
Azərbaycan və İran əsrlər boyu ortaq tarixi, mədəni və mənəvi dəyərləri bölüşən iki qonşu dövlətdir. Xalqlarımız arasında formalaşmış dostluq münasibətləri dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. Son illərdə qarşılıqlı hörmət, mehriban qonşuluq və qarşılıqlı maraqlar prinsipləri əsasında inkişaf edən münasibətlər regionda sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. İran Azərbaycanın mühüm qonşularından biri olmaqla yanaşı, regionun əsas siyasi və iqtisadi aktorlarından hesab edilir. Nəqliyyat, logistika, enerji, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına xidmət edir. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Azərbaycan və İranı Avrasiyanın mühüm tranzit qovşaqlarına çevirir.
Prezident İlham Əliyev və İran lideri Məsud Pezeşkian arasında formalaşan konstruktiv dialoq da münasibətlərin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verir. İki ölkə rəhbərliyinin siyasi iradəsi qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi və parlamentlərarası əməkdaşlığın genişlənməsinə şərait yaradır.Bu gün Azərbaycan və İran təkcə qonşu dövlətlər deyil, həm də regionun inkişafı, təhlükəsizliyi və rifahı naminə əməkdaşlıq edən tərəfdaşlardır. Parlamentlərarası əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq platformalarda aparılan dialoq münasibətlərin gələcəyi üçün müsbət perspektivlər yaradır.

Məhəmməd Baqer Qalibafın Bakıya səfəri də göstərir ki, Azərbaycan-İran münasibətləri qarşılıqlı hörmətə, mehriban qonşuluğa və ortaq maraqlara söykənən sağlam təməl üzərində inkişaf edir. Bu əlaqələrin daha da güclənməsi həm iki ölkənin xalqlarının rifahına, həm də bütövlükdə regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında İran rəsmisinin Bakı səfərinin pozitiv tərəflərinə toxunub:
“Azərbaycan və İran arasında münasibətlərin tarixi kifayət qədər qədimdir. Tarixin müxtəlif dövrlərində müəyyən məqamlar yaşansa da, hər iki ölkə uzun əsrlər boyu qonşuluq və qardaşlıq münasibətləri içərisində olub. Azərbaycan və İranı ortaq dini dəyərlər, mədəni yaxınlıq, tarixi bağlar, eləcə də geniş humanitar əlaqələr birləşdirir. Bu baxımdan qeyd olunan səfər xüsusi əhəmiyyət daşıyır və pozitiv rakursdan dəyərləndirilməlidir. Çünki belə təmaslar iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, mövcud məsələlərin dialoq yolu ilə həllinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Azərbaycan elə bir geosiyasi mövqedə yerləşir ki, onun qonşu dövlətlərlə sabit və konstruktiv münasibətlər qurması strateji əhəmiyyət kəsb edir. Xüsusilə İranla əlaqələrin inkişafı yalnız iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və iqtisadi inkişafı baxımından mühüm rol oynayır. Qarşılıqlı maraq doğuran məsələlərin dialoq və müzakirələr yolu ilə həll olunması münasibətlərin sağlam əsaslar üzərində qurulmasına xidmət edir. Bu kontekstdə Azərbaycanın son hadisələr zamanı İrana göstərdiyi humanitar dəstək də diqqətəlayiq diplomatik addım kimi qiymətləndirilə bilər. Belə təşəbbüslər dövlətlər arasında etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.
Hesab edirəm ki, Azərbaycan və İran arasında əlaqələrin qarşılıqlı hörmət, mehriban qonşuluq və hər iki xalqın maraqları əsasında inkişaf etməsi müsbət tendensiyadır. Bu münasibətlərin güclənməsi həm ikitərəfli əməkdaşlığa, həm də regionda sülh, təhlükəsizlik və iqtisadi rifahın möhkəmlənməsinə töhfə verə bilər”.
Cavanşir Abbaslı