Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanla münasibətlərə dair mühüm mesajlar verib.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, diplomat ABŞ-ın uzun illərdir Azərbaycanın etibarlı tərəfdaşı olduğunu vurğulayaraq bildirib:

"Amerika Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Son 35 il ərzində sülh və sabitliyin təmin olunması naminə investisiyaları, dialoqu və diplomatik səyləri dəstəkləmişik. Bu gün də daha əlaqəli, daha firavan və daha təhlükəsiz gələcək naminə birgə fəaliyyətimizi davam etdiririk."

Emi Karlon çıxışında Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.

Onun sözlərinə görə, sülh siyasi cəsarət və uzaqgörən liderlik tələb edir: "Sülh siyasi cəsarət tələb edir. Sülh liderlik tələb edir – elə bir liderlik ki, keçmiş incikliklərin hüdudlarından kənara baxa bilsin və gələcək nəsillərin miras ala biləcəyi daha yaxşı bir gələcəyi təsəvvür etsin. Amerikanın güc vasitəsilə sülhün mümkünlüyünə olan inamı 2025-ci il avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitinə zəmin yaratdı. Həmin gün Prezident Trampın və bütün dünyanın şahidliyi ilə Azərbaycan və Ermənistan onilliklərlə davam edən münaqişədən sonra yeni səhifə açmaq üçün tarixi fürsətdən istifadə etdilər. Onlar qarşıdurma ilə deyil, əlaqəlilik, əməkdaşlıq və rifahla xarakterizə olunan bir gələcək qurmaq öhdəliyini üzərlərinə götürdülər."

Diplomat vurğulayıb ki, əldə olunan sülhün dividendləri artıq görünməyə başlayıb:

"Bu sülhün yaratdığı imkanlar artıq özünü göstərməyə başlayıb. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), eləcə də yeni ABŞ–Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində biz birlikdə Cənubi Qafqazın əlaqəli və qlobal sistemə inteqrasiya olunmuş bir regiona çevrilməsi istiqamətində çalışırıq. Bu, Şərqlə Qərbi birləşdirən, ticarəti genişləndirən, enerji təhlükəsizliyini gücləndirən və iqtisadi inkişaf üçün yeni imkanlar yaradan bir baxışdır."

Karlon xatırladıb ki, bu ilin fevral ayında vitse-prezident Vens və Prezident İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üç əsas istiqamətə – regional əlaqəlilik, iqtisadi investisiyalar və innovasiya, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa söykənir.

O bildirib ki, ABŞ hökuməti və Amerika şirkətləri “Əsrin müqaviləsi”ndən başlayaraq Cənub Qaz Dəhlizinə qədər Azərbaycanın enerji sektorunun inkişafını daim dəstəkləyiblər: "Bu gün isə biz keçmiş əməkdaşlığımızın üzərində yeni mərhələ quraraq enerji sahəsinə yeni sərmayələr yatırır, süni intellekt texnologiyalarını tətbiq edir, məlumat mərkəzləri yaradır və qarşılıqlı rifahı təmin etmək məqsədilə digər qabaqcıl imkanları araşdırırıq."

Emi Karlon qeyd edib ki, söhbət uzaq perspektivlərdən deyil, artıq həyata keçirilən konkret layihələrdən gedir: "Bunlar uzaq gələcək üçün nəzərdə tutulmuş planlar deyil; biz bunları artıq bu gün həyata keçiririk. Ötən ay Bakı Enerji Həftəsi və ABŞ–Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri Azərbaycan tərəfdaşları ilə qabaqcıl materiallar, süni intellekt, bulud texnologiyaları və yeni nəsil texnologiyaların digər istiqamətləri üzrə 8 milyard dollardan artıq dəyərdə müqavilələr imzalayıblar. Bu investisiyalar, TRIPP təşəbbüsü və təhlükəsizlik sahəsində daha dərin əməkdaşlıq vasitəsilə biz Cənubi Qafqaz regionunu geri dönüşü olmayan bir sülh yoluna çıxara bilərik."

ABŞ diplomatının sözlərinə görə, Vaşinqton bu prosesdə Azərbaycan xalqını əsas tərəfdaşlarından biri hesab edir: "Biz bu məqsədə çatmaq yolunda Azərbaycan xalqını öz tərəfdaşımız kimi görürük."