Şimali Kipr Türk Cümhuriyyətinin Mətbuat Şurasının sədri Züleyha Karaman Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- 15 noyabrda Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 41-ci ildönümü qeyd edildi. Bu 41 il ərzində Şimali Kipr Türk Cümhuriyyətinin ən böyük uğurları nələr olub?

- Kıbrıs türkləri üçün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurulmasına qədər keçən müddət heç də asan olmadı. Qan, göz yaşı, kütləvi qırğınlar, köç və acılarla dolu illər yaşandı. ŞKTC, Kıbrıs türklərinin dünyada misli az görünən bir dirəniş və varoluş mübarizəsinin nəticəsi olaraq, 15 noyabr 1983-cü ildə quruldu. Bu il 15 noyabrda 41-ci ildönümü qürurla qeyd olundu.

Aralıq dənizində, “Mavi Vətən”də Türk Dünyasının bayraqdarına çevrilən ŞKTC Kıbrıs türklərinin azadlıq və suverenlik mübarizəsinin ən dəyərli əsəridir.

Kıbrıs türk xalqı əsarəti qəbul etməyərək, türklük şüurunu qoruyaraq, müstəqillikdən, azadlıqdan və Kıbrıs adasındakı bərabər hüquqlardan imtina etmədən çətin mübarizəsini davam etdirdi və bugünkü günə çatdı. Öz dövlətini quran Kıbrıs türkləri adada siyasi həll tapmaq üçün də daim cəhdlər göstərdilər. Lakin 50 ili ötən bu cəhdlər yunan tərəfinin vaxt uzatma taktikaları ilə nəticəsiz qaldı. Federal həll cəhdləri hər dəfə yunan tərəfinin kompromisə yanaşmayan mövqeyi səbəbindən uğursuz oldu. Nəhayət, 2021-ci ildə Kıbrıs türk tərəfi BMT masasına “iki dövlətli həll” yeni vizyonu ortaya qoydu.

Kıbrıs türk tərəfinin yeni vizyonu ŞKTC dövlətinin tanınmasını, Kıbrıs türk xalqının bərabər suverenlik və beynəlxalq status hüquqlarının təsdiq edilməsini nəzərdə tutur.

Ötən 41 ildə ŞKTC qurum və təşkilatları ilə daha da gücləndi. Ana Vətən Türkiyə Cümhuriyyətinin hər sahədə verdiyi qeyd-şərtsiz dəstəklə inkişafını davam etdirir.

Ali təhsil sahəsində böyük irəliləyiş əldə olunub. ŞKTC-də keyfiyyəti hər keçən gün artan universitetlərə dünyanın dörd bir yanından tələbələr gəlir, fərqli ölkələrdən müəllimlər dərs deyir. Turizm sahəsində də mühüm inkişaflar qeydə alınıb. Ölkənin əsas lokomotiv sektorları olan turizm və ali təhsil sahələrindəki irəliləyiş davam edir. Bütün bunlar illərlə tətbiq olunan haqsız embarqolara baxmayaraq, əldə edildi. Bu mənada Türk dünyasındakı qardaşlarının ŞKTC-yə göstərəcəyi dəstək daha da əhəmiyyətlidir.

Ana Vətən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 sentyabr 2022-ci ildə BMT-nin 77-ci Baş Assambleyasında beynəlxalq ictimaiyyəti ŞKTC-ni tanımağa dəvət edən tarixi çağırışı, ŞKTC üçün yeni bir prosesin başlanğıcı oldu. Prezident Ərdoğan 2023 və 2024-cü illərdə BMT-nin Baş Assambleyasındakı çıxışlarında da ŞKTC-nin tanınması və haqsız embarqoların qaldırılması çağırışını güclü şəkildə təkrarladı. ŞKTC üçün tarixi bir inkişaf isə 11 noyabr 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının 9-cu Zirvə toplantısında yaşandı. ŞKTC yekdilliklə TDT-yə müşahidəçi üzv qəbul edildi.

Bir həqiqət var ki, Türk dünyasındakı qardaşlarının verəcəyi dəyərli dəstək ŞKTC-nin illərdir qarşılaşdığı haqsızlıqları aşmasında yeni bir güc olacaq.

- Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz?

- Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında mədəni əlaqələr həmişə mövcud olub. Xüsusilə, 2000-ci illərdən etibarən iki qardaş ölkə arasında sosial, mədəni, iş və təhsil sahəsində yaxın münasibətlər inkişaf edərək artıb.

Xüsusilə, Azərbaycanın Qarabağ problemi səbəbindən iki qardaş ölkənin əlaqələri diplomatik baxımdan arzu olunan səviyyəyə çatmasa da, tarixi qardaşlıq bağları ilə mədəni əlaqələr hər ötən  gün güclənib.

2005-ci ilin avqust ayında Lefkoşadan Bakıya birbaşa uçuş həyata keçirilmişdi. O tarixi səfərdə ŞKTC-nin qurucu prezidenti Rauf Denktaş da Bakını ziyarət etmiş və bu hadisəni “qardaşların qucaqlaşması” kimi qiymətləndirmişdi. Artıq Azərbaycanın Qarabağ problemi həll edilib və yeni bir mərhələ başlayıb. Bunun işarələrini də görürük.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən 13-cü TÜRKPA toplantısı zamanı verdiyi açıqlamada “Azərbaycan olaraq ŞKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasını dəstəkləyirik. Bu, çox təbiidir. Çünki tarixi baxımdan ŞKTC Türk dünyasının bir hissəsidir. Orada yaşayan türklər bizim qardaşlarımızdır” ifadəsini işlədərək, ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv olması üçün Azərbaycanın fəal diplomatik səylər göstərdiyini bildirmişdi. Bu, ŞKTC-yə güclü bir qardaşlıq dəstəyi olub.

Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan Heydər Əliyev Mədəniyyət Mərkəzi ŞKTC-də fəaliyyət göstərir. Azərbaycandan olan tələbələr ŞKTC-dəki bir çox universitetdə təhsil alır, azərbaycanlı müəllimlər isə universitetlərdə dərs deyirlər.

Bundan əlavə, mərhum millət vəkili Qənirə Paşayeva müxtəlif səfərlər çərçivəsində ŞKTC-yə gəlib, olduğu hər mühitdə Kipr türklərinin səsi olub, Kiprin haqlı davasını güclü şəkildə müdafiə edib. Qənirə xanımı rəhmət və minnətlə anır, məkanının cənnət olmasını diləyirəm.

- ŞKTC prezidenti Ersin Tatar ötən il ilk dəfə Azərbaycana rəsmi səfər etdi. Bu səfərdən sonra hansı sahələrdə münasibətlər daha çox inkişaf etməyə başladı?

- Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatarın Bakı səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkə arasında yeni əlaqələrin yaranmasına qapı açan tarixi bir hadisə oldu. Cənab Tatarın Bakı səfərindən sonra Prezident İlham Əliyevin göstərişləri ilə iki qardaş ölkə arasında müxtəlif qurum və təşkilatların qarşılıqlı səfərləri nəzərəçarpacaq dərəcədə artdı. Bu qarşılıqlı səfərlərin artması qardaş xalqların bir-birini daha yaxından tanıması və anlaması baxımından çox əhəmiyyətlidir.

Azərbaycan Milli Məclisində Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun yaradılması ŞKTC-nin tanınması üçün tarixi bir dəstək xarakteri daşıyır. Parlament dostluq qruplarının qarşılıqlı səfərləri təşkil olundu. ŞKTC-nin baş naziri Ünal Üstel iş adamları ilə birlikdə Bakını ziyarət etdi və bu, tarixdə ilk dəfə baş verdi.

Kipr Türk Şəhid ailələrinin Azərbaycana səfərindən sonra, keçən ilin iyul ayında Qarabağ şəhidlərinin övladlarının ŞKTC-ni ziyarəti çox mənalı bir hadisə oldu. Azərbaycanın dəyərli sənətçiləri də ŞKTC-də sərgilər təşkil edirlər.

20 iyul Kipr Sülh Hərəkatı və 15 noyabr ŞKTC-nin yaradılmasının ildönümü tədbirlərində Azərbaycan parlamentinin yüksək səviyyəli iştirakı Kipr Türk xalqının azadlıq və müstəqillik coşqusunu bölüşmək baxımından çox mühüm idi.

2024-cü ilin 5-6 iyul tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ŞKTC prezidenti Ersin Tatar və ŞKTC xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak ediblər.

Bütün bu hadisələr ŞKTC və Azərbaycan arasındakı münasibətlərin möhkəm və ardıcıl şəkildə inkişaf etdiyini, ŞKTC-nin Türk Dünyasının ayrılmaz bir parçası olduğunu açıq şəkildə göstərir.

Azərbaycanın Qarabağ zəfərinin sevinc və qürurunu Kipr türkləri də ürəkdən paylaşdı.

- Artıq Türk Dövlətlərinin Ortaq Əlifbası yaradılıb. İndi isə ortaq bir dil, ortaq valyuta və ortaq ordu yaradılması müzakirə olunur. Sizcə, yeni bir Turanın qurulduğunu demək mümkündürmü? Türk dünyasının birliyi və güclənməsi üçün başqa hansı addımlar atılmalıdır?

- Türk dünyasının birliyi üçün 100 il əvvəl müjdəsi verilmiş müqəddəs fəaliyyətlərin şahidi oluruq. Bütün bunların Türk dünyasının birliyinə olan güclü inancın nəticələri və Turana gedən yolun inşası olduğunu deyə bilərəm. Türk dövlətlərinin əməkdaşlığı və güc birliyi üçün nələrin edilməli olduğunu İsmayıl bəy Qaspıralı 100 il əvvəl “Dildə, Fikirdə, İşdə Birlik” ideyasını rəhbər olaraq önümüzə qoymuşdu. İndi bu ideyanın tədricən həyata keçdiyini görürük.

Bundan əlavə, Prezident İlham Əliyev TÜRKPA-nın 13-cü Baş Assambleyasında etdiyi çıxışında belə demişdi:

“Gün gələcək, dünyanın bütün problemləri Türk Dövlətləri Təşkilatının məsləhətləri ilə həll olunacaq. Biz əməkdaşlıq və dostluq tərəfdarıyıq. Birliyimiz heç kimə qarşı deyil. Biz təhdid mənbəyi deyilik və olmayacağıq. Öz haqqımızı müdafiə edirik və bir-birimizə dəstək oluruq”.

Bu sözlər Türk dövlətlərinin dünyada yeni bir güc mərkəzi olduğunu ifadə edir.

Buna görə də Türk dünyasını təşkil edən dövlətlər bir-birinin problemlərini anlamalı, sahiblənməli və ortaq problemlərə birgə həll yolları təqdim etməlidirlər. Bu, Türk Dünyasını daha da gücləndirəcək və bu güc Turandır. Türk dövlətləri öz gücünün fərqində olmalı və hər səviyyədə qarşılıqlı səfərlər daha da inkişaf etdirilməlidir.

- Azərbaycanın Türk dünyasındakı mövqeyi və rolu haqqında nə deyə bilərsiniz?

- Türk Dünyasında birlik və bərabərliyin təmin edilməsində Azərbaycan sanki bir açar mövqeyindədir. Bu gün güc mərkəzinə çevrilmiş Türk Dövlətləri Təşkilatının (TDT) təməlini təşkil edən Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanıb. Bu, birlik yolunda atılan ilk addımlardan biri idi və Azərbaycan ev sahibliyində bu mühüm addım atılmışdı.

Türk Dünyası Birliyi yolunda illər ərzində atılan addımlar Naxçıvandan Şuşaya qədər geniş təsir göstərib. Azərbaycan Türkiyə ilə birlikdə Türk Dünyasının parlayan ulduzudur.

2024-cü ilin 5-6 iyul tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsində Prezident İlham Əliyevin çıxışı diqqət çəkmişdi. O, çıxışında 21-ci əsrin Türk Dünyasının inkişaf əsri olacağını vurğulayaraq, Azərbaycanın Türk Dünyasındakı mövqeyi və əhəmiyyəti haqqında önəmli mesajlar vermişdi.

Prezident İlham Əliyev o çıxışında belə demişdi:

“Azərbaycan hər zaman Türk dünyasını birləşdirmək, siyasi, iqtisadi və hərbi gücünü artırmaq və qlobal arenada güc mərkəzinə çevirmək üçün səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünyanın əsas güc mərkəzlərindən biri olmalıdır. Biz geniş bir coğrafiyanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında dəfələrlə sübut olunmuşdur. Zəngin təbii ehtiyatlarımız, bunların nəqli üçün müasir infrastrukturumuz, Orta Asiyanı, Qafqazı Aralıq dənizi və Qara dəniz limanlarına birləşdirən nəqliyyat dəhlizlərimiz, qədim və zəngin tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqımızın ənənəvi dəyərlərə olan bağlılığı və eyni etnik kökdən gəlməsi ölkələrimizi bir araya gətirir. 21-ci əsr Türk Dünyasının inkişaf əsri olmalıdır”.

Əminliklə deyə bilərik ki, başda Türkiyə olmaqla, Azərbaycanın da güclü dəstəyi ilə KKTC Türk Dünyasında daha görünən bir mövqe qazanıb.

Gözləntimiz odur ki, Türk dövlətləri KKTC ilə birbaşa təmas qursun və illərlə tətbiq olunan ədalətsiz və insanlıqdan kənar izolyasiyalara son vermək üçün KKTC ilə ticarət əlaqələr inkişaf etdirsin.

Qeyd etməliyik ki, Kiprdə həll yolunun açarı Kipr türklərinin suveren bərabərliyinin və adada iki ayrı dövlət, iki ayrı xalq olduğu reallığının hər kəs tərəfindən qəbul edilməsindən keçir.

Xalidə Gəray