Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi postuna namizədliyini irəli sürməyə hazırlaşdığı iddia olunur.

Onun son dövrlərdə Serbiya, Macarıstan, Fransa və Qırğızıstana səfər edərək beynəlxalq fəallığını artırması xüsusi diqqət çəkib. Mətbuatda yayılan məlumata görə, Tokayevin BMT fəaliyyət təcrübəsi nəzərə alınaraq onun təşkilatın baş katibi vəzifəsinə keçmək hədəfinin olduğunu demək mümkündür.

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, bu iddialarda müəyyən qədər doğruluq payı ola bilər:

“Qazaxıstan prezidentinin səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Konstitusiyaya edilən son dəyişikliyə əsasən yenidən namizədliyini irəli sürə bilməz, həmçinin Tokayev özü də bunu istəmir. Həmin il BMT-yə də yeni baş katib seçilməlidir. Nəzərə alaq ki, Qazaxıstan prezidentinin təşkilatın Cenevrə ofisinin baş direktoru kimi təcrübəsi də var.

Tokayevin BMT baş katibi seçilməsi həm Rusiyada, həm Çində, həm də Qərbdə dəstəklənə bilər. O, hər üç tərəflə normal münasibətləri olan şəxsdir. Bu posta gəlməsi, eyni zamanda islam aləmində və türk dünyasında da müsbət qarşılanacaq, BMT sisteminə inamı gücləndirəcək”.



 Asif Nərimanlı

Ekspertin sözlərinə görə, hazırda təşkilatda mövcud sistemin dəyişməsi, xüsusilə Təhlükəsizlik Şurasının (TŞ) tərkibinin genişləndirilməsi məsələsi gündəmdədir:

“Hazırda TŞ-nin daimi üzvləri bunda maraqlı deyillər. Lakin zamanla məsələ həll ediləcək. Şura üzvləri arasında qlobal qarşıdurma fikir ayrılığını gücləndirir. Məsələn, Rusiya tərkibin genişləndirilməsi təklifinə dəstəyini açıqlayıb.

Tokayevin BMT baş katibi postuna mümkün təyinatı bu dəyişikliyi də özü ilə gətirə bilər. İstisna deyil ki, TŞ-nin tərkibinə sadəcə konkret ölkələr deyil, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də Qoşulmama Hərəkatını təmsil edən dövlətlər daxil olsun”.