Kainat.tv bildirir ki, bunu ABŞ-nin Stenford Universitetinin erməni əslli professoru Artur Xaçikyan deyib.
Sözünə davam edən Xaçikyan bildirib ki, Türkiyə və Azərbaycan layihəni idarə edəcək: “Çox güman ki, əlavə maliyyələşdirmə Türkiyə və Azərbaycan şirkətləri tərəfindən təmin ediləcək. Onlar da layihəni idarə edəcək və inşa edəcəklər. Bu halda, Mehri faktiki olaraq Türkiyə və Azərbaycanın mülkiyyətinə çevrilir”.

Xaçikyana görə, TRIPP-in gələcək perspektivi bir neçə ssenari üzrə inkişaf edə bilər: 1. TRIPP Türkiyə, Azərbaycan, ABŞ və İsrailin maliyyə və siyasi nəzarəti altında həyata keçiriləcək. O halda bu, atəşkəsdən sonra İranın növbəti hədəflərindən biri ola bilər. 2. TRIPP yeni bir formula altında reallaşacaq: Rusiya, İran, ərəb ölkələri, Çin və digərləri yeni iştirakçılar qismində layihəyə qoşulacaq. 3. Layihə dayandırılacaq”.
Erməni təhlilçiyə görə, Ukraynadakı münaqişənin gedişi böyük əhəmiyyət kəsb edəcək. “Güc balansının dəyişməsi və bu münaqişənin nəticəsi qaçılmaz olaraq Cənubi Qafqazda nüfuz bölgüsünə təsir edəcək”.
Bəs üç variantdan hansı getdikcə daha böyük aktuallıq qazanmaqdadır? Doğrudanmı Azərbaycan və Türkiyə TRIPP-ə sərmayə yatıracaq?
Deputat Elşad Musayevə görə, TRİPP layihəsi Azərbaycanla Türkiyənin maraqlarına uyğundur, lakin Rusiya, Çin də bu layihədə həvəslidir. Onun fikrincə, Orta dəhliz beynəlxalq marşrutdur və bundan imtina edən tərəf itirəcək: "Hazırda TRİPP projesi iqtisadi və strateji əhəmiyyət kəsb edir. Amma siyasi element də az deyil. Deməli, Zəngəzur dəhlizi ciddi bir rəqabət mövzusudur. Amma layihənin dayandırılması inandırıcı görünmür. Bu mövzu ortaya atılan oyundur".

E.Musayevin firkincə, layihənin dayanması mümkün deyil: "Çünki Cənubi Qafqazda ciddi mübarizə gedir. Digər tərəfdən, Avropa ilə Çini birləşdirən layihədir. O halda, ABŞ təsir gücünü artırır. Odur ki, Qərb layihənin inkişafında maraqlı olmalıdır. Əgər bu proyekt baş tutmasa - hərçənd, istisna edirəm - ilk növbədə ABŞ üçün ciddi itki sayılacaq. Tramp iqtidarı ciddi problemlə üzləşib".
Qeyd edək ki, Ermənistan hökuməti ABŞ ilə TRIPP layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib. Sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb. Konstitusiya Məhkəməsinin sazişin Ermənistan Konstitusiyasına uyğunluğu barədə müsbət rəy verməsindən sonra o, ratifikasiya üçün parlamentə təqdim ediləcək. Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihənin tam həyata keçirilməsi üçün tərəflər daha iki sənəd – səhmdarlar arasında sazişi və layihənin inkişafı üzrə şirkətin nizamnaməsini də imzalamalıdır. //Musavat.com