Məlum olduğu kimi son günlər Gürcüstan daxilində gərgin vəziyyət müşahidə edilir. Belə ki, Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qalib gəlməsi ölkədə birmənalı qarşılanmadı. Həmin gündən Gürcüstan Prezidenti Salome Zurabişvili xalqı seçki nəticələrini tanımamağa, aksiyalara səslədi. Nəticədə ölkədə etiraz aksiyaları davam edir.

Gürcüstan prezidenti son açıqlamasında xalqın böyük hissəsinin seçkilərin nəticəsini tanımadığı üçün yenidən seçkilərin keçirilməli olduğunu bildirib.

Zuabaşvili son rolunu oynayır, ya perspektiv üçün qollarını çırmayıb? Gürcüstan prezidenti çevriliş edə bilərmi? Onun inqilab ritorikası ölkəsində nəyi dəyişəcək?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Zurabişvili konkret missiya yerinə yetirir:

“Bu, Avropa İttifaqı və Fransa ilə koordinasiya edilir. Həmin siyasi əməliyyatın müəllifi, aparıcısı və idarəedicisi Fransadır. Proses Zurabişvili vasitəsilə həyata keçirilir. Gürcü Arzusu Partiyasının seçkilərdə qalib gəlməsində rəsmi Parisin yanlış siyasəti, Zurabişvilinin prosesə liderlik edə bilməməsinin nəticəsidir. Əgər Zurabişvili zamanında həbsdə olan Mixail Saakaşvilini azad etsəydi, bu gün Gürcüstanda fərqli nəticələr ortada olardı. Çünki Salome nə qədər inqilabi ruhda çağırışlar etsə də o, inqilabçı deyil. Saakaşvilini də özünün kölgədə qalmamsı üçün həbsdən çıxmasını istəmirdi. Fransa özünün siyasi aləti olan Zurabişvilini bu hərəkatın başında görmək istəyirdi. Lakin oyun daşa çatdı. Etirazların hansı istiqamətdə getməsi, nəticələrin əldə edilib-edilməməsi isə gürcü xalqından asılıdır”.



 Natiq Miri

Politoloqun sözlərinə görə, gürcü xalqı gələcək perspektivdə Salome Zurabişvilini hakimiyyətdə görmədiyi üçün “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qalib gəldi:

“Gürcü Arzusu adına böyük nəticələr yoxdur. Çox ciddi saxtakarlıqlar olub. Lakin prosesin bu cür məğlubiyyətə düçar olması Fransanın Zurabişvili kartı ilə əlaqədardır. Salomenin prosesi qələbəyə daşıması ehtimalı çox da böyük deyil. Etiraz dalğası müəyyən mənada səngiməkdədir. İnqilabi ruhda olmayan və bu işlərdə kasad olan Zurabişvili Saakaşvili deyil. Zamanında Saakaşvili azad edilmiş olsaydı, inqilab tam qələbə çalardı”.

Natiq Mirinin fikrincə, Zurabişvilinin son çırpıntısı Konstitusiya Məhkəməsinə seçki saxtakarlığı ilə bağlı müraciət etməsidir:

“Bu da Avropa İttifaqı ilə uyğunlaşdırılmış formada gedir. Aİ seçki məsələlərini araşdırmaq üçün Gürcüstana xüsusi nümayəndə heyəti göndərir. Bunlar bir-birini tamamlayan hadisələrdir”.