Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Dilican şəhərinə səfəri adi diplomatik hadisə deyil. Bu səfər son illərdə Azərbaycan-Ermənistan münasibətlərində baş verən dəyişikliklərin məntiqi davamı olmaqla yanaşı, regionun gələcək siyasi arxitekturası baxımından da xüsusi əhəmiyyət daşıyır.

Kainat.tv-nin Musavat.com-a istinadən xəbər verdiyi kimi, iyunun 14-də Dilicanda Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə sülh gündəliyi və iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub. Bu barədə həm Azərbaycan, həm də beynəlxalq media məlumat yayıb.

Bu görüşün əhəmiyyətini artıran əsas amil onun Ermənistan parlament seçkilərindən dərhal sonra baş tutmasıdır. Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasından sonra regionda əsas sual bundan ibarət idi: İrəvan sülh prosesini davam etdirəcəkmi?
Dilicandan gələn görüntülər göstərir ki, proses dayanmayıb və tərəflər növbəti mərhələyə keçirlər.

Sülh gündəliyinin müəllifi Bakı olaraq qalır

Müharibədən sonrakı dövrün xronologiyasına diqqət yetirəndə maraqlı bir mənzərə ortaya çıxır. Son beş il ərzində Azərbaycan-Ermənistan münasibətlərində baş verən bütün əsas siyasi dəyişikliklərin təşəbbüskarı Bakı olub.
Sülh müqaviləsinin hazırlanması, qarşılıqlı ərazi bütövlüyünün tanınması, delimitasiya və demarkasiya prosesinin başlanması, kommunikasiyaların açılması, vasitəçilərin prosesdən tədricən uzaqlaşdırılması kimi məsələlərin hamısı ilk növbədə Azərbaycan tərəfindən gündəmə gətirilib.


Ermənistan müxtəlif mərhələlərdə bu prosesi ləngitməyə, vaxt uzatmağa və ya fərqli platformalara yönəltməyə çalışsa da, ümumi istiqamət dəyişməyib. Məğlub tərəf kimi İrəvan son nəticədə Bakının müəyyən etdiyi siyasi gündəliyin çərçivəsində hərəkət edib.

Bu gün artıq açıq görünür ki, yeni diplomatik format da Azərbaycanın təşəbbüsü ilə formalaşıb.

Xatırladırıq ki, Bakı-İrəvan arasında vvəlcə telefon diplomatiyası başladı. Daha sonra sərhəd komissiyalarının birbaşa təmasları həyata keçirildi. Ardınca sərhəd bölgələrində görüşlər təşkil olundu. İndi isə Azərbaycanın ən yüksək səviyyəli nümayəndələrindən biri Ermənistan ərazisində açıq şəkildə danışıqlar aparır.

Bu baxımdan Dilican görüşü də Bakının növbəti təşəbbüsü kimi qiymətləndirilə bilər.

Ən diqqətçəkən məqamlardan biri də budur ki, proses artıq Moskvanın, Vaşinqtonun və ya Brüsselin vasitəçiliyinə ehtiyac duymadan davam edir. Son illərdə Hikmət Hacıyev və Armen Qriqoryan müxtəlif platformalarda birbaşa təmaslar qurublar, sülh sazişi, sərhəd məsələləri və regional kommunikasiyalar barədə müzakirələr aparıblar.

Dilicanda baş tutan görüş isə həmin xəttin növbəti mərhələsidir.

Bu səfərin əhəmiyyətini artıran digər amil onu həyata keçirən şəxsin statusudur.

Hikmət Hacıyev sıravi diplomat deyil. O, Prezident İlham Əliyevin xarici siyasət üzrə ən yaxın silahdaşlarından biri, Azərbaycanın sülh prosesində əsas qərarverici və əlaqələndirici fiqurlarından hesab olunur.

Məhz buna görə onun Ermənistana səfəri Bakı tərəfindən verilmiş ciddi siyasi mesaj kimi qəbul edilməlidir.

Əgər cəmi 3 il əvvəl Azərbaycan Prezidentinin köməkçisinin Ermənistan ərazisində açıq şəkildə görüş keçirməsi mümkünsüz görünürdüsə, bu gün həmin görüntülər artıq reallıqdır.

Bu, müharibədən sonrakı yeni siyasi vəziyyətin ən aydın göstəricilərindən biridir.

Dilican – sərhəd yaxınlığında yerləşən strateji məkan


Dilican qədim Azərbaycan torpağıdır. Bu gün Ermənistanın Tavuş vilayətində yerləşir. Şəhər Azərbaycan sərhədinə, xüsusilə Qazax istiqamətinə yaxın ərazilərdə yerləşməsi ilə diqqət çəkir.

Sovet dövründə Dilican “Qafqazın İsveçrəsi” adlandırılırdı. Zəngin meşələri, dağ mənzərələri, mineral suları və mülayim iqlimi ilə tanınan bu şəhər uzun illər Cənubi Qafqazın ən məşhur istirahət mərkəzlərindən biri olub.

Tarixən bölgə mühüm ticarət yollarının keçdiyi ərazi hesab olunub. XIX əsrdən etibarən isə Dilican Qafqazın mühüm kurort və mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Bu gün Dilican Ermənistanda beynəlxalq forumların, siyasi müzakirələrin və qeyri-rəsmi görüşlərin keçirildiyi əsas məkanlardan biri sayılır.

Məhz buna görə Dilicanın görüş yeri kimi seçilməsi də təsadüfi görünmür.

Dilican Azərbaycanın mədəni yaddaşında


Dilican Azərbaycan üçün yalnız Ermənistanın bir şəhəri deyil. Bu, Azərbaycanın tarixi torpağı olmaqla yanaşı, həm də mədəni və ədəbi yaddaşımızın da bir hissəsi olub.

Sovet dövründə Bakı–Tiflis–İrəvan marşrutu üzrə hərəkət edən minlərlə azərbaycanlı üçün Dilican tanış və sevilən ünvan idi. Göyçə mahalına gedən yolların üzərində yerləşən bu bölgə Azərbaycan ziyalılarının, şairlərinin və aşıqlarının yaddaşında xüsusi yer tuturdu.

Göyçə aşıq mühiti, Aşıq Ələsgər ənənəsi, Qazax-Göyçə-Dilican xətti uzun illər vahid mədəni məkan kimi qəbul olunub.

Xalq şairi Səməd Vurğunun yaradıcılığında da bu bölgənin təbiəti, Qazax-Göyçə coğrafiyası və Qafqaz dağlarının romantik obrazları xüsusi yer tutur. Tədqiqatçılar onun Dilican dərəsinə və bu bölgənin təbiətinə xüsusi rəğbət bəslədiyini qeyd edirlər. Sitat:

Yenə gördüm səni, Dilcan dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir.
Ömür dedikləri bir karvan yolu,
Nə canlar gedərək, nə canlar gəlir.

Bu səbəbdən bu gün Dilicanda Azərbaycan dövlətinin ən yüksək səviyyəli nümayəndələrindən birinin görünməsi təkcə diplomatik hadisə deyil, həm də tarixi və mədəni mənalar daşıyan simvolik hadisədir.

Dilicandan gələn əsas mesaj

Əslində Dilicandan yayılan foto və videoların verdiyi əsas mesaj sadədir.

Müharibə başa çatıb.

İndi mübarizə sülhün şərtlərinin müəyyənləşdirilməsi uğrundadır.

Bu prosesdə təşəbbüs Bakıdadır.

Azərbaycan öz hərbi qələbəsini siyasi nəticəyə çevirmək üçün addım-addım irəliləyir. Ermənistan isə bütün çətinliklərə baxmayaraq həmin reallığı qəbul etmək istiqamətində hərəkət edir.

Paşinyanın seçkilərdə qalib gəlməsindən sonra baş tutan bu görüş göstərir ki, tərəflər sülh prosesini davam etdirmək niyyətindədirlər.


Dilicandakı görüşün ən mühüm nəticəsi də məhz budur.


Otuz ildən artıq davam edən münaqişədən, qanlı müharibələrdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər ilk dəfə olaraq müharibə məntiqindən çıxaraq birbaşa siyasi dialoq mərhələsinə daxil olur.

Bu isə təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni dövrün başlanğıcı ola bilər.