Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) 18 iyun tarixində həyata keçirdiyi kütləvi hücumdan sonra Moskva vilayətinin Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodunun (NEZ) ən azı bir rezervuarının zədələndiyi peyk görüntülərində bəlli olub.
Kainat.tv xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Planet Labs" şirkətinin 20 iyun tarixində çəkdiyi görüntüdə çənlərdən birinin (alt sıra) qaraldığı, ehtimal ki, yanğının təsirini göstərir.
Həmin rezervuarın yaxınlığında (mərkəzdən sağda) böyük ehtimalla partlayışın təsirindən uçub getmiş rezervuar qapağı görünür. Diskşəkilli qapağın havaya uçduğu və rezervuardakı yanacağın alovlandığı anı əks etdirən video görüntülər artıq sosial şəbəkələrdə geniş yayılıb.
Qapağın havaya uçduğu həmin videonun reallığı daha əvvəl "BBC Verify" (fakt yoxlama xidməti) tərəfindən təsdiqlənib.
Xidmət şahidlərin üç fərqli rakursdan çəkdiyi video kadrları analiz edərək görüntülərin doğruluğunu müəyyən edib.
Son iki ildə Moskva regionuna edilən ən böyük hücum sayılan 18 iyun hadisəsindən sonra zavoda dəyən ziyanın xarakteri və miqyası barədə rəsmi qurumlar tərəfindən heç bir məlumat verilməyib. Rusiya Prezidentinin Administrasiyası (Kreml) da paytaxt regionuna edilən bu hücumla bağlı hər hansı bir şərh verməkdən boyun qaçırıb. //Musavat.com