Elşad Mirbəşiroğlu: "Moskva Ermənistanın öz təsir orbitindən tam çıxmasının qarşısını almaq üçün daha ciddi fəallıq nümayiş etdirəcək”

Aydın müşahidə olunur ki, Ermənistanın Avropa İttifaqına yönəlik siyasəti ilə bağlı Rusiya açıq şəkildə narazılığını bildirir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk dəfələrlə açıq şəkildə bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşması onun üçün neqativ nəticələrə səbəb olacaq.

WhatsApp Image 2026-06-18 at 12.47.55.jpeg (95 KB)

Siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bu fikirləri Musavat.com-a, hal-hazırda davam edən Rusiya - Ermənistan gərginliyi fonunda Avropa İttifaqının İrəvana alternativlər təqdim etməsi və Ermənistanı Kremldən uzaqlaşdırmağa yönəlik siyasətinin qarşılığında rəsmi Moskvanın xəbərdarlıqlarını şərh edərkən söyləyib. Qeyd edək ki, “Financial Times” Brüsseldəki mənbələrə istinadən Avropa Komissiyasının (AK) Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda erməni mallarının Aİ bazarına çıxışını genişləndirmək üçün təcili tədbirlər paketi hazırladığı barədə xəbər yayıb. Nəşrin məlumatına görə, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tarifləri azaldacaq avtonom ticarət tədbirləri hazırlayır. Avropa Komissiyasının sözçüsü Olof Gill “Financial Times”ə bildirib ki, yeni tədbirlər daha çox erməni şirkətinin Avropa bazarına daxil olmasına kömək etməli və məhdudiyyətlərdən ən çox təsirlənən iqtisadi sektorları dəstəkləməlidir. Qəzetin mənbələrindən biri qeyd edib ki, Avropa İttifaqı “Ermənistana etibarlı iqtisadi tərəfdaş olmağa hazır olduğunu nümayiş etdirmək” niyyətindədir. Aİ-yə üzv ölkələrin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən təşəbbüs illik təxminən 420 milyon avro dəyərində olan Ermənistan ixracatının təxminən 20 kateqoriyasının əksəriyyətinə təsir göstərə bilər. Proseslərin bu məcrada gedişatı sözsüz ki, Rusiyanı qane etmir və pressinq siyasətini davam etdirir. Düzdür, Rusiyanın rəsmi şəxsləri kənd təsərrüfatı məhsulları və digər erməni mallarına qoyulan məhdudiyyətin arxasında siyasi məqsədlərin olmasını danırlar. Amma fakt faktlığında qalır, Ermənistanın Avrointeqrasiya siyasətinə iqtisadi sanksiyalarla verilən cavabdır.

E.Mirbəşiroğlu Rusiyanın mövqeyini təəccüblü hesab etmir: “Təbii ki, Overçuk əsasən, Rusiya bazarlarının Ermənistan üçün kritik əhəmiyyət kəsb etdiyi reallığına istinad edərək belə mövqedən çıxış edir. Həqiqətən də, Rusiya bazarları Ermənistan üçün olduqca vacib əhəmiyyət kəsb edir. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi ən yük həddə olan Ermənistanda ÜDM-in təxminən 36%-i Rusiya ilə ticarət hesabına formalaşırdı. Hazırda isə bu rəqəm 6%-ə düşüb. Son məhdudiyyətlərdən sonra isə təxmini 2% civarında olduğu müəyyənləşib. Ermənistan tərəfi hesab edir ki, Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının ərazisinə daxil olmasını məhdudlaşdırmaqla ona təzyiq etməyə çalışır. Rusiya tərəfi isə Ermənistan kənd təsərrüfatı məhsulları ilə bağlı qəbul eilən qərarların heç bir siyasi xarakter daşımadığını bildirir. Sadəcə olaraq, fitosanitar tələblərə düzgün əməl olunmadığını və Ermənistan tərəfində də sözügedən istiqamətdə işlərin yaxşı qurulmadığını əsas səbəb kimi göstərir”.



E.Mirbəşiroğlu şübhə etmir ki, bütün proseslərin əsasında Qərblə Rusiya arasında Ermənistan coğrafiyasında kəskin geosiyasi mübarizənin dayandığını düşünmək üçün ciddi əsaslar mövcuddur: “Son illərdə Ermənistan xüsusilə açıq şəkildə Avropa İttifaqına inteqrasiya kursunu götürdüyünü açıq nümayiş etdirməkdədir. Ermənistanda 7 iyun tarixində baş tutan parlament seçkiləri ərəfəsində də baş nazir Nikol Paşinyan Ermənistanın gələcək geosiyasi mövqeyi ilə bağlı kifayət qədər açıq danışırıdı. Yəni, Ermənistanın yeganə geosiyasi yönünün məhz Avropa İttifaqı istiqamətində olduğunu bildirirdi. Sözsüz ki, Ermənistanın Rusiyanın təsir orbitindən sürətlə və aşkar şəkildə uzaqlaşması Rusiya tərəfini ciddi narahat edir və sonuncu bir sıra təzyiq rıçaqlarını artıq işə salıb. Ermənistanla Rusiya arasında mal dövriyyəsinin təxminən 95-98%-i kənd təsərrüfatı məhsullarının payına düşür. Bu, kifayət qədər ciddi göstəricidir. Bu baxımdan, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasına məhdudiyyətlərin qoyulması Ermənistanla Rusiya arasındakı gərginliyin daha dərinləşdiyinə işarə edir. Rusiya tərəfi Ermənistanın Avrasiya İqtisadi İttifaqı platformasında ciddi faydalandığını dəfələrlə səsləndirib. Eyni zamanda təbii qazın qiymətinin də Ermənistan üçün xüsusi güzəştlərlə müəyyənləşdirildiyini önə çəkir”. Siyasi analitik hesab edir ki, payızda Aİİ toplantısında Ermənistanın üzvlüyü məsələsinə baxıla biləcəyi gözləniləndir: “Ermənistanla Rusiya arasında körpülər sürətlə yanmaqdadır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11,5 milyard ABŞ dolları təşkil edirdisə, ötən il bu rəqəm 6,4 milyard ABŞ dollarına düşmüşdü. 2026-cı ildə isə vəziyyətin daha kritik olduğunu müşahidə etməkdəyik. Rusiya həm də öz ərazisindən Ermənistan məhsullarının tranzitinin məhdudlaşdırılacağını da bildirib. Beləliklə, bu məhdudiyyətlərin geosiyasi mübarizənin mexanizmləri olduğunu söyləyə bilərik. Ermənistan sadəcə olaraq, Cənubi Qafqazda təsir uğrunda mübarizə meydanı rolunda çıxış etməkdədir. Avropa İttifaqı hələ 2024-cü il aprelin 5-də Ermənistana əlavə təhlükəsizlik təminatları vəd edəndə bu, mübarizənin daha açıq mərhələyə keçəcəyi təəsüratını yaradırdı. Həqiqətən də, biz görürük ki, Rusiya Ermənistanın Avropa İttifaqına sürətli inteqrasiya kursunu əlində olan vasitələrlə əngəlləməyə çalışır. Bu mənada, Rusiya bazarları əsas təsirli amil rolunda çıxış etməkdədir. Bunun ardınca digər vasitələrin də tətbiq olunacağını gözləmək olar”.

E.Mirbəşiroğlu onu da bildirib ki, Avropa İttifaqı da öz növbəsində Ermənistan üzərində özünün tam nəzarətini təmin etmək üçün kompleks addımlar atmaqdadır: “Belə ki, hər şeydən öncə Rusiya bazarlarına yolu bağlanmaqda olan Ermənistan kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına rahat çıxarılması üçün mümkün olan bütün imkanlar yaradılır. Belə dəstəklərdən birincisi, Aİ-nin Ermənistan fermerlərinə kompensasiyanın ödənilməsi ilə bağlı qərar edilməsi oldu. Bunun ardınca Avropa bazarlarına çıxarılacaq Ermənistan məhsulları gömrük rüsumlarından da azad ediləcək. Bütün bunlara baxmayaraq, Aİ Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını tam aradan qaldıracaq qədər imkanlara sahib deyil. Bu baxımdan, yaxın gələcəkdə Ermənistan iqtisadiyyatında ciddi geriləmələrin olacağı gözləniləndir. Rusiya Ermənistan iqtisadiyyatına ciddi təsir rıçaqlarına sahibdir və çox tezliklə onları aradan qaldırmaq mümkün olmayacaq. Müvafiq olaraq, Ermənistanın öz təsir orbitindən tam çıxmasının qarşısını almaq üçün daha ciddi fəallıq nümayiş etdirəcək”.

Elşad Paşasoy