Nəşrin məlumatına görə, Hindistanın Vadinar neft emalı zavodundan Rusiyaya 42 min ton benzin göndərilib. Bildirilir ki, “Rosneft” şirkəti həmin zavodun 49 faizinə sahibdir. Zavodda emal olunan neftin isə 90 faizdən çoxu Rusiyadan tədarük edilir.
Rusiya Hindistan vasitəsilə daxili tələbatını daha nə qədər ödəyə bilər? Bu vəziyyət Moskvanı Kiyevlə sülh danışıqlarına məcbur edə bilərmi?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Rusiya xarici bazardan yanacaq idxalını maliyyə imkanları olduğu müddətdə davam etdirəcək.
“Lakin bu amil Moskvanı Kiyevlə sülh danışıqlarına məcbur edəcək səviyyədə deyil. Ümumilikdə, Rusiyanın neft emalı gücünün təxminən 40 faizi Ukraynanın hücumları nəticəsində sıradan çıxarılıb. Buna baxmayaraq, ölkə hələ də daxili yanacaq tələbatının təxminən 60-70 faizini qarşılaya bilir.

Əziz Əlibəyli
Rusiya qeyri-müəyyən müddət ərzində idxal zəncirini davam etdirə bilər. Çünki dolayı ticarət imkanlarına malikdir. Rusiyaya birbaşa satış həyata keçirilmir, lakin beynəlxalq treyderlər vasitəsilə alqı-satqı davam edir. Bu, gizli logistika sistemi üzərindən həyata keçirilir. Rusiyanın kölgə donanmasına müəyyən zərbələr vurulsa da, bu, Kreml üçün həlledici təsir yaratmayıb. Ölkənin öz tanker donanması hələ də mövcuddur və kifayət qədər güclüdür.
Bundan başqa, Rusiyanın ciddi maliyyə resursları var. Məhz bu imkanlar ona müəyyən üstünlük qazandırır. Moskva buna güvənərək danışıqlara tələsmir. Hazırda ayda təxminən 400 min ton benzin idxal edəcəyi gözlənilir. Şübhəsiz ki, bu vəziyyət Rusiya üçün əlavə yük yaradır, lakin hələlik Kreml prosesi idarə edə bilir”.