Belarus Prezidenti Aleksandr Lukaşenko bəşəriyyətin Üçüncü Dünya müharibəsi ərəfəsində olduğunu deyib. Onun açıqlaması Rusiya-Ukrayna müharibəsində vəziyyətin gərginləşdiyi bir vaxtda narahatlıqları artırıb. 

Bəzi ekspertlərin fikrincə, Lukaşenko əsasən Rusiya Prezidenti Vladimir Putinin şəxsən açıqlamadığı fikirləri dilə gətirir. Bu baxımdan Rusiya prezidenti ilə yaxın münasibətləri olan Belarus liderinin sözlərinə diqqət edilməlidir.

Aleksandr Lukaşenkonun çıxışı əslində Putinin dünyaya çağırışıdır?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu gün dünyada faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir:

“Birinci və İkinci Dünya savaşlarından fərqli olaraq budəfəki qlobal müharibə hazırda proksi xarakter daşıyır. Yəni güclü dövlətlər özlərini təhlükəyə atmadan təsir göstərə bildikləri aktorlardan istifadə edirlər. Məsələn, Qərbin, o cümlədən ABŞ-ın Şərqi Avropa, Yaxın Şərq və Cənubi Qafqaz siyasəti buna nümunədir.  Adıçəkilən ilk iki regionda müvafiq olaraq Ukrayna və İsraildən istifadə edilir. İndi eyni ssenari Cənubi Qafqazda təkrarlanır, Ermənistan yeni toqquşmaya sövq edilir.



 Kənan Novruzov

ABŞ və Fransa kimi dövlətlər belə gərginliklərdən istifadə etməklə həm silah sataraq pul qazanır, həm rəqiblərini zəiflədir, həm də fərqli bölgələrdə təsir imkanlarını artırırlar. NATO və Rusiyanın birbaşa müharibəyə başlamaq ehtimalı isə getdikcə artır. Bu baş verərsə, Üçüncü Dünya müharibəsi rəsmi şəkildə elan ediləcək. Belə bir ssenarinin qarşısının alınması isə xeyli dərəcədə ABŞ-ın yeni Prezidenti Donald Trampdan asılıdır”.