İranın 25 milyard dollar məbləğində dondurulmuş aktivləri tam şəkildə sərbəst buraxılır.


Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İranın icraçı işlər üzrə vitse-prezidenti Məhəmməd Cəfər Qaim-Pənah IRNA agentliyinə verdiyi müsahibəsində bildirib.


Onun sözlərinə görə, İran və ABŞ arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Tehranın bloklanmış xarici aktivləri tamamilə sərbəst buraxılacaq, lakin bu proses mərhələli şəkildə həyata keçiriləcək.


Qaim-Pənah rəsmi Tehranın bu vəsaitlərin idarə olunması istiqamətində intensiv diplomatik addımlar atdığını vurğulayıb.


Vitse-prezident qeyd edib ki, Məhəmməd Baqer Qalibafın İranın danışıqlar qrupu ilə birlikdə Qətərə etdiyi rəsmi səfər məhz sözügedən aktivlərin gələcək taleyinin müəyyənləşdirilməsi və prosesin mexanizmlərinin dəqiqləşdirilməsi məqsədini daşıyıb.


İran rəsmisinin sözlərinə görə, dondurulmaqdan azad ediləcək vəsaitlərin ümumi həcmi təxminən 25 milyard dollar təşkil edəcək. O həmçinin xatırladıb ki, regionda müharibə təhlükəsinin aradan qaldırılması artıq əhali üzərindəki iqtisadi təzyiqi qismən azaltmağa imkan verib. Azad olunacaq vəsaitlər isə birbaşa ölkənin infrastruktur layihələrinin inkişafına yönəldiləcək.


İranın vitse-prezidenti sonda əlavə edib ki, nəqliyyat dəhlizlərinin, avtomobil yollarının və hava limanlarının inkişafı əhalinin rifahının yüksəlməsinə və insanların yaşam şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına ciddi töhfə verəcək.