Ermənistanın “Qərbdə təhlükəsizlik çətiri” axtarması, NATO ölkələri ilə hərbi təlimlər keçirməsi Rusiyanı həm ciddi şəkildə narahat edir, həm də qəzəbləndirir. Çünki bu, Cənubi Qafqazda geopolitik balansın artıq yenidən dəyişmə mərhələsinə daxil olması anlamını daşıyır. Belə ki, Ermənistanın ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə “Eagle Partner-2026” beynəlxalq hərbi təlimlərinə ev sahibliyi etməsi yalnız hərbi hazırlıq prosesi deyil. Yəni, bu, həm də rəsmi İrəvanın xarici siyasət və təhlükəsizlik strategiyasında baş verən dərin transformasiyanın açıq göstəricisi hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, bu hərbi təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, NATO üzvü olan ölkələrin hərbi kontingentlərinin nümayişkaranə şəkildə iştirakı Kremldə rəsmi İrəvana qarşı qəzəbi son həddə çatdırıb. Halbuki, rəsmi açıqlamalarda bu hərbi təlimlərin əsas məqsədinin sülhməramlı missiyalar üçün hazırlıq, beynəlxalq hərbi əməkdaşlığın inkişafı, komanda-idarəetmə və rabitə imkanlarının artırılması olduğu bildirilir. Ancaq buna baxmayaraq, Cənubi Qafqaz regionundakı qəliz geopolitik proseslərə paralellik təşkil edən bu addım əslində, daha geniş anlam daşıyır.
Məsələ ondadır ki, Ermənistan hələ də Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvüdür. Ancaq son illərdə rəsmi İrəvanla Kreml arasında yaranan geostrateji ziddiyyətlər nəticəsində Ermənistan KTMT çərçivəsində fəaliyyətini faktiki olaraq, dondurub. Rəsmi İrəvan KTMT tədbirlərində iştirakdan imtina edir, bu hərbi-siyasi təşkilatın ortaq fəaliyyət mexanizmlərindən tədricən uzaqlaşır və bu qurumun təhlükəsizlik təminatı imkanlarına açıq şəkildə şübhə ilə yanaşır. Paşinyan hakimiyyəti xüsusilə də İkinci Qarabağ savaşından sonra KTMT-nin Ermənistana münasibətini sərt tənqid edib və təşkilatın müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini bildirib.
Ancaq Rusiya isə Ermənistanın bu mövqeyini qətiyyən qəbul etmir, KTMT-ya yönəlik ittihamların əsassız olduğunu ön plana çəkir. Kreml rəsmi İrəvanın sərt tənqidlərinə cavab olaraq, dəfələrlə vurğulayıb ki, KTMT kollektiv təhlükəsizlik mexanizmidir və üzv ölkələrin də təşkilat qarşısında müəyyən siyasi və maliyyə öhdəlikləri mövcuddur. Və Ermənistanın həmin üzvlük öhdəliklərindən tədricən uzaqlaşması isə Rusiya tərəfindən ciddi narazılıqla qarşılanır.
Təbii ki, belə bir situasiyada rəsmi İrəvanın ABŞ və NATO ölkələri ilə hərbi əməkdaşlığı daha da genişləndirməsi Kreml üçün olduqca ciddi geopolitik mesaj xarakteri daşıyır. Xüsusilə də, Fransa və Yunanıstanın ilk dəfə “Eagle Partner” formatına məhz Ermənistanda qoşulması rəsmi İrəvanın Qərblə hərbi-siyasi yaxınlaşmasının artıq yeni mərhələyə keçməkdə olduğunu göstərir. Və əslində isə bu proses həm də Ermənistanın təhlükəsizlik doktrinasında dəyişiklik axtarışlarının nəticəsi hesab olunur.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti uzun illər ərzində mövcud olan Rusiyanın patronajlığı altındakı təhlükəsizlik modelinin Ermənistanın maraqlarına tam cavab vermədiyini artıq dəfələrlə açıq mətnlə bəyan edib. Üstəlik, rəsmi İrəvan hətta mövcud təhlükəsizlik modelinə daha effektiv alternativ hərbi tərəfdaşlar axtardığını da qətiyyən gizlətmir. Bu baxımdan, Ermənistanın Avropa Birliyi və ABŞ ilə münasibətləri də tədricən genişlənir. Yəni, rəsmi İrəvan Qərbin siyasi, iqtisadi və təhlükəsizlik strukturları ilə daha sıx əməkdaşlıq etməyə çalışır.
Ancaq bu prosesdə əsas müəmmalı qalan məsələ məhz Ermənistanın yeni hərbi tərəfdaşlar axtarışında nə qədər irəli gedə biləcəyi ilə birbaşa bağlıdır. Çünki NATO ilə əməkdaşlıq və bu hərbi-siyasi alyansa üzvlük arasında olduqca ciddi fərqlər mövcuddur. Bu baxımdan, rəsmi İrəvanın Qərbə yaxınlaşma iqtiqamətində atdığı hazırkı addımlar daha çox hərbi tərəfdaşlıq və siyasi inteqrasiya xarakteri daşıyır. Və Ermənistanın qısa müddətdə Qərbin təhlükəsizlik sisteminə tam daxil olması isə mövcud regional reallıqlar baxımından, hələlik olduqca mürəkkəb, hətta qeyri-mümkün məsələ hesab olunur.
Əslində, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı açıqlamaları da rəsmi İrəvanın Rusiyaya bağlı təhlükəsizlik modelinə münasibətdə hələlik qeyri-müəyyən strategiyaya malik olduğunu göstərir. Çünki rəsmi İrəvan bir tərəfdən Ermənistanın bu təşkilatdan çıxmaq ehtimalını müzakirə edir, digər tərəfdən isə bu prosesin necə və hansı şərtlər altında reallaşa biləcəyi ilə bağlı konkret mövqeyini açıqlamağa tələsmir. Və bu yanaşma isə həm də onu göstərir ki, rəsmi İrəvan hazırda Kreml ilə münasibətləri tamamilə qoparmaq barədə prinsipial qərar verməyib.
Ancaq bununla belə, rəsmi İrəvan Ermənistanın Rusiyadan asılılığını mümkün qədər azaltmaq istiqamətində mərhələli və məqsədyönlü şəkildə siyasi addımlar atmaqda da davan edir. Yəni, belə anlaşılır ki, Ermənistan KTMT-dan faktiki olaraq uzaqlaşmaqla, əslində, daha çox məhz Qərblə mümkün qədər yaxınlaşma üçün uyğun geopolitik zəmin hazırlamağa çalışır. Halbuki, Rusiya üçün isə hazırda əsas problem yalnız Ermənistanın Qərblə hərbi-siyasi münasibətlərinin intensivləşməsi ilə də məhdudlaşmır.
Məsələ ondadır ki, Ermənistan ənənəvi olaraq, Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərindən biri hesab olunurdu. Ancaq indi rəsmi İrəvanın israrla Kremlin orbitindən çıxmağa çalışması Rusiya üçün bu regiondakı geostrateji mövqelərin zəifləyərək, tədricən itirilmə təhlükəsi yarada bilər. Və bu baxımdan, Kremlin rəsmi İrəvanın son davranışlarına verəcəyi radikal reaksiyanın Ermənistan üçün olduqca ciddi geopolitik sarsıntılar doğura biləcəyi də qətiyyən istisna deyil.
Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın ABŞ və Qərblə hərbi-siyasi yaxınlaşma cəhdlərinin Ermənistanın gələcək mövcudluğu baxımından, müəyyən təhlükəsizlik riskləri yaratdığı da elə bir ciddi şübhə doğurmur. Çünki Rusiya Cənubi Qafqazda, xüsusilə də, məhz Ermənistanda hələ də olduqca önəmli hərbi-siyasi təsir mexanizmlərinə malikdir. Və böyük ehtimalla rəsmi İrəvan indiki xarici siyasət kursunu eynilə davam etdirməkdə israrlı olarsa, Rusiyanın Ermənistana münasibətdə daha radikal müdaxilə variantlarını ön plana çəkə biləcəyi tamamilə inandırıcı görünür.
Göründüyü kimi, Ermənistanda NATO ölkələrinin iştirakı ilə keçirilən “Eagle Partner-2026” təlimləri əslində, sadəcə, hərbi manevr xarakteri daşımır. Rəsmi İrəvanın belə bir hərbi təlimin keçirilməsinə razılıq verilməsi ilə bağlı nümayişkəranə siyasi qərarı, həm də postsovet məkanında dəyişən geopolitik güc balansının, Cənubi Qafqazda amansız Rusiya-Qərb qarşıdurmasının real təzahürü hesab olunur. Və bu, eyni zamanda Cənubi Qafqazda yeni təhlükəsizlik modelinin formalaşma prosesinin tərkib hissəsi kimi də diqqəti çəkir.
Belə anlaşılır ki, indi rəsmi İrəvan üçün çox mürəkkəb seçim məcburiyyəti hələ prinsipial xarakter daşıyır. Belə ki, rəsmi İrəvan israrla Rusiyanın patronajlığına bağlı ənənəvi təhlükəsizlik sistemindən uzaqlaşaraq, ABŞ və Qərbin hərbi-siyasi dəstəyinə nail olmağa can atır. Ona görə də, Paşinyan hakimiyyəti indi həm də Rusiya ilə mövcud münasibətləri tam pozmadan, geopolitik balans siyasətini necə davam etdirəcəyinə də qərar verməli olacaq. Və Rusiyanın hərbi-siyasi orbitindən hələ tam xilas olmamış Ermənistanın bundan sonra atacağı növbəti addımlar yalnız bu ölkənin deyil, həm də bütövlükdə Cənubi Qafqazın gələcək geopolitik arxitekturasına ciddi şəkildə təsir göstərə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert