Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.
Musavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Merts iyulun 21-də Prezident İlham Əliyevi rəsmi mərasimlə qəbul edəcək.

Danışıqlar zamanı enerji təhlükəsizliyi, strateji xammal, Azərbaycan-Ermənistan sülh prosesi və beynəlxalq təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir. Bu görüş təkcə növbəti diplomatik təmas deyil. O, Azərbaycan ilə Almaniya arasında son illər yüksələn siyasi dialoqun, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi dəyərləndirilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamov Musavat.com-a açıqlamasında diqqətə çatdırdı ki, Almaniya Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biridir:

"Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Lakin ikitərəfli münasibətlərin inkişafında əsas dönüş nöqtəsi 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Almaniyaya rəsmi səfəri olub. Məhz həmin səfərdən sonra siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr yeni mərhələyə qədəm qoyub.

Azərbaycan-Almaniya münasibətləri bu gün siyasi, iqtisadi, enerji, nəqliyyat, investisiya, elm, təhsil və mədəniyyət sahələrini əhatə edən geniş əməkdaşlıq gündəliyinə malikdir. İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi kökləri də mövcuddur. XIX əsrdə alman ailələrinin Göygöl, Şəmkir, Tovuz və Ağstafada məskunlaşması, üzümçülük və şərabçılığın inkişafına verdikləri töhfə bu münasibətlərin mühüm səhifələrindən biridir. Bu gün həmin bölgələrdə qorunub saxlanılan alman irsi və tarixi abidələr Azərbaycan cəmiyyətində hökm sürən tolerantlığın və multikultural dəyərlərin bariz nümunəsidir.
Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan Avropa üçün etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Xüsusilə Avropada enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan bu gün təkcə enerji ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırıb.

Eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycan mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Ölkəmizin coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu baxımdan Almaniya ilə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar formalaşıb".

Deputat onu da qeyd etdi ki, Almaniya hazırda Azərbaycanın Cənubi Qafqazda ən iri ticarət tərəfdaşlarından biridir:

“İki ölkə arasında ticarət dövriyyəsi son illərdə artaraq 1,7 milyard avronu ötüb. Almaniya şirkətlərinin iştirakı ilə Azərbaycanda 250-dən çox müəssisə fəaliyyət göstərir. Almaniyanın qabaqcıl sənaye texnologiyaları, innovasiya və yüksək texnologiyalar sahəsində təcrübəsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Bakı-Berlin münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində enerji, bərpa olunan enerji mənbələri, yaşıl hidrogen, sənaye əməkdaşlığı, nəqliyyat, logistika, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, innovasiya və investisiyalar sahəsində yeni layihələrin müzakirə olunacağı gözlənilir. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən "yaşıl enerji zonası" layihələri Almaniya şirkətləri üçün yeni investisiya imkanları yaradır. Bu gün Azərbaycan rəqəmsal transformasiya və innovativ iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atır. Almaniyanın sənaye, rəqəmsallaşma və texnologiya sahəsində zəngin təcrübəsi bu prosesə mühüm töhfə verə bilər. Eyni zamanda, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti alman investorları üçün yeni imkanlar açır.

Avropanın Cənubi Qafqaza marağının artdığı hazırkı geosiyasi şəraitdə Azərbaycan regionun sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin əsas təminatçılarından biri kimi çıxış edir. Məhz buna görə də Almaniya Azərbaycanı Cənubi Qafqazda etibarlı və strateji tərəfdaş kimi qiymətləndirir. Prezident İlham Əliyevin praqmatik və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırmış, Avropa ilə əməkdaşlığını qarşılıqlı hörmət və milli maraqlar əsasında inkişaf etdirib.

Mövcud qlobal geosiyasi dəyişikliklər yeni əməkdaşlıq formatlarının yaranmasını zəruri edir. Enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və sənaye kooperasiyası Bakı–Berlin əməkdaşlığına yeni strateji məzmun qazandırır. Prezident İlham Əliyevin Almaniyaya planlaşdırılan rəsmi səfəri də məhz bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişlənməsinə, yeni razılaşmaların əldə olunmasına və Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir".