Son zamanlar bəzi Qərb dövlətlərinin Ermənistanı hücum silahları ilə təmin etməsi fonunda bölgədə gərginlik artır. Rus hərbçilərinin Ermənistan-İran sərhədindən çıxarılması fonunda fərqli bir situasiya müşahidə edilir. Görünən odur ki, bölgədə baş verən bu hadisələrin iqtisadi, siyasi, hərbi müstəvidə də davamı olacaq.

Kainat.tv xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

“Faktiki olaraq bu gün bölgə uğrunda böyük dövlətlər aktiv mübarizə aparır. Bu mübarizə üç Cənubi Qafqaz ölkəsi, yəni Azərbaycan, Gürcüstan və Ermənistan üçün deyil. Bu, daha çox Cənubi Qafqaza sahib olmaq uğrunda gedən bir savaşdır”, - deyə o əlavə edib.
Polkovnik hesab edir ki, uzun illər Cənubi Qafqazda böyük nüfuza malik olan Rusiyanın zəiflədilərək bölgədən sıxışdırılıb çıxarılması istiqamətində addımlar atılır:

“Görünən birmənalı xətti məhz budur. Ermənistan artıq bu xətti üzrə gedir. Rusiya ilə bütün bağları qoparmadan Qərbə meyillənən rəsmi İrəvan yeni müttəfiqləri ilə münasibətləri daha da dərinləşdirir. Ermənistana verilən silahlar, sıx təmaslar bunu təsdiq edir”.


Üzeyir Cəfərova görə, bölgə uğrunda lokal toqquşmaların olması qaçılmazdır:

“Amma bu gərginlik getdikcə dərinləşəcək. Ermənistana 500 km-lik məsafəni vura biləcək silahların verilməsi prosesi bir qədər də qəlizləşdirəcək. Cənubi Koreyanın İrəvana göndərəcəyi tanklar, Hindistanın göndərdiyi silahlar məhz bu məqsədlərə xidmət edir”.
Ekspert bildirib ki, bütün bu təhdidlərə qarşı Azərbaycanın öz hərbi xərcləri artırması adekvat addım hesab edilir:

“Artıq Azərbaycan müdafiə və təhlükəsizlik üçün əlavə olaraq 1,7 milyard manat vəsait ayırır. Sözsüz ki, rəsmi Bakı bölgə üçün yarana biləcək təhlükələrə qarşı əlavə tədbirlər haqqında düşünür. Məhz Ermənistanın davamlı olaraq silahlanması adekvat addımların atılmasını zəruri edir”.