Ermənistan Baş naziri Nikol Paşinyan "Telecom Armenia" və "Azərtelekom" şirkətləri arasında imzalanmış və internet magistralının Azərbaycandan tranzit keçməklə Ermənistana ötürülməsini nəzərdə tutan tarixi müqaviləni şərh edib.

Kainat,tv Musavat.com-a istinadən xəbər verir ki, hökumətin iclasında çıxış edən baş nazir ölkəsinin regional layihələrdən təcrid olunmaq siyasətinə son qoymalı olduğunu və bu tranzit xəttinin Ermənistan üçün strateji əhəmiyyət daşıdığını bəyan edib. Paşinyan rəsmi Bakı ilə əldə olunmuş razılaşmanı müdafiə edərək deyib: "Biz hər zaman bəyan edirik ki, Ermənistan regional tranzit qovşağına çevrilməlidir. Ölkəmizdən nə qədər çox qlobal axın keçərsə, bizim iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Bu layihəyə qarşı çıxanlar, əslində, Ermənistanın daimi münaqişə dalanında və təcriddə qalmasını istəyənlərdir".

Baş nazirin sözlərinə görə, onun hökuməti tərəfindən irəli sürülən "Sülhün kəsişməsi" konsepsiyası ölkə ərazisindən şimaldan cənuba, şərqdən qərbə doğru mümkün qədər çox rabitə kabellərinin, boru kəmərlərinin, avtomobil yollarının, logistik marşrutların və hava xətlərinin keçməsini nəzərdə tutur. Paşinyan vurğulayıb ki, regional kommunikasiyaların açılması və qonşu dövlətlərlə, xüsusən də Azərbaycanla qarşılıqlı iqtisadi asılılığın yaradılması regionda uzunmüddətli sülhün və milli təhlükəsizliyin ən etibarlı təminatıdır.