
Milli Məclisin deputatı Ceyhun Məmmədov Musavat.com-a bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətin iqtisadi imkanlarının, idarəetmə qabiliyyətinin və sabit inkişaf modelinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr gələcəkdə ölkənin iqtisadi potensialını daha da artırır və artıracaq:
“Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramı və Azərbaycanın regional sülh təşəbbüsləri ölkənin strateji baxışının mühüm tərkib hissəsinə çevrilib. Bu proses cənab Prezident İlham Əliyevin xüsusi diqqət və dəstəyi ilə həyata keçirilir. Uzun illər işğal altında qalmış ərazilər azad edildikdən sonra Azərbaycan qarşısında iki mühüm vəzifə dayanırdı: dağıdılmış bölgələrin yenidən qurulması və həmin torpaqlara həyatın qaytarılması. Dövlət bu istiqamətdə qısa müddətdə misilsiz nəticələr əldə etməyə nail olub. Müharibədən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün təxminən 17 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu vəsait hesabına yollar, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, su təsərrüfatı obyektləri, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa edilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin miqyası təkcə bərpa işləri ilə məhdudlaşmır. Burada müasir şəhərsalma konsepsiyası əsasında “ağıllı şəhər” və “ağıllı kənd” modelləri tətbiq olunub. Bu gün artıq Böyük Qayıdış Proqramının real nəticələri görünməkdədir. Qarabağ və Şərqi Zəngəzurda 90 minə yaxın insan yaşayır, çalışır və fəaliyyət göstərir. Uzun illər yurd həsrəti ilə yaşayan insanların öz doğma torpaqlarına qayıtması Azərbaycanın həyata keçirdiyi siyasətin humanitar və sosial əhəmiyyətini nümayiş etdirir”.
Deputat qeyd edib ki, Qarabağın yenidən dirçəldilməsi yalnız ölkədaxili layihə deyil, həm də regional inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Azad edilmiş ərazilər beynəlxalq nəqliyyat və logistika marşrutlarının inkişafında, enerji və ticarət əlaqələrinin genişlənməsində yeni imkanlar yaradır:
"Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun bərpası bütövlükdə Cənubi Qafqazın iqtisadi xəritəsini dəyişdirə biləcək strateji proses kimi qiymətləndirilir. Diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın hərbi qələbədən sonra revanşist siyasət deyil, sülh gündəliyi ilə çıxış etməsidir. Azərbaycan müharibədən sonrakı dövrdə Ermənistanla münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslər irəli sürüb. Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsi dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanımasına, sərhədlərin toxunulmazlığına və gələcək əməkdaşlığa əsaslanır. Bu yanaşma Azərbaycanın regionun gələcəyinə baxışını açıq şəkildə ortaya qoyur. Cənubi Qafqaz əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı fayda məkanına çevrilməlidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri də məhz bu strategiyanın tərkib hissəsidir. İnkişaf etmiş infrastruktur, yeni iqtisadi imkanlar və geniş kommunikasiya şəbəkələri regionda uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir. Bu gün Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gücünü, iqtisadi potensialını və siyasi iradəsini nümayiş etdirən əsas inkişaf məkanlarından biridir. Burada həyata keçirilən layihələr yalnız keçmişin dağıntılarını aradan qaldırmır, həm də gələcəyin firavan və dayanıqlı regionunun təməlini yaradır".Etibar Seyidağa