Polkovnik: “Ermənistanın bu şəkildə silahlanması bölgədə sülhə çox böyük təhdid yaradır”

Ermənistan riyakar sülh bəyanatları fonunda silahlanmağa davam edir. Onun əsas silah tədarükçüləri arasında isə Hindistan faktiki birinci yerə çıxıb. Bu da növbəti fakt.  

Ermənistan Müdafiə Nazirliyi Su-30MKI Flanker-H qırıcılarının, eləcə də onlar üçün xüsusi silahların partiyasını almaq məqsədi ilə Hindistanın təyyarə istehsalçısı HAL ilə danışıqlara başladığını açıqlayıb. Eyni zamanda, Ermənistan 5 ildir anbarda olan əlavə 8 Su-30SM Flanker-C sifarişini ləğv etmək niyyətindədir. Bu barədə “Avions Legendaires” yazıb.

Bu, Hindistanın öz Su-30MKI-ni ixrac etmək qərarından sonra ilk müqavilə olacaq. Ermənistanın qırıcı arsenalı hazırda 2019-cu ilin yazında alınan 4 Su-30SM Flanker-C və təxminən 15 köhnə Su-25K-dan ibarətdir. Lakin qırıcıları qəbul etdikdən bir neçə həftə sonra Ermənistan daha 8 Su-30SM sifariş etmək niyyətindədir.

Bildirilir ki, müqavilə məbləğinin 70%-ə qədəri qismən ödənilsə də, o vaxtdan bəri heç bir təyyarə gətirilməyib. Səbəb sadədir: onların heç birini istehsal edilməyib və bu günə qədər buraxılan Su-30-lar Rusiyanın öz ehtiyacları üçün göndərilib.

News.am qeyd edir ki, görünür 5 ildən sonra ermənilərin səbri tükənib və Rusiya nəinki müştərisini, həm də müttəfiqini itirə bilər. Beləcə, Ermənistan HAL ilə 8-dən 12-yə qədər Su-30MKI-nin tədarükü ilə bağlı danışıqlara başlayıb. Faktiki surətdə “Hindustan Aircraft Limited” Sukhoi" avansı ödəmək şərti ilə 8 yeni təyyarəni öz öhdəsinə götürəcək və 4 hazırkı Su-30SM-ni Su-30MKI standartına təkmilləşdirəcək.

“Super 30" proqramı kimi tanınan danışıqlar Astra 1 uzaqmənzilli hava-hava raketləri, ”Rudram 1" antiradar raketləri və SAAW idarə olunan bombaların bir partiyası ətrafında gedir. Hər üçü Hindistanda dizayn və istehsal edilib.

Bu nə qırıcılardır? Azərbaycanın Pakistandan aldığı hərbi təyyarələrdən hansısa üstünlüyü varmı?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”
 
Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsində məğlub olduqdan sonra Ermənistan dövlət büdcəsində orduya ayırmalar xeyli artırılmağa başlanıldı. 2025-ci il üçün Ermənistan silahlı qüvvələrinin büdcəsi 1,6 milyard dollara qədər artırılıb. Bu büdcə Ermənistan kimi kiçik dövlət üçün böyük məbləğdir. Orduya ayrılan vəsaitin böyük hissəsini silahlanmaya yönəldirlər. Ermənistan müharibədəki məğlubiyyətdən sonra qarşısına məqsəd qoyub ki, dağıdılmış bütün hərbi arsenalını bərpa etsin və gücləndirsin: “Əsasən də müdafiə silahlarından fərqli olaraq hücum silahları almağa üstünlük verir. Bu isə region üçün, xüsusən də Azərbaycan üçün təhlükədir. Ermənistanın bu şəkildə silahlanması bölgədə sülhə çox böyük təhdid yaradır. Çünki Ermənistan qonşu Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Ermənistan Türkiyəyə, Gürcüstana, İrana qarşı hərbi təxribatlar törətməz. Onların əsas məqsədi Azərbaycana qarşı hərbi hücum etməkdir. Özlərini buna hazırlayırlar. Hindistandan raketlər, qırıcı təyyarələr alınması istiqamətində atılan addımlar yalnız və yalnız bunun üçündür. Ermənistanın sülh müqaviləsini imzalamağı müxtəlif bəhanələrlə yubatması da ordusunun silahlandırılması və gücləndirilməsi üçün vaxt qazanmaq üçündür. İrəvan sülhə müqaviləsini imzalamağa hazır olduğunu tez-tez bəyan etsə də tamamilə qeyri-səmimidir. Onlar sülhə deyil, müharibəyə hazırlaşırlar. Hindistan almaq istədiyi qırıcı təyyarənin sürəti elə həddədir ki, Ermənistanın ərazisi üçün deyil. Ermənistan ərazisində həmin təyyarələrin uçuşlarını həyata keçirmək çətindir. Bu məqam da onu deməyə əsas verir ki, Ermənistan bu təyyarələri məhz Azərbaycan ərazisinə hücum məqsədilə alır. Artıq təyyarələr üçün raketlər də sifariş edilib”.

Ekspert vurğuladı ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan qırıcı təyyarələr və digər ağır hərbi texnikalar, raketlər almaq istiqamətində addımlarını izləyir: “Azərbaycan hərbi arsenalına son zamanlar elə silahlar daxil edilir və ediləcək ki, Ermənistanın əldə etdiyi silahların, texnikaların, təyyarələrin effekti sıfıra ensin. CP17 qırıcı təyyarələrini almaq üçün razılaşma var. Yaxın gələcəkdə həmin təyyarələr Azərbaycanda olacaq. CP17-lər həm kəşfiyyat xarakterli, həm bombardmançı, həm də qırıcı təyyarələrdir və hava hücumundan müdafiə sistemində istifadə olunur. Dördüncü nəsil təyyarədir. Bizim region üçün ən əlverişli, ən effektli təyyarələrdir. Bu təyyarəni Pakistanla Çin istehsal edir. Ermənistanın Hindistandan alacağı deyilən qırıcı təyyarədən üstün keyfiyyətlərə malikdir.  Hindistanla Pakistan arasında hərbi toqquşma olanda CP17 təyyarələri Hindistan hərbi hava qüvvələrini üstələmişdi. Bu faktdır”.

R.Məhərrəmov dedi ki, Ermənistan Cənubi Koreyadan tanklar almaq üçün də addımlar atır: “Həmin tanklar yüngül tanklar qrupuna daxil olsa da effektivliyi, sürəti yüksəkdir. Ancaq hələ ki, Seullla həmin tankların alınması istiqamətində aparılan danışıqların hansı nəticə verdiyi barədə məlumat verilməyib. Buna baxmayaraq Ermənistanın Cənubi Koreyadan müasir tanklar almaq planı da yaxşı niyyətlərdən xəbər vermir. Ermənistan nə zamansa həm havadan, həm qurudan Azərbaycan üzərinə hücuma keçmək niyyətini qeyd olunan addımları ilə ortaya qoymuş olur. Azərbaycan Ermənistanın bu şəkildə silahlanmasına qarşı lazımi bütün tədbirləri görməlidir. Azərbaycanın qurudan və havadan hücuma qarşı müdafiə sistemləri güclüdür. Ancaq mövcud güclə kifayətlənmək də olmaz. Daha da gücləndirilməlidir”.

Etibar SEYİDAĞA