Modern.az Fazil Mustafanın cavab yazsını təqdim edir:
Siyasət yaşamımda qarşı-qarşıya durub savaşdığım iqtidarlar cəbhəsindən təsadüfən hansısa böhtan və təhqirlərlə qarşılaşdım. Həqiqətən nəhəng dövlət adamı olan Heydər Əliyev qədər mənim sərt üslubuma dözümlü yanaşan ikinci bir şəxsiyyətlə rastlaşmadım. Bütün təhqirlər, böhtanlar, qarayaxmalar çiyin-çiyinə mübarizə apardığım hərəkat, partiya yoldaşlarımdan gəldi. Halbuki məni siyasətdən uzaqlaşdırmaq məqsədi ilə döyüş bölgəsinə hərbi xidmətə göndərmək ideyası da bu insanlardan gəlirdi: iqtidar qarşısında şərt qoymuşdular ki, AXCP-nin “Yurd” qanadının iqtidarla gizli əməkdaşlığı üçün əsas maneçilik törədən şəxsi zərərsizləşdirməsəniz, birlikdəliyimiz baş tutmaya bilər!
Və bunu da gerçəkləşdirdilər. Lakin geri dönüşümdə gözlədiklərinin əksinə bir proses baş verdi. Dərhal Elçibəyçi Xalq Cəbhəsinə gəlib mübarizə dostlarımla halallaşdım, Xalq Cəbhəsi adından, Elçibəy adından heç vaxt istifadə etməyəcəyimi, bu təşkilatdan kimsəni özümlə aparmayacağımı və tamamilə yeni siyasi partiya yaradacağımı bəyan etdim. Siyasət əxlaqının bundan sağlam nümunəsi varsa, bu böhtançı şəbəkəsi məmnuniyyətlə dərhal mənə xatırlada bilər.

Böyük Quruluş Partiyasının qurucu toplantısında da bir fikri səsləndirdim: “Mənim liderim və müəllimim Elçibəy üç ildir ki, dünyasını dəyişib, ayrı-ayrı onun siyasi mirasını üzərinə götürdüyünü iddia edən liderlər yeniləşmə potensialına sahib deyildir, ona görə də biz bu mirasi onlara buraxaraq Azərbaycan naminə faydalı olan hansı taktiki addımlar varsa, onu da atacağıq. Artıq mənim öhdəliyim millətimin, dövlətimin, partiya üzvlərinin qarşısındadır. Və bir partiya lideri olaraq elə bir siyasət aparacağam ki, hansısa üzvümüz həbsxanada çilə çəkməyəcək, dövlətimizin güclənməsi, millətimizin aydınlanması üçün konstruktiv müxalifət missiyasını öz üzərimizə götürəcəyik. Hər məsələdə dialoqa önəm verəcək, Azərbaycan dövlətinin faydasına olanları kimin etməyinə baxmadan dəstəkləyəcək, zərərinə olaları isə tənqid edərək düzəldilməsinə çalışacağıq”.
Bu qədər şəffaf və dürüst davranış keçmiş hərəkat və cəbhə üzvlərini qane etmədi. Çünki alışmışdılar, dəyərli liderimiz Elçibəy Bütöv Azərbaycanın tezliklə qurulacağına inandırmışdı, dəyərli İsa Qəmbər: “Qələbə”yə qədər siz gəlin, sizi qələbəyə mən aparacam" demişdi; Əli Kərimli də deyirdi ki, ABŞ-dan, Avropadan söz veriblər ki, dağılışmayın, yaxınlarda bu iqtidarı götürüb hakimiyyəti bizə hədiyyə edəcəklər. İndi durub bu vədlərə inanmış hərəkatçıya, cəbhəçiyə deyəndə ki, Azərbaycanın taleyini, gələcəyini burada, bu məkanda, bu iqtidarla, bu müxalifətlə, üstəlik də maarifçilik mərhələsini keçməmiş bir xalqla demokratik cəmiyyət qurmanın çətinliklərini düşünərək çözməliyik, dərhal dönüb xəyanətdən, satqınlıqdan danışırlar. Ancaq uydurduqları əqidə adı ilə yanlış siyasət izləməklə mühacirətə, həbsxanaya, məhrumiyyətə göndərdikləri əksəriyyəti səmimi olan bu insanların taleyinə görə məsuliyyət daşımaqdan yayınırlar. Üstəlik də 2020-ci ildə Azərbaycanın bötüvləşməsinin mahiyyətini oxuya bilmədilər və yeni siyasi kurs izləməyə zəkaları və cəsarətləri çatmadı.
Ancaq sevindiricidir ki, məmləkətdə Ədalət Tahirzadə kimi də çevik insanlarımız var. Bir yerdə sadiq hərəkatçı kimi, digər yerdə siyasətdən uzaq ziyalı kimi, başqa yerdə də fədakar bir tədqiqatçı kimi görünə bilir. Və arada bizim də izlədiyimiz yolla bağlı iradlarını bildirərək ötən əsrin Meydanına qayıtmağı tövsiyə edir. Və bəlkə də unudur ki, o Meydanda artıq yeni reallıqlar yaşanır: Azərbaycan-Türkiyə-Pakistan birgə Zəfər Paradı keçirir. Və hələ də qəbul etmək istəmir ki, bu həm də Məhəmməd Əmin bəyin, Əbülfəz bəyin ruhlarının sevinclə iştirak etdiyi bir Zəfər Paradıdır.

Ötənlərdə yazmışam ki, Ədalət bəy Tahirzadə Meydan hərəkatı ilə bağlı yazdığı kitabda çıxışımı verir, ancaq adımı qeyd etmir. Əlbəttə, bunu təsadüfi saymadığımı da vurğulayıram. Cavab qismində adam deyə bilər ki, bu sırf təsadüfdür və növbəti nəşrlərdə düzəltmək mümkündür. Çünki tədqiqatçı əxlaqı deyilən bir anlayış var, gərək problem və prosesin ən əhəmiyyətli detallarını araşdırmağa səy göstərəsən.
Misal: Mərhum Nəsiman Yaqublu "Milli Azadlıq Hərəkatının Ensiklopediyası"nı hazırlarkən bir neçə dəfə zəng edərək o hadisələrin demək olar ki, böyük əksəriyyətinin təşkilatçısı və ya iştirakçısı olduğumdan bildiyim, saxladığım materialları ona verməyimi xahiş etmişdi. Mən də bütün əlyazmaları, mətnləri, çıxışları ona təqdim etmişdim və sonra da hamısını geri qaytarmışdı. Allah ruhunu şad etsin, maraqlı bir kitab ərsəyə gətirmiş oldu. Eyni işi Ədalət Tahirzadə də görə bilərdi, ancaq bu addımına mane olan çox ciddi bir səbəb varmış.
Kainat.tv