Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi xalqımızın, xüsusilə yeni nəslin gələcək inkişafının hansı istiqamətdə müəyyən olunması baxımından tarixi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xalqı özünün yeni inkişaf tarixinə qədəm qoyub. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil ediləcəkdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir fürsətdir.
Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.
 
Aysel Mənsimova - politoloq