeni deyil: “Ukrayna müharibəsi başlayandan indiyədək müxtəlif NATO generalları bu təkliflər çıxış etmiş, ya Kiyev, ya da Moskva isə həmin fikirləri yaxına buraxmamışdılar. Hətta müharibənin ilk ilində Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi Aleksey Danilov mühəribənin həllində "Koreya variantı"nı reallaşdırmağın vacibliyindən danışmışdı. Bu fakt onu göstərir ki, NATO yetkililərinin vaxtaşırı irəli sürdüyü sözügedən həll planı Kiyevdə ciddi şəkildə müzakirə olunmuşdu. Lakin həmin vaxt Rusiya bu təklifi geri çevirmişdi. Hazırda Moskva da müharibənin uzanmasının ona sərf etmədiyini düşündüyündən Koreya variantını dəstəkləyə bilər".

Bununla belə, Heydər Oğuz hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya qəbul olunması şərti ilə Koreya variantını qəbul edəcəyini bildirməsi danışıqlar prosesində növbəti əngəl yarada bilər: "Çünki Kit Kellogun təklifində mühüm şərtlərdən biri də Ukraynanın NATO üzvlüyü iddiasından vaz keçməsidir. Nəzərə alsaq ki, Rusiyanın Ukraynaya hücumunun əsas arqumentlərindən biri də Kiyevin NATO üzvlüyünü dövlət proqramı kimi qəbul etməsi və hətta bu hədəfin konstitusiyaya salınması idi, Moskvanın məlum şərtlə razılaşması mümkün deyil". 

Heydər Oğuzun fikrincə, ABŞ və NATO strateqlərinin  hazırladıqları təklifə “Koreya variantı” deməsi də əslində Ukraynanın NATO-ya üzvlüyünün nəzərdə tutulmamasından qaynaqlanır: “Məlumdur ki, NATO-nun Nizamnaməsində ərazi münaqişəsinə səhnə olan dövlətin bu alyansa qəbulu nəzərdə tutulmasa da, ittifaqın tarixində Almaniya təcrübəsi var. Almaniya 1955-ci ildə NATO-ya qatılmışdı. O vaxt isə Almaniya iki yerə bölünmüşdü. Qərbi Almaniya ABŞ-ın, Şərqi Almaniya isə SSRİ-nin nəzarəti altında idi. Buna baxmayaraq, ikiyə bölünmüş Almaniya öz birləşmək arzusundan vaz keçməmiş və 45 ildən sonra bu arzusunu reallaşdırmışdı. 1990-cı ilin oktyabrında Şərqi və Qərbi Almaniyanın birləşməsi və vahid dövlət yaradılması barədə Konstitusiya aktı qəbul etmişdi. Başqa sözlə desək, Almaniya NATO-ya qəbul olunanda ərazi bütövlüyü yox idi, amma bu onun üzvlüyünə də maneə kimi görünmürdü. NATO generallarının Ukrayna barəsində hazırladığı layihədə alyansa üzvlük nəzərdə tutulsaydı, buna əvvəldən "Koreya varianti" yox, “Almaniya variantı” deyərdilər. Bu mənada Kit Kellogun irəli sürdüyü NATO üzvlüyünün təxirə salınması maddəsi imperativ tələbdir və onun müzakirəsi nəzərdə tutulmur. Zelenski əgər bu tələbi qəbul etmirsə, deməli, ABŞ-ın atəşkəs planına “yox” deyir".

“Koreya variantı”nın mahiyyətinə aydınlıq gətirən Heydər Oğuz xatırladıb ki, iki Koreya arasındakı faktiki sərhədlər 27 iyul 1953-cü ildə Birləşmiş Millətlər Təşkilatı ilə Şimali Koreya və Çin arasında Koreya müharibəsini bitirən atəşkəs sazişi ilə ortaya çıxıb: “Panmunjom Atəşkəs Müqaviləsi adlanan bu saziş adından da göründüyü kimi, təkmil bir sənəd deyil. Müqavilədə nəzərdə tutulub ki, "yekun sülh yolu ilə həllə nail olunana qədər Koreyada hərbi əməliyyatların və silahlı hərəkətlərin dayandırılmasını təmin etmək" məqsədilə bağlanıb. 38-ci şimal enində iki ölkə arasında faktiki sərhəd olan Koreya Neytral Bölgəsi yaradılıb və hərbi əsirlər öz ölkələrinə geri qaytarılıb. 70 ildən çoxdur davam edən bu atəşkəs tərəflər üzərində sülh yolu ilə həllə üstünlük verməkdən başqa hər hansı öhdəlik də ortaya qoymur. Zənnimcə, Kiyev üçün də belə bir müqavilənin imzalanması nəzərdə tutulur.  Anlaşmanın indidən açıqlanan prinsiplərində “Ukraynanın işğal olunmuş əraziləri geri qaytarmaq hüququndan imtina etməməsi, lakin bunun yalnız diplomatik yollarla həyata keçirilməsi” tələbi Panmunjom Atəşkəs Müqaviləsinin şərtlərinə uyğundur. Təklifdə Ukraynanın silahlandırılması və hərbi yardımın davamlılığı barədə müddəaların yer alması, bundan əlavə, Ukraynanın bərpasının Rusiyanın enerji resurslarının ixracına tətbiq ediləcək vergilər hesabına maliyyələşdirilməsi kimi öhdəliklər də Moskvanın asanlıqla qəbul edəcəyi prinsiplərə bənzəmir. Fikrimcə, ABŞ-ın irəli sürəcəyi bu təklif tərəflərə nəticəsiz müzakirələrlə zaman qazandırmaqdan başqa bir işə yaramayacaq və beləcə bir müddət də “nə sülh, nə müharibə” şəraiti davam edəcək. Açığı, Trampın öyərək yerə-göyə sığdırmadığı və 24 saata hər iki tərəfi masaya oturdacağı ilə qürurlandığı bu təkliflərin qəbulu hələ ki mümkün görünmür".

Elşən MƏMMƏDƏLİYEV