Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı 40 günlük müdaxilə əməliyyatını təsdiqlədiyini açıqlayıb. O, qərarın general-mayor Yevhen Xmaranın Təhlükəsizlik Xidmətinin, xüsusən də “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin işi və uzun və orta müddətli sanksiya planlarının həyata keçirilməsi barədə hesabatından sonra verildiyini deyib.

Zelenski əməliyyatın məqsədinin Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olduğunu bildirib. O, həmçinin, qeyd edib ki, son aylarda Təhlükəsizlik Xidməti müxtəlif növ dronların istifadəsi sayəsində cəbhə xəttində yüksək effektivlik nümayiş etdirib və “Alfa” xüsusi təyinatlı qüvvələri bölməsi məhv edilən düşmənin şəxsi heyəti və texnikasının sayına görə liderdir.

Bu arada Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib ki, Putinin Kiyevə qarşı nüvə silahından istifadə məsələsi yalnız o halda gündəmə gələ bilər ki, Ukraynada Rusiya cəbhəsi çökməyə başlasın və Kreml rəhbəri öz hakimiyyətinin real təhlükə altında olduğuna qərar versin.

O qeyd edib ki, Ukrayna dronlarının və ya raketlərinin Moskvaya və ya Sankt-Peterburqa zərbələri səbəbindən Putinin dərhal nüvə silahına əl atacağından narahat olmağa dəyməz: “Nüvə silahından istifadə məsələsi yalnız Ukraynada, o cümlədən Krımda Rusiya cəbhəsinin çökməsi başlayanda və Putin öz rejiminə real təhlükə yarandığı qənaətinə gələndə ortaya çıxacaq. Məhz həmin vaxt nüvə zərbəsi endirib-endirməmək məsələsi gündəmə gələcək”.

Moskva 40 günə sülhə vadar edilə bilərmi?



Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Ukrayna rəhbərliyinin açıqlamaları hərbi bəyanatlar kimi görünür: “Söhbət təkcə 40 gündən getmir. Burada əsas məsələ Rusiyanın hərbi, iqtisadi və siyasi baxımdan kritik mərhələyə daxil olması ilə bağlı Qərbin və Kiyevin hesablamalarıdır. Bu rəqəmi hərfi mənada qəbul etmək düzgün olmazdı. Müasir müharibələrdə konkret tarix qoyaraq qarşı tərəfi təslim etdirmək praktik olaraq mümkün deyil.

Son aylar Ukraynanın taktikasında ciddi dəyişiklik müşahidə olunur. Əvvəllər əsas diqqət cəbhə xəttində müdafiəyə yönəlirdisə, indi prioritet Rusiyanın arxa cəbhəsində yerləşən hərbi aerodromlar, sursat anbarları, yanacaq bazaları, hərbi sənaye müəssisələri, logistika qovşaqları mütəmadi şəkildə zərbə altına salınır. Bu strategiyanın məqsədi əraziləri dərhal azad etmək deyil. Məqsəd Rusiyanın müharibə aparmaq imkanlarını tədricən sıradan çıxarmaqdır”.

Siyasi şərhçi deyib ki, bu gün Ukraynanın min kilometrlərlə məsafə qət edən uzaqmənzilli pilotsuz uçuş aparatları Rusiyanın ən dərin bölgələrində yerləşən hərbi obyektləri vurmağa qadirdir: “Bu o deməkdir ki, Rusiya artıq öz ərazisini tam təhlükəsiz hesab edə bilmir. Müasir müharibədə iqtisadiyyat da cəbhəyə çevrilib. Neft emalı zavodları, dəmir yolları, rabitə sistemləri və hərbi istehsal müəssisələri artıq legitim hərbi hədəf hesab olunur. Putin üçün əsas problem cəbhədə məğlubiyyətdən daha çox müharibənin uzanmasının yaratdığı yükdür.

Rusiya böyük insan resursuna malik olsa da, yüksək texnologiyalı silahların istehsalı üçün lazım olan komponentlərə çıxış əvvəlki qədər rahat deyil. Sanksiyalar dərhal nəticə vermir. Lakin uzunmüddətli perspektivdə onlar hərbi sənayenin inkişaf tempini aşağı salır. Üstəlik, pilotsuz aparatların kütləvi tətbiqi bahalı raket sistemlərinin üstünlüyünü müəyyən qədər neytrallaşdırmağa başlayıb. Hərbi baxımdan buna müsbət cavab vermək çətindir. Tarix göstərir ki, böyük dövlətlər qısa müddətdə təslim olmur. Hətta ağır itkilər belə siyasi rəhbərliyi dərhal danışıqlar masasına gətirmir.

Lakin başqa bir məqam var. Əgər həmin 40 gün ərzində Rusiya daxilində hərbi infrastruktur ciddi zərər görərsə, iqtisadi itkilər sürətlə artarsa, hərbi logistika pozularsa, beynəlxalq təzyiq güclənərsə, onda Kreml danışıqlara əvvəlkindən daha açıq yanaşa bilər. Bu isə müharibənin bitməsi deyil, yeni siyasi mərhələnin başlanğıcı demək olar”.

Siyasi şərhçi deyib ki, Rusiyanın nüvə silahından istifadəsi üçün əsas şərt Moskva və ya Sankt-Peterburqa dron zərbələri deyil: “Əsas hədd Rusiyanın Ukraynadakı hərbi cəbhəsinin çökməsi və Kremlin bunu hakimiyyət üçün ekzistensial təhlükə kimi qiymətləndirməsidir. Bu yanaşma müəyyən mənada Qərb ekspertlərinin qiymətləndirmələri ilə üst-üstə düşür. Çünki nüvə silahının tətbiqi Rusiyanın özü üçün də son dərəcə ağır siyasi və hərbi nəticələr doğura bilər.

Belə addım Rusiyanı beynəlxalq səviyyədə daha da təcrid edər və münaqişəni tamamilə yeni mərhələyə keçirər. Bir tərəfdə Rusiyanın hərbi potensialı, digər tərəfdə isə Ukraynanın Qərbdən aldığı texnologiyalar, maliyyə dəstəyi və kəşfiyyat imkanları dayanır. Buna görə də 40 günlük plan ilk növbədə psixoloji və strateji mesaj kimi qiymətləndirilə bilər. Ukrayna hələ də təşəbbüsü ələ almağa çalışır və müharibəni Rusiyanın daxilinə daşımaq niyyətindədir. Rusiyanın 40 gün ərzində sülhə məcbur ediləcəyini qəti şəkildə söyləmək mümkün deyil. Belə bir proqnoz hazırkı hərbi və siyasi reallıqlar fonunda əsaslandırılmış fakt kimi təqdim oluna bilməz.

Bununla belə, Ukraynanın uzaqmənzilli zərbə imkanlarının artması, Rusiyanın hərbi-logistika infrastrukturuna davamlı təzyiq və Qərbin dəstəyi müharibənin dinamikasına təsir göstərən mühüm amillərdir. Əgər qarşıdakı həftələrdə Ukrayna bu təzyiqi davam etdirə və Rusiya üçün hərbi-iqtisadi xərcləri artırmağa nail ola bilsə, Moskvanın danışıqlar mövqeyində dəyişiklik ehtimalı arta bilər. Ancaq bu, avtomatik olaraq müharibənin qısa müddətdə başa çatacağı anlamına gəlmir. Başqa sözlə, söhbət Putinin 40 günə məğlub edilməsindən yox, Kremlin strateji hesablamalarını dəyişməyə yönəlmiş yeni təzyiq mərhələsindən gedir. Geosiyasi proseslərin mürəkkəbliyi nəzərə alınarsa, müharibənin taleyini yalnız bir əməliyyatın və ya bir vaxt çərçivəsinin həll edəcəyini iddia etmək hələlik mümkün deyil”.
E.Məmmədəliyev