Milli Məclisin deputatı Aydın Mirzəzadə Kainat.tv-yə açıqlamasında bildirib ki, coğrafi mövqelərimizin və tarixi inkişaf mərhələlərimizin fərqli olmasına baxmayaraq, Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq gündən-günə genişlənir:
“Hazırkı mərhələdə bu tərəfdaşlığın təkcə müəyyən istiqamətlərlə məhdudlaşmadığı, müxtəlif sahələri əhatə etdiyi müşahidə olunur. Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfərə dəvət olunması da Berlinin siyasi və iqtisadi çevrələrinin Bakı ilə əlaqələri daha da möhkəmləndirmək niyyətində olduğunu göstərir. Azərbaycan isə bu əməkdaşlığın inkişafında maraqlıdır və buna hazırdır. Ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan tərəfdaşlardan biridir. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl addımlar atılır, xarici investisiya layihələrinə xüsusi önəm verilir. Artıq Avropanın müxtəlif ölkələrində Azərbaycan sərmayəsi hesabına fəaliyyət göstərən layihələr və müəssisələr mövcuddur.”Deputat qeyd edib ki, tərəflərin əsas məqsədi ikitərəfli münasibətləri daha da inkişaf etdirmək, dövlət idarəçiliyi və strateji əməkdaşlıq sahələrində ortaq maraqları genişləndirmək, eləcə də yeni birgə layihələr üzrə fikir mübadiləsi aparmaqdır:
“Prezidentin Almaniyaya səfərinin ilk günündə Şərq İqtisadi Komitəsinin rəhbəri ilə keçirdiyi görüş göstərdi ki, iqtisadi əməkdaşlıq artıq yalnız enerji sektoru ilə məhdudlaşmır və yeni istiqamətlər üzrə inkişaf edir. Hesab edirəm ki, dövlət başçısının Almaniyaya səfəri uğurlu nəticələrlə yadda qalacaq. Almaniya dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olmaqla yanaşı, qlobal proseslərə təsir imkanları geniş olan ölkələrdəndir və xarici siyasətdə prinsipial mövqeyi ilə seçilir. Gələcəkdə Azərbaycan–Almaniya münasibətlərinin yalnız iki ölkə arasındakı əlaqələrlə kifayətlənməyəcəyi, eyni zamanda Avropa ilə Asiya arasında, eləcə də inkişaf etmiş dövlətlərlə orta güc ölkələri arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.”
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
“Almaniya Avropanın ən güclü iqtisadiyyatına malik dövləti olmaqla yanaşı, Avropa İttifaqının siyasi qərarlarının formalaşmasında da əsas söz sahibidir. Bu baxımdan səfərin həm ikitərəfli münasibətlər, həm də Azərbaycanın Avropa ilə əməkdaşlığı baxımından mühüm əhəmiyyət daşıdığı görünür. Son illər Azərbaycan ilə Almaniya arasında siyasi dialoq daha intensiv xarakter alıb və bu səfər həmin prosesin davamı kimi qiymətləndirilə bilər. Görüşlərdə enerji təhlükəsizliyi, yaşıl enerji, iqtisadi əməkdaşlıq, sənaye, nəqliyyat-logistika və regional təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir. Hazırda Avropa enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirir və Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş kimi qəbul edilir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edən Azərbaycanın Almaniya ilə enerji sahəsində əlaqələri daha da genişlənə bilər. Xüsusilə bərpa olunan enerji, Xəzər dənizində külək enerjisi layihələri və “yaşıl enerji”nin Avropa bazarlarına ixracı istiqamətində yeni əməkdaşlıq imkanlarının müzakirə olunması real görünür”.O diqqətə çatdırıb ki, iqtisadi sahədə də bu səfərin mühüm nəticələr verməsi mümkündür:
“Almaniya yüksək texnologiyalar, sənaye, maşınqayırma və innovasiya sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Alman şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiyalarının artırılması, sənaye parklarında yeni layihələrin həyata keçirilməsi və rəqəmsal transformasiya istiqamətində əməkdaşlığın genişlənməsi gündəmdə ola bilər. Ticarət dövriyyəsinin artırılması da əsas hədəflərdən biri hesab olunur. Azərbaycan Avropa bazarına ixrac imkanlarını genişləndirmək, Almaniya isə Cənubi Qafqazda iqtisadi mövqeyini gücləndirmək niyyətindədir. Bu baxımdan qarşılıqlı maraqlar kifayət qədər üst-üstə düşür. Səfərin siyasi əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Almaniya Avropa İttifaqının aparıcı üzvlərindən biri kimi regionda baş verən prosesləri yaxından izləyir. Azərbaycan isə postmünaqişə dövründə regionda formalaşan yeni reallıqları beynəlxalq tərəfdaşlarına daha dolğun şəkildə çatdırmağa çalışır. Görüşlər zamanı regional təhlükəsizlik, sülh prosesi və Cənubi Qafqazda sabitliyin təmin olunması ilə bağlı məsələlərin də müzakirə ediləcəyi gözlənilir”.