Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi davam edərsə, Moskva İrəvana qaz tədarükünün şərtlərinə yenidən baxa bilər.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə enerji təhlükəsizliyi üzrə ekspert İqor Yuşkov danışıb.

Ekspert bildirib ki, bu halda təbii qazın qiyməti 2-2,5 dəfə arta bilər ki, bu da Ermənistan iqtisadiyyatı üçün ciddi sarsıntı yaradacaq və inflyasiyanın sürətlənməsinə səbəb olacaq.

Yuşkovun sözlərinə görə, hazırda Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində üzv ölkələr üçün 30 faizlik ixrac rüsumu tətbiq edilmir. Lakin Ermənistan bu iqtisadi ittifaqdan çıxarsa, “Qazprom” həmin rüsumu ödəməli olacaq və nəticədə qazın qiyməti ən azı 30 faiz bahalaşacaq.

Ekspert qeyd edib ki, hazırda Ermənistana tətbiq edilən güzəşt məhz bu rüsumun ləğvi ilə bağlıdır. Əgər siyasi münasibətlər daha da pisləşərsə və ya Ermənistan Aİİ-ni tərk edərsə, mövcud müqavilənin ləğvi də gündəmə gələ bilər. Bu halda isə yeni müqavilə Avropa bazar qiymətlərinə uyğun formalaşdırıla bilər.

Yuşkovun iddiasına görə, belə bir ssenaridə qazın qiyməti Avropa birjalarındakı səviyyəyə - təxminən 520–550 dollar aralığına yüksələ bilər. Bu isə hazırkı 177 dollarla müqayisədə 2-2,5 dəfə artım deməkdir.

Ekspert əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mövcud razılaşmaların dəyişməyəcəyinə ümid etməsi siyasi münasibətlərin pisləşməsi fonunda real görünmür.

Onun sözlərinə görə, qazın bahalaşması yalnız enerji sektoruna deyil, bütövlükdə iqtisadiyyata təsir göstərəcək: elektrik enerjisi, istilik və isti su tarifləri artacaq, inflyasiya yüksələcək və kredit faizləri arta bilər. Nəticədə isə Ermənistanın ÜDM-də 10 faizdən çox azalma baş verə bilər.