Son günlər Polşa prezidenti Anjey Dudanın verdiyi açıqlamalar maraqla qarşılanıb. İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında çıxışı zamanı bildirib ki, Polşa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləməyə hazırdır.

Polşanın Cənubi Qafqaz regionunda hansı maraqları var? Daha əvvəl fərqli güclər vasitəçilikdə maraqlı olduqlarını göstərmişdilər, lakin Polşa bu siyahıda yer almırdı.

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza və Rusiyanın geosiyasi maraqlarının olduğu digər bölgələrə transformasiya olunduğunu müşahidə edirik:

“Bu da qlobal güclərin geosiyasi maraqları ilə əlaqədardır. Hər bir ölkə baş verən proselərin içərisində öz ölkələri üçün geosiyasi dividentlər əldə etmək istəyir. Azərbaycan-Ermənistan münaqişəsinin başa çatması və sülh müqaviləsinin imzalanması perspektivdir. Hər bir ölkə bundan yararlanmağa, özləri üçün geosiyasi dividentlər əldə etməyə çalışır. Polşanın Azərbaycan-Ermənistan münasibətlərinə verə biləcəyi heç bir töhfə yoxdur. Məlum olduğu kimi 2025-ci ildə Avropa İttifaqı Şurasının sədrliyi Polşaya keçəcək. Bu baxımdan rəsmi Varşava belə açıqlamalarla prosesə töhfə vermək istədiyini göstərməyə çalışır. Hər hansı müqavilənin bağlanmasında Polşa payının olmasını istəyir. İndiyə qədər bütün vasitəçilik missiyaları sülh prosesinə müsbət təsir etməyib, əngəlləyici amil olub”.



 Natiq Miri

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan sülh prosesini ikili müstəvidə həyata keçirir:

“Bu da konkret nəticələr verir. Oturub danışıb, razılığa gələ bildikləri üçün üçüncü, dördüncü dövlətlərin prosesdə iştirakı arzuolunmaz hesab olunur. Hər iştirakçının konkret geosiyasi maraqları var, həmin maraqlar toqquşarsa, onu uzlaşdırmaq qeyri-mümkündür. Hər hansı bir vasitəçilikdən söhbət gedə bilməz. Azərbaycan və Ermənistan sülh müqaviləsi mətninin 90 faizini razlaşdırıblar. Yerdə qalan hissə strateji xarakter daşımır. Azərbaycan Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasının yer aldığı bəndlərin çıxarılmasını tələb edir. Bu tələb sülh sazişi mətninə daxil edilməyib. Ermənistan bu maneəni preambulanı dəyişdirməklə aşa bilər. 2027-ci ildə nəzərdə tutulan referendumu gözləmək lazım deyil”.