
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan təhlükəsizlik qüvvələrinin Qarabağın dağlıq hissəsində keçirdiyi lokal antiterror əməliyyatlarından sonra burada yaşayan və separatçılıq əməlləri etmiş ermənilər könüllü olaraq bölgəni tərk edib. Azərbaycan bəyan edib ki, Qarabağda 40-50 min erməni yaşayıb. Erməni nazir isə 100 min olduğunu iddia edir. Artıq onlardan 40 min nəfərin vətəndaşlıq aldığını nəzərə alsaq, ermənilərin Qarabağa qayıdış iddialarına son qoyulduğunu demək olarmı? Çünki tez-tez bu mövzuda tədbirlər keçirir, çağırışlar olunur, “artsax”a qayıdışdan dəm vurulur...Məsələyə ekspertlərimizin olduqca maraqlı yanaşması var.
Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında öncə bildirdi ki, bu tip aşqlamaların həqiqət olmasına inanmır: “Əvvəla, onu qeyd edək ki, hətta Qarabağda olan 12 000 nəfərdən artıq Ermənistan hərbiçisini və ailə üzvlərini, həmçinin Qarabağa xarici ölkələrdən və Ermənistandan köçürülmüş erməni ailələrini də saysaq, onlar yerli qarabağlılarla bir yerdə 100 000 nəfər olmayacaq. Azərbaycan dövləti isə yalnız bizim qanunvericiliyə uyğun olaraq 1992-ci ilin yanvar ayının birinə qədər Qarabağda yaşamış şəxslərə və onların övladlarına vətədaşlıq verəcəyinə, daha doğrusu, vətəndaşlıqlarının bərpasına təminat vermişdi. Amma onlar bunu qəbul etmədilər. Etmədilər və bu halda Azərbaycana hansı statusla yaşayacaqları da bəlli olmadığı üçün köçüb getdilər. O da məlum idi ki, Qarabağda yaşayan yerli ermənilərin əksəriyyəti - bəlkə də hamısı - Ermənistan vətəndaşlığı almışdı. Çünki onlar Ermənistanın vətədaşı olmadan nə heç yerə gedə bilmirdi, nə dəvətəndaşlara məxsus olan hüquqlardan istifadə edə bilmirdi. Bu halda 40 000 nəfəri hardan tapıb vətədaşlıq verdilər? Bir halda ki, onların daha əvvəldən Ermənistan vətəndalığı var idi”.
S.Məmmədov digər bir məsələyə də diqqət çəkdi: “Ermənistan dövləti onların Ermənistan vətəndaşı olmasını ona görə gizlədirdi ki, qaçqın statusuna malik olsunlar. Bu, həm beynəlxalq kampaniya üçün vacib idi, həm də xüsusi fondlardan yardım ala bilsinlər. İndi isə sadəcə onların pasportlarını - və ya ölkədaxili identifikasiya kartını - şəxsiyyət vəsiqəsini - dəyişib, elan edirlər ki, Qarabağdan gəlmiş filan qədər şəxsə vətəndaşlıq verildi. Bu, onlara həm də gələcək üçün lazımdır, 100 000 rəqəmini legitimləşdimək üçün”. Ekspertin sözlərinə görə, hər halda onların Ermənistan vətəndaşı elan olunması o anlama gəlir ki, həmin şəxslər dərhal qaçqın statusunu itirirlər: “BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasının 1-ci maddəsinin C bölməsinin 3-cü bəndinə əsasən, Konvensiyanın müddəaları yeni vətəndaşlıq əldə edən və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edən şəxslərə şamil olunmur. Beləliklə, beynəlxalq hüququn yanaşması baxımından onlar BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasının və ona əlavə olunan protokolun müdafiəsi altına düşməyəcək. Yeri gəlmişkən, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza 1998-ci ildə vətəndaşlıq verildi və onlar da qaçqın statusunu itirdilər və adı gedən beynəlxalq Konvensiyanın müdafiəsindən məhrum oldular. Bununla belə, Konvensiyanın 1-ci maddəsinin C bölməsinin 1-ci bəndinə əsasən, mənşə ölkəsinin vətəndaşlığını itirmiş şəxs sonradan könüllü olaraq, onu yenidən əldə edə bilər. Yəni, hətta qaçqın statusunu itirmiş şəxsin sonradan mənşə ölkəsinə qayıtmaq və vətəndaşlığını bərpa etmək hüququ vardır”. Hüquqşünas hesab edir ki, buna görə də arxayınlaşmağa dəyməz: “Onlar istənilən əlverişli məqamda qayıtmaq barədə təşəbbüs göstərə bilərlər. Artıq mövcud olmayan qondarma qurumun, “hakimiyyət orqanlarını” saxlamaq cəhdi də bununla bağlıdır. “Artsax” mövzusu gündəlikdən çıxarılmır. Erməni lobbi təşkilatları, erməni lobbisinin təsirində olan və onlardan bəhrələnən çoxsaylı mərkəzlər, qurumlar, o cümlədən kilsə təşkilatları, qeyri-hökumət təşkilatları bu mövzunu gündəlikdən çıxarmaq niyyətində deyillər”. S.Məmmədov prosesi diqqətlə izlədiyini vurğuladı: “Yalnız son aylarda bir sıra şəbəkələr və koalisiyalar ermənilərin “tarixi vətənlərindən qovulması”, “erməni xalqına məxsus mədəni irsin məhv edilməsi” və s. ənənəvi mövzularda hesabatlar hazırlayıb yayıblar”.

Siyasi şərhçi Tural İsmayılov isə bildirdi ki, Azərbaycanın mövqeyi prizmasından yanaşdıqda, Ermənistan daxili işlər nazirinin açıqladığı rəqəmlər postmünaqişə dövründə formalaşan yeni demoqrafik və siyasi reallıqların göstəricisi kimi qiymətləndirilə bilər: “Qarabağdan köçmüş şəxslərin bir hissəsinin Ermənistan vətəndaşlığını qəbul etməsi onların hüquqi statusunu və sosial gələcəyini Ermənistan dövləti ilə əlaqələndirmək istiqamətində seçim etdiklərini göstərir. Bu isə Qarabağdan kənarda uzunmüddətli məskunlaşma tendensiyasının gücləndiyini göstərən amillərdən biri kimi dəyərləndirilə bilər. Bununla belə, bu faktın “Qarabağa qayıdış məsələsinə tamamilə son qoyuldu” kimi təqdim edilməsi ehtiyatlı yanaşma tələb edir. Çünki “qayıdış” anlayışı müxtəlif müstəvilərdə fərqli məna daşıyır. Hüquqi və faktiki reallıq bir məsələdir, siyasi ritorika isə başqa məsələdir”. T.İsmayılov qeyd etdi ki, Ermənistan daxilində və xaricdə fəaliyyət göstərən bəzi siyasi dairələrin bu mövzunu gündəmdə saxlamaq cəhdlərinin yaxın perspektivdə də davam edəcəyi istisna deyil: “Azərbaycanın rəsmi mövqeyi isə prinsipial olaraq fərqlidir. Rəsmi Bakı hesab edir ki, Qarabağ məsələsi ölkənin suverenliyi və ərazi bütövlüyü baxımından həll olunub və regionda yeni hüquqi-siyasi reallıq formalaşıb. Bu baxımdan, Azərbaycan üçün əsas məsələ “qayıdış” şüarları deyil, ölkənin suveren hüquqlarının tanınması və postmünaqişə dövründə sabitliyin möhkəmləndirilməsidir. Digər tərəfdən, Ermənistanın Qarabağdan köçmüş şəxsləri sürətlə vətəndaşlığa qəbul etməsi müəyyən siyasi mesaj daşıyır. Bu proses həmin insanların Ermənistan cəmiyyətinə inteqrasiyasını sürətləndirir və onların gələcəyinin məhz Ermənistan daxilində qurulmasına xidmət edir”. Siyasi ekspert rəsmi Bakının mövqeyinə diqqət çəkdi: “Azərbaycanın yanaşmasına görə, Qarabağda yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi ölkənin Konstitusiyası çərçivəsində təmin oluna bilərdi və bununla bağlı rəsmi Bakı dəfələrlə reinteqrasiya çağırışları etmişdi. Azərbaycanın uzun illər formalaşdırdığı multikulturalizm və dini-etnik tolerantlıq modeli də müxtəlif etnik və dini icmaların birgəyaşayış təcrübəsinə əsaslanır. Bu baxımdan, rəsmi Bakı hesab edir ki, etnik mənsubiyyət deyil, qanunlara hörmət və ölkənin suverenliyinin qəbul edilməsi əsas prinsipdir”. T.İsmayılov vurğuladı ki, eyni zamanda, Ermənistanın daxili siyasi gündəmində Qarabağ mövzusunun hələ də emosional və ideoloji yük daşıdığı müşahidə olunur: “Xüsusilə revanşist mövqedən çıxış edən müxalif siyasi qüvvələr və bəzi diaspor təşkilatları “qayıdış” məsələsini zaman-zaman yenidən gündəmə gətirərək onu siyasi mobilizasiya vasitəsinə çevirməyə çalışırlar. Bu yanaşma iki ölkə arasında etimadın möhkəmlənməsinə və sülh gündəliyinin irəliləməsinə xidmət etmir. Əksinə, postmünaqişə dövründə formalaşmış reallıqlar fonunda köhnə siyasi narrativlərin saxlanılması regionda normallaşma prosesini çətinləşdirən amillərdən biri kimi qiymətləndirilə bilər”.
E.Paşasoy