Rusiya ilə mümkün müharibə ssenarilərinə qarşı NATO-nun şərq cinahı hərəkətə keçib. Ukraynadakı müharibə fonunda Baltikyanı ölkələr və Polşa Rusiyanın növbəti hədəfinin özləri olacağından narahatdır. Bu səbəblə bölgədə genişmiqyaslı müdafiə tədbirləri həyata keçirilir.

Kainat.tv “Haber 7”- yə istinadən xəbər verir ki, Polşa yeni sualtı qayıqlar hazırlayarkən, Baltikyanı ölkələr zirehli xəndək xətləri, müasir hücum katerləri və sərhəd maneələri tikirlər.

“NATO-nun zəif nöqtəsi” adlandırılan bölgədəki bu hərbi hazırlıq Moskvanın Ukraynadan sonrakı hərəkətlərinə qarşı çıxmaq üçün zamana qarşı kritik yarış kimi qiymətləndirilir.

Baltikyanı ölkələr dəniz qüvvələrini sürətlə gücləndirirlər. Xüsusi dizaynı ilə adi döyüş gəmiləri üçün əlçatmaz ərazilərdə fəaliyyət göstərməyə imkan verən katerlər 2026-cı ilin sonuna qədər Litva Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.



Sərhəddə “beton cəbhə” qurulur

ABŞ-da yerləşən qlobal müdafiə nəşri “Defense News”-un əldə etdiyi məlumata görə, Estoniya, Latviya və Litva min kilometrlik sərhədləri boyunca minlərlə xüsusi hərbi bunker, səngərlər, tank əleyhinə xəndəklər və sursat anbarlarının tikintisinə başlayıb. Region liderləri Ukraynada potensial atəşkəsdən sonra Moskvanın Baltikyanı ölkələrə üz tuta biləcəyindən narahatdırlar.



Rusiya 2 ilə yeni müharibəyə hazır ola bilər

Danimarka kəşfiyyatının hesabatına görə, Rusiya 6 ay içində lokal, 2 il içində regional, 5 il içində isə genişmiqyaslı Avropa müharibəsinə hazır ola bilər.

Finlandiya da geniş müdafiə tədbirləri həyata keçirən ölkələr sırasındadır, ölkədəki hərbi birləşmələr müdafiə xarakterli səngər döyüşlərinə hazırlaşır. Finlandiya sərhədçiləri Rusiyaya qarşı 200 kilometrlik sədd çəkməyə başlayıblar.

Hərbi ekspertlərin fikrincə, Baltikyanı ölkələr və Polşanın bu hazırlıqları nəinki Rusiyanı çəkindirəcək, həm də NATO-nun Şərq Cəbhəsinin etibarlılığını ortaya qoyacaq. //Publika.az